Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2765/2025 18.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs X1) qarşı “xx.xx.2011-ci il tarixli 261 nömrəli sərəncamın ləğvi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 4282 nömrəli sərəncamı ilə Gəncə-Yevlax yolundakı yanacaq doldurma məntəqəsinin yaxınlığındakı mövcud köşklərin yanında 2.0x3.0 m ölçüdə torpaq sahəsinin ayrılması və həmin ölçüdə yüngül konstruksiyadan müvəqqəti ticarət köşkü qoymasına icazə verilməsi qərara alınmışdır. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2011-ci il tarixli 261 nömrəli sərəncamı ilə Gəncə-Bakı avtomobil-yolunda yerləşən “Gəncə-Petrol” yanacaqdoldurma məntəqəsinin arxa tərərfindəki 0,91 ha torpaq sahəsində X2 tərəfindən inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə icazə verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində cavabdehə müraciət edərək xx.xx.2011-ci il tarixli 261 nömrəli sərəncamın ləğvini xahiş etmiş, iddiaçının müraciəti cavabdeh orqan tərəfindən cavablandırılmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəpəz rayon icra başçısının xx.xx.2011-ci il tarixli,261 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində ərizə təqdim edərək, əmrin ləğvinə dair müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2011-ci il tarixli 261 nömrəli sərəncamından qanunda nəzərdə tutulmuş müddəti üzürlü səbəbdən buraxmışdır. İddiaçı məhkəmə iclasın gəlmiş, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2011-ci il tarixli 261 nömrəli sərəncamının ləğv edilməsi məqsədini güdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara münasibətdə iddia müddəti 30 gün müəyyən olunmuşdur. Müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı iş üzrə materiallardan görünür ki, 27 avqust 2011-ci il tarixli 261 nömrəli sərəncam iddiaçı tərəfindən yalnız 13 il 5 aydan sonra, yəni 2025-ci ildə mübahisələndirilmiş və bununla da yuxarıda istinad olunmuş normada nəzərdə tutulan 30 günlük müddət ötürülmuşdür. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin buraxılması səbəbini isə sərəncamından qanunda nəzərdə tutulmuş müddətini üzürlü səbəbdən buraxması ilə əsaslandırmışdır. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iş materiallarına əlavə edilmiş çıxarışlar ilə həmin torpağa hüququnun olduğuna istinad etsə də, həmin çıxarışların aid olduğu torpaq sahəsinin mübahisə edilən torpaq sahəsi ilə eyni olmasına dair hər-hansı sübut təqdim edə bilməmiş, mübahisələndirilən xx.xx.2011-ci il tarixli 261 nömrəli sərəncamın onun hüququna toxunmasına dair əsaslı dəlil məhkəməyə təqdim etməmişdir. Beləliklə də, mübahisəli torpaq sahəsi (təsərrüfatın) hər bir halda iddiaçıya aid olması barədə hüquq müəyyənedici sənədlər yoxdur, yəni bir növ iddiaçı iddia etdiyi torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmiş, həmçinin sərəncamın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı “Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 27 avqust 2011-ci il tarixli 261 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2765/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2765/2025
18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver