Məhkəmə qərarları › İş №2-1(114)-2779/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2779/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2779/2024 12.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.4548 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 135.6 kv.m olan fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəsi kimi tanınmışdır.

3. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023cü il tarixli 3-21-3-37/2-5511/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilərkən fərdi yaşayış evi üzərində mübahisə olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 5079/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı tərəfindən Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.12 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair çıxarış verilməsinə köməklik göstərilməsi barədə (DƏQKİS **********, **********, **********) PHŞ-ə müraciətləri daxil olmuşdur. İddiaçı tərəfindən sözügedən daşınmaz əmlakın sənədləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin ərizəsində əlaqə vasitəsi (telefon nömrəsi) qeyd olunmadığı üçün müraciətininin araşdırılması məqsədilə vətəndaşla əlaqə yaradılması və fərdi yaşayış evinin yerləşdiyi əraziyə müayinə baxış keçirilərək əlavə araşdırmalar aparılması mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cü maddələri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı" ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Eyni zamanda fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün həmin evin yerləşdiyi torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş sənədlər siyahısında əksini tapmış müvafiq hüquqmüəyyənedici sənədlərin də təqdim olunması zəruridir. Göstərilənlərə əsasən, qanunda nəzərdə tutulmuş müvafiq sənədlərlə 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə sözügedən məsələnin həllinə qanunamüvafiq qaydada baxılacaqdır. Məlumat üçün bildirilir ki, vətəndaşın müraciətlərinə PHŞ tərəfindən **********47 nömrəli cavab məktubu ünvanlanmışdır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, keçən əsrin 80-ci illərində valideynlərinin istifadəsində olan, hal-hazırda dünyasını dəyişmiş anası X1 mülkiyyətində olan torpaq sahəsində tikdiyi fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixdə anasına mənsub olan əmlak barəsində Tovuz regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ona mülkiyyət hüququnun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, o, 2023-cü ilin aprel ayında Tovuz Rayon İcra Hakimiyyəti daxil olmaqla aidiyyətli dövlət orqanlarına göndərdiyi ərizəyə Tovuz Rayon İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsini icra edən M.M.Məmmədov tərəfindən 19 may 2023-cü il il tarixində göndərilən cavabda göstərilmişdir ki, "müraciətinizin araşdırılması məqsədilə tərəflərindən əraziyə yerində baxış keçirilmişdir. Məlum olmuşdur ki, onun inşa etdiyi yaşayış evi mərhum anasının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Ona vərəsəlik hüququnu bərpa etdikdən sonra Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə edirlər". Həmin sənəd iddia ərizəsinə əlavə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Tovuz regional "ASAN xidməti" mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2023-cü il tarixində ona anasına mənsub olan əmlak barəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin sənəd də iddia ərizəsinə əlavə edilmişdir. Ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ona verildikdən sonra qanuna müvafiq surətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində ona göndərilən imtina cavabında göstərilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir". Bütün bunları nəzərə alaraq aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

8. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir.

9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Bununla yanaşı cavabdeh orqan məhkəməyə ünvaladığı iddiaya münasibətində göstərmişdir ki, yerində araşdırma zamanı məlum olmuşdur ki mübahisələndirilən torpaq sahəsində üç ədəd fərdi yaşayış evi vardır və həyətdə olan fərdi yaşayış evlərindən birinin qeydiyyatı aparılmış, digər iki fərdi yaşayış evinə dair isə hüquqmüəyyənedici sənəd verilməmişdir. İddiaçı evinin sənədi yoxdur. Qeydiyyatı olan fərdi yaşayış evi isə qardaşının evidir və qardaşının yoldaşı həmin fərdi yaşayış evində yaşayır. İddiaçı vərəsəlik edib, öz adına sənəd aldıqdan sonra bölgü etmək istəyir. Lakin qardaşının yoldaşı buna razı deyil.

11. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, daşınmaz əmlakın mütəxəssisi daşınmaz əmlaka baxış keçirmək məqsədilə mübahisəli evə gəlmiş, lakin qardaşı arvadı mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə maneə yaratmışdır.

13. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, ərizənin icrası ilə bağlı daşınmaz əmlaka baxış keçirilərkən fərdi yaşayış evi üzərində mübahisə olduğu aşkar edilmişdir. Belə ki, üç qardaşa məxsus fərdi yaşayış evləri bir torpaq sahəsində yerləşir. İddiaçının qardaşı arvadı daşınmaz əmlaka baxış keçirilməsinə maneə yaradır. Ona görə də, mütəxəssis tərəfindən mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Belə olan halda, əmlaka baxış keçirilmədən, mərzçəkmə işləri aparmadan hüquqların dövlət qeydiyyatına alınmasından söhbət gedə bilməz. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

14. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.9. aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt. Maddə 32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər.

17. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 33/2-V-0020-8/2023 nömrəli məktubu imtina xarakterli inzibati akt deyildir və həmin məktub aralıq inzibati akt olmaqla, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraat apara bilməsi üçün öz səlahiyyətləri çərçivəsində qanunla nəzərdə tutulmuş qaydada dövlət rüsumunun ödənilməsi barədə sənədin təqdim edilməli olduğunu bildirmiş və bu, cavabdeh orqanın iddiaçının müraciəti üzrə inzibati icraatı həyata keçirməsi üçün zəruri olmuşdur.

18. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Maddə 23. İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na görə: Bənd 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Bənd 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

20. İddiaçı tələbində Tovuz rayonu, Əlibəyli kəndində yerləşən 0.4548 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135.6 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

21. Lakin məhkəmə araşdırması zamanı, mübahisə predmeti olan fərdi yaşayış evi üzərində mübahisə olduğu aşkar edilmişdir. Belə ki, mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə maneə yaradıldığı üçün, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır.

22. Cavabdeh orqan da iddiaçının müraciətini təmin etməkdən imtina edən səbəb daşınmaz əmlaka baxış keçirilərkən fərdi yaşayış evi üzərində mübahisə olmasını əsas gətirmişdir.

23. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı adına qeydiyyat aparılmasını tələb etdiyi daşınmaz əmlaka baxış keçirilmədən, mərzçəkmə və texniki inventarlaşdırılma işlərini həyata keçirmədən, maneələr aradan qaldırılmadan qeydiyyatın aparılması mümkün deyildir.

24. Ona görə də, iddiaçı cavabdeh orqanın müvafiq əməkdaşlarına daşınmaz əmlaka baxış keçirilməsinə, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına maneə yaradan şəxsə qarşı yaradılan maneənin aradan qaldırılması barədə tələblə ərazi aidiyyatı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Həmin maneə aradan qaldırılıb əmlaka baxış keçirilməsi təmin edildikdən sonra isə cavabdeh orqan tərəfindən inzibati icraatın aparılması mümkün ola biləcəkdir.

25. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya qanunvericiliklə müəyyən edilmiş maneələr olması əsası ilə cavabdeh orqan ərizənin icrasından imtina etdiyi üçün həmin məktub onun müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh orqan iddiaçının müraciəti üzrə inzibati icraatı tam aparmamış (maneələr yaradıldığı üçün əmlakın müayinəsini apara bilməmiş) və müraciəti ilə bağlı inzibati akt qəbul etməmişdir. Belə olan halda isə cavabdehin sözügedən məktubu ilə iddiaçının hüquqlarının pozulması halı mövcud olmamışdır.

26. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçı mütəxəssis tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə yaradılan maneənin aradan qaldırılması tələbilə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar