Məhkəmə qərarları › İş №2-1(114)-2776/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2776/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2776/2023 20.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.2002-ci il tarixli ZE ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dövlət Sərhəd Xidməti “Qubadlı” Sərhəd Korpusunda hərbi xidmət keçmişdir.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissə xx.xx.2021ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Dövlət Sərhəd Xidməti qeyd olunan hərbi hissəni təhvil alarkən o artıq həmin hərbi hissədə xidmət edirdi. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hər hansı bir ödənişlərin aparılması imkan xaricindədir.

3. İddiaçı istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə, Nazirliyin xx.xx.2023-cü il tarixli 3-25-8/2-H-2xx-xx/2023 nömrəli məktubu ilə cavab verilərək bildirilmişdir ki, N nömrəli hərbi hissədən aldıqları məlumata əsasən N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya xx.xx.2019-cu il tarixdə 6N,68 manat məbləğində onun ABB-nin Şəmkir filialında olan AZ26İBAZ******************** nömrəli bank hesabına köçürülmüşdür. Bundan əlavə 2020-ci il sentyabr ayının 29-dan dekabr ayının 25-dək olan müddət ərzində istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ona ödənilməsi üçün N nömrəli hərbi hissədə bu məqsəd üçün yaradılmış müvafiq komissiyaya müraciət etməlidir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 4119 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun sonuncu xidmət yeri Dövlət Sərhəd Xidməti olduğu üçün onun xidmət dövründə istifadə etmədiyi məzuniyyət əvəzi pul kompensasiyası Dövlət Sərhəd Xidməti tərəfindən ödənilməlidir.

5. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 9846 nömrəli cavab məktubuna əlavə edilmiş: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 129 nömrəli əmrindən arxiv çıxarışında qeyd olunmuşdur ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborun 8-ci motoatıcı bölüyünün 3-cü motoatıcı tağımının komandiri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 30 yanvar 2021-ci il tarixli 178 şh nömrəli əmri ilə səfərbərlikdən ehtiyata tərxis edilmiş hesab edilmiş, 2021-ci ilin hesabından 15 (on beş) gün müddətinə məzuniyyət verilməklə 17 fevral 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilməsi, İddiaçı 2021-ci ilin yanvar ayındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatının tam həcmdə ödənilməsi, 2021-ci il nəzərdə tutulmuş maddi yardımın ödənilməsi, 2021-ci ilin növbəti məzuniyyətindən tam istifadə etməsi, 1 (bir) misli vəzifə maaşı həcmində əlavə pul təminatının ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 942 nömrəli arayışından məlum olur ki, baş leytenant İddiaçı N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbəti məzuniyyətdən istifadə etməmişdir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 3N2 nömrəli cavab məktubunda bildirilmişdir ki, "Vətən müharibəsi" zamanı səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmış iddiaçı hərbi vəzifəli ehtiyatda olan baş leytenant İddiaçı 30 sentyabr 2020-ci il tarixindən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş 26 dekabr 2020-cü il tarixdə həmin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinə göndərilmişdir. "Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 123-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti zabitlərin xidmət etdikləri hər tam ay üçün - 3,75 gün hesablanır. Belə ki, ehtiyatda olan baş leytenant İddiaçı xidmət keçdiyi müddət üçün (iki tam ay üçün) 7,5 gün məzuniyyət hesablanır. Qeyd olunanları nəzərə alaraq ehtiyatda olan baş leytenant İddiaçı sənədlərlə N nömrəli hərbi hissənin istifadə edilməmiş məzuniyyət əvəzi kompensasiyanın ödənişi üzrə komissiyasına müraciət etdiyi halda baxılacaq.

7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığının xx.xx.2023-cü il tarixli 11008 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı aid Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilmiş arxiv çıxarışlar 11 sentyabr 2023-cü il tarixdə 9846 nömrəli xaricolma məktubu ilə məhkəmənin ünvanına göndərilmişdir. Əlavə olaraq bildirilir ki, N nömrəli hərbi hissə müharibə dövründə yarandığı üçün hal-hazırda fəaliyyət göstərmir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək istifadə etmədiyi məzuniyyətə görə verilməli olan komoensasiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan baş-leytenant rütbəsində zabitdir. 44 günlük vətən müharibəsində xx.xx.2020-ci il tarixdən çağırılmış və qeydiyyata düşmüşdür. N saylı hərbi hissənin tamamlanma bölüyü N saylı hərbi hissədə 6cı bölük 1-ci tağım komandiri vəzifəsində olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. O, məlum səbəblərdən müharibə dövrü olduğu üçün məzuniyyətindən istifadə etməmişdir. Azərbaycan Respublikasının qanunları ilə qorunan hüquqları pozulmuşdur. Belə ki, dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və bir neçə hərbi hissəyə müraciət etsə də, ona rəsmi qaydada müxtəlif bəhanələrlə imtina məktubları verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etyməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. Cavabdeh orqan tərəfindən məhkəməyə iddiaya qarşı yazılı münasibət ünvanlanmış və onunla əsaslandırılmışdır ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq komissiyaların rəyi əsasında verilir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən iddiaçıya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiyaların səlahiyyətlərinə aid olmadığından, cavabdehin məktubunda iddiaçıya izah olunub ki, digər qoşun növlərində xidmət etdiyi üçün həmin qurumun müvafiq komissiyasına müraciət etməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. Bu səbəbdən iddiaçının istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanması məsələsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən komissiyalar tərəfindən hesablanmalıdır. Həmçinin bildirilir ki, iddiaçı ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, Müdafiə Nazirliyi tərəfindən ona sonuncu xidmət yeri olan Dövlət Sərhəd Xidmətinin tabeliyində yaradılmış komissiyaya müraciət etməsi tövsiyə olunmuşdur. Yəni, inzibati orqan tərəfindən iddiaçıya imtina olunmamışdır.

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, ehtiyatda olan zabit kimi Vətən müharibəsinin başlanması ilə bağlı elan edilmiş qismən səfərbərliklə əlaqədar ehtiyatdan çağırılmış və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2020-xx.xx.2021-ci il tarixədək isə N nömrəli hərbi hissədə idmət etmişdir. Həm N saylı, həm də N7 saylı hərbi hissələr Müdafiə Nazirliyinin balansında olmuşdur. N saylı hərbi hissə müharibə dövründə yaradılmış hərbi hissə olduğundan müharibə bitdikdən sonra ləğv edilmiş, N7 saylı hərbi hissə isə Qubadlı rayonunda sərhəddə yerləşdiyindən 01 yanvar 2021-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrdə xidmət etdiyindən hesab edir ki, həmin dövr üçün istifadə etmədiyi məzuniyyət əvəzi kompensasiya da məhz Müdafiə Nazirliyi tərəfindən ödənilməlidir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2002-ci il tarixli ZE ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-8/2-H- 2xx-xx/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 4119 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 9846 nömrəli cavab məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 129 nömrəli əmrindən arxiv çıxarışı və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 942 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-ü il tarixli 3N2 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığının xx.xx.2023-cü il tarixli 11008 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

25. İddiaçı 2020-ci ildə istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, Nazirliyin xx.xx.2023-cü il tarixli 3-25-8/2-H-2xx-xx/2023 nömrəli məktubu ilə onun müraciətinə cavab verilərək bildirilmişdir ki, 2020-ci il sentyabr ayının 29-dan dekabr ayının 25-dək olan müddət ərzində istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ona ödənilməsi üçün N nömrəli hərbi hissədə bu məqsəd üçün yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 4119 nömrəli cavab məktubunda isə bildirilmişdir ki, onun sonuncu xidmət yeri Dövlət Sərhəd Xidməti olduğu üçün onun xidmət dövründə istifadə etmədiyi məzuniyyət əvəzi pul kompensasiyası Dövlət Sərhəd Xidməti tərəfindən ödənilməlidir.

26. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.

27. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Dövlət Sərhəd Xidməti “Qubadlı” Sərhəd Korpusunda hərbi xidmət keçmişdir. Sözügedən hərbi hissələr iddiaçı xidməti etdiyi dövrdə Müdafiə Nazirliyinin balansında olmuş, N saylı hərbi hissə müharibə dövründə yaradılmış hərbi hissə olmuşvə mühribədən sonra ləğv edilmiş, N nömrəli hərbi hissə isə xx.xx.2021-ci il tarixdən Dövlət Sərhəd Xidmətinin tərkibinə keçmişdir.

28. İddiaçı 2021-ci ilin növbəti məzuniyyətindən tam istifadə etmiş, 2020-ci ilin məzuniyyətindən isə istifadə etməmişdir.

29. Cavabdeh inzibati orqan iddiaçının sonuncu xidmət yerinin Dövlət Sərhəd Xidməti olduğunu əsas gətirərək, iddiaçının istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın həmin orqanın tabeliyində fəaliyyət göstərən komissiya tərəfindən ödənilməli olduğunu qeyd etsə də, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, N nömrəli hərbi hissə xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyi tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. Dövlət Sərhəd Xidməti qeyd olunan hərbi hissəni təhvil alarkən o artıq həmin hərbi hissədə xidmət edirdi. Qeyd olunanları nəzərə alaraq iddiaçının xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hər hansı bir ödənişlərin aparılması imkan xaricindədir.

30. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məzuniyyətdən istifadə etmədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində Müdafiə Nazirliyinin tərkibində olmuş N və N nömrəli hərbi hissələrdə xidmət etdiyindən iddiaçının istifadə etmədiyi məzuniyyətə görə kompensasiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödənilməlidir.

31. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli fərmanı ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnaməyə və “Hərbi Qulluqçuların Statusu Haqqında” Qanuna dəyişiklik edilərək xidmət illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsinə dair hüquqi norma salınmışdır.

32. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslar) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir.

33. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.

34. Azərbaycan Respublikası Konistitutsiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

35. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.

36. Azərbaycan Respublikası xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnaməyə görə: Bəənd 123. Həqiqi hərbi xidmətə ehtiyatdan könüllü və ya çağırışla qəbul edilmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi xidmətə qəbul edildikləri ildə (həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları ildə) məzuniyyətin müddəti aşağıdakı kimi hesablanır: müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət etdiyi hər tam ay üçün — 2,5 gün; gizirlərin və miçmanların xidmət etdikləri hər tam ay üçün — 3,0 gün; zabitlərin xidmət etdikləri hər tam ay üçün — 3, 75 gün.

37. Azərbaycan Respublikası Konistitutsiyasının 37-ci maddəsinə əsasən hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsilə işləyənlərin qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

38. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir.

39. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konistitutsiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xidmət etdiyi dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məzuniyyətdən istifadə etmədiyindən, yuxarıda salananmış qanunvericilik normalarının tələbləri ona şamil edilməklə iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən istifadə etmədiyi 2020-ci ilin növbəti məzuniyyətinə görə kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən istifadə etmədiyi 2020-ci ilin növbəti məzuniyyətinə görə kompensasiyanın N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istifadə etmədiyi növbəti məzuniyyətin əvəzi olaraq kompensasiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar