Məhkəmə qərarları › İş №2-1(114)-278/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-278/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-278/2024 25.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi- Sosial Ekspert Komissiyasının əlillik dərəcəsinin verilməsi ilə bağlı imtina qərarının ləğv edilməsi və onun əlilliyinin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1996-cı ildə hərbi xidmətdə olduğu zaman vərəm xəstəsi olmuş, ona 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. 20 il olar ki, əlilliyinə görə pensiya almış, lakin bu yaxınlarada pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar vərəm xəstəsi olmuş və müalicəsi mümkün olmayan xəstəliyinə görə onun 2-ci qrup əlilliyi bərpa edilməlidir. İddiaçının müvafiq ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1734/2023 nömrəli qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilən etirazda qeyd edilmişdir ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 274 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, KB (-) mənfi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidməti keçdiyi müddətdə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, bəlğəmli öskürəkdən şikayət etmişdir. Müayinə zamanı saturasiya 96-97%, nəbzi 86 vurğu müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində yayılmış yaş və quru xırıltılar eşidilmişdir. Təqdim edilmiş X6 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 14899 nömrəli Tibbi rəyində diaqnoz "Sol ağciyərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, Rentgen görüntüdə kavernalar müşahidə edilməmişdir. Rentgenoqrafiyanın nəticəsi "Fibroz dəyişikliklər, aktivliyi şübhəli ocaqlar, solda işıqlı sahələr müşahidə edilmişdir" kimi qeyd olunmuşdur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş haqqında müalicənin davam etdirilməsi qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin U00004455VBA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. (ESDAS **********3). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1996-cı il tarixli 274 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində KB (-) mənfi " diaqozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir. Hərbi xidməti keçdiyi müddətdə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, bəlğəmli öskürəkdən şikayət etmişdir. Müayinə zamanı saturasiya 96-97%, nəbzi 86 vurğu müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində yayılmış yaş və quru xırıltılar eşidilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir." kimi qeyd olunmuş, Müalicəyə davam etdirilməsi barədə qərar verilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qanhayxırma, kürəkdə ağrıdan şikayətlənmişdir. Anamnestik məlumatlarında tütün məmulatları istifadə etdikdə qanaxmanın dayandığını bildirmişdir. Müayinə zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, saturasiyası (Sp02)- 97%, nəbzi 96 vurğu, tənəffüs hərəkətlərinin sayı 17 kimi müəyyənləşdirilmiş, tənəffü çatışmazlığı əlamətləri aşkar edilməmişdir. AR SN Tovuz rayon X3 şöbəsinin xx.xx.2022-xx.xx.2023-cü il tarixli Çıxarışda diaqnoz " Ağciyərlərin fibroz kavernoz vərəmi" kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. DTSERA-da xx.xx.2022-ci il tarixli əyani müayinədən sonra ixtisaslaşmış tibb müəssisələrindən heç bir müayinə və müalica sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı qoyulmuş “Sağ tərəfli fibro kavernoz ağ ciyər vərəmi parçalanma fazası . İİ-Li tənəffüs çatmamazlığı. Ağ ciyər qan hayxırması” diaqnozuna əsasən xx.xx.2006-cı il tarixdə, xx.xx.2014-cü il tarixdə və xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli fibroz kavernoz vərəm. Sol tərəfli infiltrativ vərəm dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq, İl dərəcəli Tənəffüs çatmamazlığı. Əhəmiyyətli dərəcədə restriktiv tipli ventilyasiya pozğunluğu və.s” diaqnozu qoyulmuş, həmin göndərişlərdən “Göndərişin natamam doldurulması”, “Əlavə müalicəyə ehtiyacı olması” və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -işə əlavə edilmiş ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarından görünür ki, təqdim edilmiş X6 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 14899 nömrəli Tibbi rəyində diaqnoz "Sol ağciyərin fibroz-kavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, Rentgen görüntüdə kavernalar müşahidə dilməmişdir. Rentgenoqrafiyanın nəticəsi "Fibroz dəyişikliklər, aktivliyi şübhəli ocaqlar, solda siqlı sahələr müşahidə edilmişdir" kimi qeyd olunmuşdur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə vətəndaş haqqında müalicənin davam etdirilməsi qərar verilmişdir. X6 Xəstəlikləri İnstitutunun xx.xx.2022-ci il tarixli 1731 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. FVC 34%, FEV 1 39%" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 71 nömrəli Qanın ümumi analizinin nəticəsi "HGB-126 q/l, EÇS 14 mm/s" kimi qeyd edilmişdir. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T725/2023 nömrəli ekspert rəyində bildirilir ki, İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin fibrozkavernoz vərəmi (BK-)" diaqnoz hazırda da əyani müayinədə əlillik təyin səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. "Vərəm" xəstəliyinə düçar olmuş xəstələr dispanser qeydiyyatda olmaqla yanaşı, həkimlər tərəfindən təyin edilmiş dərman preparatlarını nəzarət altında mütəmadi qəbul edirlər. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Sağ tərəfli fibro kavernoz ağ ciyər vərəmi parçalanma fazası. İİ-Li tənəffüs çatmamazlığı. Ağ ciyər qan hayxırması” diaqnozuna əsasən xx.xx.2006-cı il tarixdə, xx.xx.2014-cü il tarixdə və xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra əlillik müddəti başa çatdığından, müxtəlif vaxtlarda əyani müayinəyə cəlb edilmiş və müayinəsi nəticəsində “Ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla - mühitdə artımla və ya artımsız, Sağ tərəfli fibroz kavernoz vərəm. Sol tərəfli infiltrativ vərəm dağılma mərhələsi. Xroniki respirator çatmamazlıq, İl dərəcəli Tənəffüs çatmamazlığı. Əhəmiyyətli dərəcədə restriktiv tipli ventilyasiya pozğunluğu və.s” diaqnoz qoyulsa da, sonuncu dəfə Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı hazırki tələblə Tibbi-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli qərarının ona aid hissədə qismən ləğv edilməsini və ona qoyulmuş müvafiq diaqnoza uyğun əlillik təyin edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrinin müəyyən edilməsi, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyasına şərait yaradılması, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunması, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddiaçıda olan xəstəliklərin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən "Ağciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, hər iki ağciyərin fibroz-kavernoz vərəmi (BK-)" diaqnoz hazırda da əyani müayinədə əlillik təyin səviyyəsində deyildir. Buna görə də əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçıya əliliyin təyin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarının qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar