Məhkəmə qərarları › İş №2-1(114)-2768/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2768/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2768/2023 23.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı protokol və onun əsasında qəbul edilmiş sənədlərin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 aid hissədə Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli 74 nömrəli iclas protokolunun və onun əsasında verilmiş digər bütün sənədlərin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli 74 saylı iclas protokoluna əsasən ona Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisindən 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona verildiyi vaxtdan bu günə qədər istifadəsində və sahibliyindədir. Sonradan yəni Şəmkir Rayon Məhkəməsi tərəfindən məhkəmə bildirişi ünvanlandıqdan sonra ona məlum olmuşdur ki, Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli 74 saylı iclas protokoluna əsasən ona verilmiş torpaq sahəsinə dair X2 adına 15 dekabr 2021-ci il tarixli ********** qeydiyyat və **********10 reyestr nömrəli çıxarış verilmişdir. Bununla bağlı verilmiş müvafiq sorğular nəticəsində məlum olmuşdur ki, X5 həmin torpaq sahəsini X3 08 dekabr 2021-ci il tarixli 3M-987 reyestr nömrəli müqavilə əsasında öz adına rəsmiləşdirmişdir. Daha sonra o da məlum olmuşdur ki, X7 həmin torpaq sahəsini miras əmlak kimi əldə etmişdir. X8 Filialının iki arayışı mövcuddur ki, həmin arayışlar da bir-biri ilə yalnız şəxslərin adı hissəsində fərqlənir. Yəni həm Qabil Əliyevə, həm də ona verilmiş torpaq sahələrinin verilməsinə əsas olmuş iclas protokolunun tarixi, nömrəsi tam eynidir. Sözügedən torpaq sahəsi ilə bağlı vergilər tərəfindən qarşılanmışdır. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İşin məhkəmə hazırlıq iclası 23 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili iddia müddətinin bərpa edilməsi barədə ərizə təqdim edərək müddətin bərpa edilməsini və tələbin təmin edilməsini xahiş etmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda mübahisələndirilən Şəmkir rayon XDS Rəyasət Heyətinin 16 iyul 1995-ci il tarixli 74 nömrəli iclas protokolu ilə eyni torpaq sahəsi iddiaçı ilə X6 verilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə İddiaçı Cavabdehnə qarşı protokol və onun əsasında qəbul edilmiş sənədlərin ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Odur ki, hazırki halda qeyd olunan iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı protokol və onun əsasında qəbul edilmiş sənədlərin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar