Məhkəmə qərarları › İş №2-1(114)-2778/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2778/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2778/2023 28.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və ona məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 13a ünvanında yerləşən 17 saylı mənzildə yaşayır. 06 noyabr 1992-cü ildə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən ona 4 nəfərlik ailə üzvünə görə mənzildə yaşamaq üçün 3659 nömrəli order verilib. Həmin mənzil Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşir. Mənzil iddiaçıya təhvil verildiyi andan o, ailə üzvləri ilə birlikdə orada yaşayıb. İddiaçı mənzili özəlləşdirmək və mənzilə dair çıxarış almaq üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 8024/2023 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, qeyd olunan əmlakın xidməti mənzil olub-olmaması ilə bağlı, Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndərilmiş, sorğuya xx.xx.2023-cü il tarixli cavab məktubunda əmlakın xidməti mənzil olubolmamasına münasibət bildirilməmişdir. Həmçinin, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 5393 nömrəli arayış (2 nömrəli forma) qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, arayışın Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verildiyi aşkar edilmişdir. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının Prezidentinin 16 iyun 1999-cu il tarixli əsasnamədə yerli icra hakimiyyəti orqanlarının mənzil kommunal təsərrüfatı sahəsindəki səlahiyyətləri sadalanır. Dövlət mənzil fondu üzərində sərəncam vermək hüququ yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 3659 saylı orderdən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 13a ünvanında yerləşən 17 saylı mənzil İddiaçı və onun ailə üzvləri Məmmədova Yeganə, X5 və X2 verilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 5393 nömrəli «Forma 2» arayşından görünür ki, ünvan 3 ünvanı iddiaçının mülkiyyətindədir. -işə əlavə edilmiş X12 Filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-4F/2-M-45/8/2023 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin 03.07.92-ci il 402 nömrəli vəsatətinə əsasən 10% hesabına ayrılmış Yeni-Gəncə qəsəbəsi 13a nömrəli evin 17 nömrəli, iki otaqlı yaşayış sahəsi 32,0 kv.m olan mənzilin hərbiçi İddiaçı verilməsi təsdiq edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2023-cü il tarixli, 783 nömrəli məktubundan görünür ki, iddiaçının yaşadığı ünvan 3 Gəncə Şəhər İcra Hakimiyyətinin balansındadır, Müdafiə Nazirliyinin 10 %-li mənzil fonduna aiddir, qapalı hərbi şəhərcikdə yerləşmir və daimi order əsasında verilmişdir. -surəti işə əlavə edilmiş ərizələrin məzmunundan görünür ki, X3, X6 və X1 şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 13a, mənzil 17 ünvanda yerləşən mənzilin İddiaçı adına bütövlükdə özəlləşməsinə etiraz etmirlər. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2330/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 13a nömrəli binanın, 17 nömrəli mənzil vətəndaş İddiaçı adına olmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-2974/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 5 Gəncə Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 06 noyabr 1992-cü il tarixli, 3659 saylı orderə əsasən iddiaçının və onun ailə üzvlərinə verilmişdir. İddiaçı qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə mübahisə predmeti olan əmlakın xidməti mənzil olub-olmamasının məlum olmaması və təqdim edilmiş 2 nömrəli forma arayışın qanunvericiliyin tələblərinə uyğun olmaması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. -29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinin tələblərinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə imtinanın birinci əsası ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırılması zamanı sözügedən mənzilin iddiaçıya verilməsi, həmçinin xidməti mənzil olmaması müəyyən edilmişdir. İmtinanın ikinci əsasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən Müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlar, habelə tabeliyində olan hüquqi şəxslər bilavasitə yerli icra hakimiyyətinin başçısına tabedirlər. Odur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi «Forma 2» arayışını tərtib etməkdə hüququ olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən yaşayış sahəsinin verilməsinə dair müvafiq order əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən iddiaçının ailə üzvləri sözügedən mənzilin iddiaçının adına bütövlükdə özəlləşməsinə etiraz etməmişdir. Həmçinin sözügedən Qanunun müvafiq normasının tələblərinə görə mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan qanunda qeyd olunmuş sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1, mənzil 17-nin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1, mənzil 17-nin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar