Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2780/2023 10.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun pozulmasına əsas olmuş Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 15 nömrəli qərarının qanunuz inzibati akt sayılaraq ləğv olunması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Xanlar (Göygöl) Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarına əsasən X2 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə JN- 154A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur.
2. İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququnun pozulmasına əsas olmuş Göygöl Rayon İcra Hakimiyyəti Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarının qanunsuz inzibati akt sayılaraq ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Göygöl Rayon İcra Hakimiyəti başçısının 22 may 1998-ci il tarixli 126 saylı sərəncamına əsasən Şəhriyar adına sovxoza aid ərazidə (Gəncə kəndi) fərdi yaşayış evinin tikilməsi üçün 0.08 ha torpaq sahəsi ona ayrılmışdır. Bundan sonra qeyd olunan sərəncamın icrası ilə bağlı keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinə ayrılmış torpaq sahəsinin yerində ölçülüb verilməsi tapşırılmışdır. Bu məqsədlə xx.xx.1998-ci il tarixdə rayon Torpaq şöbəsinin aparıcı mütəxəssisi X4, həmin şöbənin mütəxəssisi Rzayev Hicran Camal oğlunun, Şəhriyar adına sovxozun direktoru X6 və Çiçəkli kəndi üzrə nümayəndəsi Hacıyev Rafiqin iştirakı ilə akt tərtib edilmiş 0.08 ha həyətyanı torpaq sahəsi ölçülüb ona təhvil verilmişdir. Torpaq sahəsi 25 ildir onun sahibliyindədir. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində işlənilsə də, həmin dövrdə Komitənin ləğv edilməsi ilə əlaqədar onun səlahiyyətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə verildiyi səbəbindən sənədləşmə işləri tam icra edilməmişdir. Buna baxmayaraq, kənd sakini X1 Rayon İcra Hakimiyyətində yaradılan Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarını əsas gətirərək qeyd olunan torpaq sahəsinə iddialı olduğunu bildirmiş və onu başqa vətəndaşlara satmağa cəhdlər etmişdir. Lakin müxtəlif tarixlərdə Göygöl Rayon İcra Hakimiyyətinin Dövlət Arxivinə edilmiş sorğulara cavab olaraq verilmiş arayışlarda qeyd olunan Göygöl Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 126 saylı sərəncamının qanuni qüvvədə olması, habelə onun əsasında torpaq sahəsinə dair müvafiq sənədləşmənin qeydə alınması təsbit edilmişdir. Bunun əksinə Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı ilə Göygöl rayonu, Gəncə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin X2 verilməsi barədə qeydiyyat Göygöl Rayon İcra Hakimiyyətinin Dövlət Arxivində mövcud deyildir. Belə olan halda qanuni əsaslarla ona verilmiş torpaq sahəsinə dair qanunsuz verilmiş qərar onun konstitusion hüquqlarının pozulmasına səbəb olub və buna görə Göygöl Rayon İcra Hakimiyyətinin Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı qanunsuz inzibati akt sayılaraq ləğv olunmalıdır.
4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
7. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
9. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda məlum olur ki, iddiaçı ərizəsində Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
10. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
11. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir.
14. Adıçəkilən Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
15. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
16. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 nömrəli qərarının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür.
17. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”.
18. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
19. İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamış və mübahisələndirilən qərarın qəbulundan 25 ildən çox müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırmışdır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
22. Sonda məhkəmə qeyd edir ki, iddiaçıya iddia müddətinin bərpa edilməsi barədə ərizə verməsi üçün hüquqi yardım edilməsindən ona görə imtina edilmişdir ki, həmin ərizə veriləcəyi halda belə onun təmin edilməsi və iddianın mümkün sayılması barədə uğurluluq ehtimalı açıq-aşkar görünmür.
23. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun pozulmasına əsas olmuş Xanlar (Göygöl) rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli 15 nömrəli qərarının qanunuz inzibati akt sayılaraq ləğv olunması tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır.
24. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva