Məhkəmə qərarları › İş №2-1(114)-2777/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2777/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2777/2023 21.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 79-26 nömrəli arayışına əsasən 1958-ci il təvəllüdlü istefada olan gizir İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əsgər kimi, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək kursant kimi, xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən (hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədilməsinə görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Sovet Ordusu N nömrəli hərbi hissədə, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X1 Kombinatında, xx.xx.1991-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Baş Tikinti İstehsalat İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 9 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işləmişdir.

4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli imtina cavabı verilərək bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçasına və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən sığorta stajı 20 il 1N ay 9 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (N il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.

5. Məhkəmənin sorğusu ilə əldə edilmiş "xxxx" ASC-nin nizamnaməsindən məlum olur ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D-3471 saylı şəhadətnaməsi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq “Azərqazbaştikinti” İstehsalat İdarəsinin tərkibinə daxil olan bu nizamnaməyə əlavədə göstərilən müəssisələrin bazasında yaradılmışdır və onların hüquqi varisidir.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********379800 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC (VÖEN: **********) “Azərqazbaştikinti” İstehsalat İdarəsinin tərkibinə daxil olan və nizamnaməsinə əlavədə göstərilən müəssisələrin çevrilməsi nəticəsində onların bazasında yaradılmış və onların hüquqi varisidir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqazbaştikinti İstehsalat İdarəsinin "xxxx" ASC-də 4-cü dərəcəli çilingər işlədiyini və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 saylı İTQİdə 5-ci dərəcəli çilingər peşəsində işlədiyini nəzərə alaraq həmin illəri sığorta stajına daxil etməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. 65 yaşı tamam olanda yaşa görə əmək pensiyasına çıxmaq üçün müraciət etmişdir. Cavabdeh orqan olan DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı N il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Cavabdeh orqan onun təqdim etdiyi sənədlər əsasında sığorta stajını 20 il 1N ay 9 gün hesablamışdır. Əslində isə onun sığorta stajı 28 ildən artıqdır. Cavabdeh onun sığorta stajını hesablayarkən əsassız olaraq əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək , xx.xx.1999-cu il il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğunu, yəni eyni xətt və eyni qələmlə yazıldığını bəhanə göstərərək həmin dövrü sığorta stajına daxil etməmişdir. Bildirir ki, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanunsuzdur və onun hüquqlarını məhdudlaşdırır. Əmək kitabçasında həmin qeydlərin eyni qələmlə yazılmasını ancaq ekspertiza müəyyən edə bilər. Əmək kitabçasındakı qeyd həmin dövrlərdə işləmiş şəxs tərəfindən də yazıla bilərdi. O, xx.xx.1991-ci il tarixdə Azəriqazbaştikinti istehsalat idarəsinin "xxxx"ASC-nə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə öz ərizəsi ilə işdən azad olaraq 1-ci Qarabağ müharibəsinə getmişdir. 1999-cu ildə ordudan tərxis olunaraq xx.xx.1999-cu il tarixdə yenidən həmin cəmiyyətə (bu dəfə adı dəyişirilmişdir) "xxxx" ASC-nin 9 saylı İTQi-nə 5-ci dərəcəli cilingər peşəsinə qəbul edilərək, xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Onun həqiqətən həmin illərdə orada işlədiyini onunla birlikdə işləmiş şahidlər də təsdiq edə bilərlər. O, döyüşlərdə olarkən yaralanmışdır. Lakin həmin vaxt əlillik almaq üçün lazımı yerlərə müraciət etməmişdir. Hazırda ağır xəstədir, maddi cəhətdən imkanı çox çətindir. Cavabdeh orqan əsassız imtina verməklə onun vəziyyətini daha da ağırlaşdırmışdır. Hesab edir ki, qeyd olunan illər onun sığorta stajına daxil edilməklə mənə əmək pensiyası təyin edilməlidir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

19. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1991xx.xx.1992-ci illərdə Azəriqaz Dövlət Şirkəti Az.paz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində və xx.xx.1999-xx.xx.2005-ci illərdə "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

20. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

22. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, o, xx.xx.1958-ci il tarixdə anadan olmuş və qanunla müəyyən edilmiş pensiya yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. xx.xx.1987-ci il tarixli ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı mübahisələndirilməyən sığorta stajı 20 il 1N ay 9 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Az.paz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi illərdir. İddiaçının ******* nömrəli əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (eyni xətt və eyni qələmlə yazıldığından) həmin dövrün mötəbərliyinə əsaslı şübhə olduğundan sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilməmişdir.

23. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış. Üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 79-26 nömrəli arayışı; - İddiaçıya məxsus xx.xx.1987-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası; - Məhkəmənin sorğusu ilə əldə edilmiş "xxxx" ASC-nin nizamnaməsi; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********379800 nömrəli cavab məktubu; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu.

Əsaslandırma hissəsi:

Vl. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının əmək kitabçasının doldurulma qaydasının pozulması xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Az.paz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi dövrlərə aid qeydlərin eyni xətt və eyni qələmlə yazılması və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması səbəbindən ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.

27. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini əsassız hesab edir.

28. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı N il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

34. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı N il sığorta stajına malik olması.

35. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2023-cü il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.

36. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan N il sığorta stajına malik olması isə iş materialları ilə öz təsdiqini tapır.

37. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Sovet Ordusu N nömrəli hərbi hissədə (1 il N ay N gün), xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X1 Kombinatında (2 il 5 ay 7 gün), xx.xx.1991-cü il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Baş Tikinti İstehsalat İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində (1 il 5 ay 21 gün) və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 9 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində (5 il 8 ay 29 gün) işləmişdir.

38. Bundan əlavə, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 18 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (1 il 3 ay 27 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək (6 il 1N ay 6 gün) və xx.xx.1992-ci il tarixdən xx.xx.1999cu il tarixədək (6 il 7 ay) müddəti də vardır ki, o da nəzərə alınan zaman iddiaçının sığorta stajının N ildən çox (27 il 8 ay 18 gün) olması müəyyən edilir.

39. Məhkəmə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Az.paz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında qeyd olunan məlumatların mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut sayılır.

40. Həmçinin, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

41. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X2) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.

44. İddiaçı da qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir.

45. Cavabdeh orqan mübahisələndilən dövr üzrə əmək kitabçasına aparılmış qeydlərin eyni xətt və eyni qələmlə yazıldığını əsas gətirməklə, həmin dövrü iddiaçının sosial sığorta stajına daxil etməmişdir.

46. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, əmək kitabçasının doldurulması işçi tərəfindən deyil, işəgötürən tərəfindən həyata keçirildiyindən onun eyni xətt və eyni qələmlə yazılması iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Əmək kitabçasının düzgün tərtib olunması işəgötürənin məsuliyyət sferasına aiddir. Ona görə həmin hal iddiaçının sosial təminat hüquqlarının pozulmasına səbəb ola bilməz.

47. Digər tərəfdən, məhkəmənin sorğusu ilə əldə edilmiş "xxxx" ASC-nin Nizamnaməsindən məlum olur ki, cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin D-3471 saylı şəhadətnaməsi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının 208-İQ nömrəli 1996-cı il 29 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq “Azərqazbaştikinti” İstehsalat İdarəsinin tərkibinə daxil olan bu nizamnaməyə əlavədə göstərilən müəssisələrin bazasında yaradılmışdır və onların hüquqi varisidir.

48. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********379800 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC (VÖEN: **********) “Azərqazbaştikinti” İstehsalat İdarəsinin tərkibinə daxil olan və nizamnaməsinə əlavədə göstərilən müəssisələrin çevrilməsi nəticəsində onların bazasında yaradılmış və onların hüquqi varisidir.

49. Göründüyü kimi, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan N il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur.

50. Bununla da, “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri – yaş həddi (65 yaş) və N il sığorta stajı iddiaçıya münasibətdə tam ödənildiyi üçün o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.

51. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

52. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azəriqaz Dövlət Şirkəti Az.paz.baş tikinti istehsalat idarəsinin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 4-cü dərəcəli çilingər və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin 9 nömrəli İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, N2) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar