Məhkəmə qərarları › İş №2-1(114)-2781/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2781/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2781/2025 17.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı müharibə vereranı adı və vəsiqəsinin verilməsi ilə bağlı köməklik göstərilməsinə dair ərizəsini məhkəmənin binasında nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə dacil olmuş müraciətində veteran pulu almaq istədiyini, bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. Ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Həmin Qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri). Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri iddianın formal tələblərə cavab verməsidir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci madəsində qeyd edilən formal tələblərə əməl edilmədən məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan cavabdeh qismində (Azərbaycan Respublikası Müdafiə Nazirliyi), iddia tələbi isə “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırma məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edilməli olması izah edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinin tələblərinə əsasən yuxarıda qeyd olunan formal xətaları aradan qaldıraraq məhkəməyə yenilənmiş iddia ərizəsi (cavabdehi göstərmək və iddia tələbini dəqiq qeyd etməklə) təqdim etmək üçün 28 fevral 2025-ci il tarixədək vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianız mümkün sayılmaya biləcəyi ilə bağlı xəbərdar edilmişdir. Həmin sərəncamı xx.xx.2025-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə iddiaçının anası (“Muradova (ana)”) imza atmaqla qəbul etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək, Müdafiə Nazirliyinə məktubla müraciətində onun adının müharibə iştirakçılarının siyahısına salınması ilə bağlı müraciət etdiyini qeyd etmişdir. Həmçinin iddia ərizəsinin əvvəlində Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamında İPMin 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış etməsi, inzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıması və tələb də həmin inzibati orqana qarşı yönəlməli olması izah edilmiş, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan cavabdeh qismində (Azərbaycan Respublikası Müdafiə Nazirliyi), iddia tələbi isə “”Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırma məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qeyd edilmiş yeni iddia ərizəsinin təqdim edilməsini təklif edilmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinin tələblərinə əsasən yuxarıda qeyd olunan formal xətaları aradan qaldıraraq məhkəməyə yenilənmiş iddia ərizəsi (cavabdehi göstərmək və iddia tələbini dəqiq qeyd etməklə) təqdim etmək üçün 01 aprel 2025-ci il tarixədək vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaya biləcəyi ilə bağlı xəbərdar edilmişdir. Həmin sərəncamı xx.xx.2025-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə iddiaçının anası (“Muradova (ana)”) imza atmaqla qəbul etmişdir. Məhkəmə sənədləri iddiaçıya təqdim edilsə də, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması üçün müvafiq olaraq xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı müharibə vereranı adı və vəsiqəsinin verilməsi ilə bağlı köməklik göstərilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar