Məhkəmə qərarları › İş №2-1(114)-2777/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2777/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2777/2025 07.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı «artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı «artıq ödənilmiş vəsaitin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən 473,98 manat artıq ödənilmiş vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar çıxarılması xahiş edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sığorta edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə daxil edilmiş X3 (SSN: **********309) aid haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında yenidən baxılmışdır. Qeyd olunur ki, sığortaolunan T.Həsənovaya aid 30 iyun 2022-ci il tarixli SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı ********************471107 nömrəli haqq-hesab cədvəlinə təkrar baxış keçirilən zaman müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən haqq-hesab cədvəli altsistemə daxil edilərkən əmək qabiliyyətinin olmaması vərəqəsinin “İşdən azad edilir” hissəsində son tarix 14 avqust 2022-ci il olduğu halda haqq-hesab cədvəlinin “Sığortaolunan haqqında məlumatların daxil edilməsi” bölməsində səhv olaraq xx.xx.2022-ci il qeyd edilmiş və haqq-hesab cədvəli tərəflərindən emal edilərək xx.xx.2022-ci ildə ödənişə göndərilmişdir. Bu səbəbdən sığortaolunanın "xxxx" ASC-nin Göygöl fillalındakı ******************** nömrəli hesabına ödənilmiş 1133.43 manat müavinətdən 473,98 manat artıq müavinət ödənilmişdir. Yaranmış mübahisə məhkəmədən kənar həllini tapmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etiraz ərizəsi ünvanlamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini Cavabdehnə ünvanlanan xx.xx.2024-cü il tarixli məktub, SN 00007 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surəti, haqq-hesab cədvəlindən çıxarışın surəti və müavinətin hesablanması barədə məlumatlar təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə diqqətə çatdırır ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Nəzərə alınmalıdır ki, mübahisənin mahiyyəti inzibati orqan tərəfindən artıq ödənilmiş müavinətin geri qaytarılmalı olmasıdır. Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin aparılması, o cümlədən müavinətlərin verilməsi dövlət orqanının icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrindən və ya əqdlərindən deyil, fiziki və ya hüquqi şəxslərə münasibətdə hakimiyyət xarakterli faktiki fəaliyyətindən irəli gəlir. Hazırkı iddianın qaldırılması “Sosial sığorta haqqında” Qanunun 29-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 116-cı bəndinə uyğundur. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən haqq-hesab cədvəli altsistemə daxil edilərkən əmək qabiliyyətinin olmaması vərəqəsinin “işdən azad edilir” hissəsində son tarix xx.xx.2022-ci il olduğu halda haqq-hesab cədvəlinin “sığortaolunan haqqında məlumatların daxil edilməsi” bölməsində səhv olaraq xx.xx.2022ci İl qeyd edilmiş və haqq-hesab cədvəli tərəflərindən emal edilərək xx.xx.2022-ci il tarixində ödənişə göndərilmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən artıq ödəniş həyata keçirilmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi iləmüəyyən edilir. Maddə 29. Mübahisələrə baxılması Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin Qeyd hissəsi: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: Bənd 1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1 Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Müavinətin məbləği və hesablanması bu Əsasnamənin İİ hissəsində, təyin edilməsi və ödənilməsi isə Vİİ hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bənd 6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bənd 116. Artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnaməyə 1 nömrəli əlavənin qeydi: Haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə görə fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilat məsulİyyət daşıyır. Qanunvericliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığorta edənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” ilə tənzimlənir. Sözügedən Əsasnamənin 116-cı hissəsinə əsasən artıq verilmiş müavinət məbləğinin müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulduğu birbaşa qeyd olunmuşdur. Əgər, sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Əsasnamənin 119-cu və 123-cü hissələrinə əsasən müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Göründüyü kimi, müavinətin artıq ödənilməsinə səbəb müəssisədir və işçi müəssisədə işləmirsə, yəni sığortaolunana hər hansı təsir mexanizmi yoxdursa həmin müavinəti geri qaytarmaq müəssisənin vəzifəsidir. Həmçinin, Əsasnaməyə 1 nömrəli əlavənin qeydində haqq-hesab cədvəlində göstərilən məlumatlara, o cümlədən məcburi dövlət sosial sığorta haqqı hesabına verilən müavinətə və fiziki şəxslərin gəlir vergisinin hesablanmış məbləğinin dəqiqliyinə görə işəgötürən müəssisə və təşkilatın məsuliyyət daşıdığı göstərilmişdir. Hazırda da iddiaçı tərəfindən cavabdehin yanlış məlumatları üzrə artıq ödəmə həyata keçirildiyindən həmin məbləğin cavabdehdən tutulması qanuni və əsaslı olar. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehndən 473,98 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar