Məhkəmə qərarları › İş №2-1(114)-2784/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2784/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2784/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********10-10301 reyestr nömrəli çıxarışa və xx.xx.2020-ci il tarixə tərtib edilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında 0.1042 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1/6 hissədə X8, 2/6 hissədə İddiaçı, 1/6 hissədə X2, 2/6 hissədə X1 adına qeydə alınmışdır.

2. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-672/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən, paylı mülkiyyət hüququ üzrə 2 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 1/6 hissəsi X3 payına uyğun faktiki istifadə etdiyi qaydada təcrid şəkildə bölünməsi qət edilmişdir.

3. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi, eyni zamanda həmin qətnamədəki yanlışlıqların düzəldilməsi barədə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında həmin iş üzrə İddiaçı cavabdehlər X5, X6 və X3 ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1042 ha olan torpaq sahəsindən İddiaçı 2/6 hissədə payının torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli 10/5332 nömrəli rəyinə uyğun olaraq, yəni mübahisəli ünvanda yerləşən A və B literli tikilinin sahəsi və həmin tikililərin qarşısında yerləşən torpaq sahəsi ilə birlikdə İddiaçı verilməklə və natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi, İddiaçı payı naturada ayrılan zaman mübahisəli A tikilisindən B tikilisinə qədər və A tikilisindən dalanla əhatə olunan hasara qədər sərhəd hasarının yaradılması qət edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icra olunması ilə əlaqədar təyin edilmiş vaxtda mütəxəssisin iştirakının təmin edildiyini, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli 10/5332 nömrəli rəyinə əsasən aparılacaq bölgüyə dair cizgi plan əlavə edilmədiyindən işin icrasının mümkün olmadığı bildirilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022ci il tarixli qətnaməsinin icrası ilə bağlı əmlaka yerində baxış keçirildiyi, qətnamənin qət etdi hissəsində torpaq sahəsinin bölgüsü barədə qeyd göstərilmədiyindən qətnamənin icrasının təmin edilməsinin mümkün olmadığı bildirilmişdir.

6. Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi Gəncə Şəhər Məhkəməsinə geri qaytarılmışdır.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi İddiaçı xx.xx.2023-cü il tarixli məktub üvanlayaraq, aparılan araşdırma zamanı əmlak üzərində mübahisə olduğu, məhkəmə qətnaməsinə uyğun olaraq naturada bölgü aparılmadığı üçün məhkəmə qətnaməsinin icra olunmadığı bildirilmişdir. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü tərəf Gəncə şəhəri üzrə İcra İdarəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-döngə, ev 2A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, o, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər X5, X7, X6 və X4 qarşı payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayonu, Ü.Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 2/6 hissədə paylı mülkiyyət hüququ üzrə mənə məxsus olan 2 nömrəli mülkün payına uyğun surətdə natural qaydada ayrılıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarı icra olunması üçün göndərildikdə qərarın nəticə hissəsində yol verilmiş texniki səhv ucbatından icra sənədi geri qaytarılmışdır. Daha sonra qərarın mətnində yol verilmiş yanlışlıq düzəldikdən sonra yenidən icra olunması üçün göndərilmişdir. Lakin yenidən qərarın nəticə hissəsində torpaq sahəsinin ərazisinin yanlış göstərilməsi səbəbindən icra sənədi geri qaytarılmışdır. Yenidən qərarın mətnində yol verilmiş yanlışlıq düzəldikdən sonra icra olunması üçün göndərilsə də, onun cavabdeh orqana müraciətinə cavab olara bildirilmişdir ki, aparılan araşdırma zamanı əmlak üzərində mübahisə olduğu, məhkəmə qətnaməsinə uyğun olaraq naturada bölgü aparılmadığı üçün məhkəmə qətnaməsi icra olunmamışdır. Məhkəmə qərarının qərəzli şəkildə icra etməyərək onun hüquqlarını kobud şəkildə pozmuşlar.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

11. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir.

12. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməyərək, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

13. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, mübahisəli evin naturada bölgüsü barədə iddia tələbinin təmin olunması barədə qüvvədə olan məhkəmə qətnaməsinin olmasına baxmayaraq, sözügedən məhkəmə qərarı qərəzli şəkildə icra olunmayaraq qalır. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində bölgünün hansı formada aparılması qeyd edilmədiyindən və ekspert rəyinə bölgü sxemi əlavə edilmədiyindən həmin qətnamə icra oluna bilmir. O, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüyünə görə, hazırkı iddianı qaldırmağa məcbur olmuşdur.

15. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

16. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü düzgün göstərilməmiş, sənəd üzrə torpaq sahəsinin ölçüsünün 0.1042 ha (1042 kv.m) olmasına baxmayaraq, qətnamədə fərdi yaşayış evinin ümumi sahəsi olan 110.7 kv.m torpaq sahəsinin ölçüsü kimi göstərilmişdir. Həmçinin, əmlaka yerində baxış keçirilmiş və qətnamənin qət etdi hissəsində torpaq sahəsinin bölgüsü barədə qeyd göstərilmədiyindən qətnamənin icrasının təmin edilməsi mümkün olmamışdır.

Əsaslandırma hissəsi:

17. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

18. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, İddiaçı iddia tələbində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-döngə, ev 2A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etsə də, əslində hüquqi marağı (niyyəti) Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunmasından ibarətdir.

19. Belə ki, iş materialları, o cümlədən işin müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi, eyni zamanda həmin qətnamədəki yanlışlıqların düzəldilməsi barədə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında həmin iş üzrə İddiaçı cavabdehlər X5, X6 və X3 ümumi paylı mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,1042 ha olan torpaq sahəsindən İddiaçı 2/6 hissədə payının torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21 dekabr 2021-ci il tarixli 10/5332 nömrəli rəyinə uyğun olaraq, yəni mübahisəli ünvanda yerləşən A və B literli tikilinin sahəsi və həmin tikililərin qarşısında yerləşən torpaq sahəsi ilə birlikdə İddiaçı verilməklə və natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi, İddiaçı payı naturada ayrılan zaman mübahisəli A tikilisindən B tikilisinə qədər və A tikilisindən dalanla əhatə olunan hasara qədər sərhəd hasarının yaradılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonraya icraya yönəldilmiş və icranı təmin etmək məqsədilə bölgünün aparılması üçün icra orqanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş və yekunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli 10/5332 nömrəli ekspert rəyinə aparılacaq bölgüyə dair cizgi plan əlavə edilmədiyindən işin icrası mümkün olmamış və icra sənədi icra olmadan məhkəməyə geri qaytarılmışdır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir.

23. Həmin Qərarın yekununda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair bir çox qərarlarında ifadə etdiyi mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir.

25. Hazırkı iş üzrə İddiaçı tələbi də Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilən icra sənədinin icra olunaraq onun mübahisəli ev üzərində hüquqlarının qeydə alınması ilə bağlıdır.

26. Sözügedən qətnamə icra olunaraq, naturada bölgü həyata keçirilmiş olsa idi, iddiaçının hüquqlarının qeydə alınmasından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi imtina edəcəyi halda, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edə bilərdi.

27. Hazırkı halda mübahisəli daşınmaz əmlakın iddiaçı ilə yanaşı digər şəxslərin paylı mülkiyyətində olması və onların hüquqlarının paylarına uyğun qeydə alınması işin mübahisəsiz haldır. İddiaçının tələbi isə paylı mülkiyyətdə olan Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, 3-döngə, ev 2A ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır. Lakin nə qədər ki, mübahisəli daşınmaz əmlakın naturada bölgüsü həyata keçirilməmişdir, iddiaçı da sözügedən daşınmaz əmlaka münasibətdə təkbaşına subyektiv hüquq daşıyıcısı deyildir, ona görə də onun hazırkı iddiası mümkün sayıla bilməz.

28. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır

29. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. İddiaçı məhkəmə iclası zamanı sədrlik edənin sualına cavab olaraq Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-4/22 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində bölgünün hansı formada aparılması qeyd edilmədiyindən və ekspert rəyinə bölgü sxemi əlavə edilmədiyindən həmin qətnamənin icra olunmasının mümkün olmadığını, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürdüyünə görə, hazırkı iddianı qaldırmağa məcbur olduğunu bildirmişdir.

31. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq icra sənədinin icra olunmadan geri qaytarılması barədə icra məmurunun qərarını müvafiq məhkəmədə və ya məhkəmə qətnaməsini müddəti bərpasına dair ərizə verməklə apellyasiya qaydasında mübahisələndirə bilər.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar