Məhkəmə qərarları › İş №2-1(114)-279/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-279/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-279/2021 25.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iş və təhsil illərinin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin 16.06.2020-ci il tarixli 84/**********8 nömrəli məktubu ilə İddiaçı 1974-cü ildən 1977-ci ilə kimi X2 oxuduğu illəri də siğorta stajı kimi əlavə edildikdən sonra belə tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. İmtinanı əsassız hesab edən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, onun 22.08.1972-ci ildən 05.03.1977-ci il tarixə kimi X6 Texnikumunda təhsil aldığı illərin bütünlüklə sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 22.08.1972-ci ildən 05.03.1977-ci il tarixə kimi X6 Texnikumunda təhsil aldığı illər sığorta stajına bütünlüklə deyil, yalnız 1974cü ildən 1977-ci ilə kimi hesablanmışdır. Bunu düzgün hesab etmir. 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışından da görünür ki, o, 22 avqust 1972-ci il tarixli, 94 saylı əmrə əsasən X6 texnikumunun «Aqronomluq» ixtisasının əyani şöbəsinə qəbul olunmuş, 24.04.1974-cü il tarixli, 49 saylı əmrə əsasən hərbi xidmətə getmiş, 28.05.1976-cı il tarixli 85 saylı əmrə əsasən hərbi xidmətdən qayıdaraq həmin ixtisas üzrə təhsilini davam etdirmiş, 05 mart 1977-ci il tarixli, 34 saylı əmrə əsasən həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirmişdir. Həmçinin X6 Texnikumu tərəfindən adına verilmiş bildirişdən də aydın olur ki, o, 22 avqust 1972-ci il tarixdən texnikuma qəbul edilmişdir. Belə hesab edir ki, cavabdehin imtinası qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlarını pozmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı yenidən təşkil edilərək onun əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı yarandığından cavabdeh onun hüquqi varisi olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı 1980-1995-ci il tarixlərdə «Arzu» Səhmdar Cəmiyyətində işlədiyi illərin və təhsil illərinin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə etiraz və etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışına əsasən İddiaçı 22.08.1972-ci il tarixli 94 nömrəli əmrə əsasən X6 texnikomunun “Aqronomluq” ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. 24 aprel 1974-cü il tarixli 49 nömrəli əmrə əsasən hərbi xidmətə çağırılmış, 28 may 1976-cı il tarixli 85 nömrəli əmrə əsasən isə hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirmişdir və 05.03.1977-ci il tarixli 34 nömrəli əmrlə həmin ixtisas üzrə əyani şöbənin tam kursunu bitirərək 1757 qeydiyyat nömrəli G 016274 nömrəli diplom almışdır. İddiaçı təhsil aldığı illər hərbi xidmətdə olduğu dövrlə üst-üstə düşdüyündən 24.04.1974-cü il tarixdən 28.05.1976-cı il tarixədək hərbi xidmətdə olduğu 2 il müddət təhsil aldığı dövr kimi sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarındakı G 016274 nömrəli diploma əsasən İddiaçı 1974-cü il tarixdə X6 texnikumunun “Aqronomluq” ixtisasının əyani şöbəsinə daxil olmuş və 1977-ci il tarixdə “Aqronomluq” ixtisası üzrə tam kursu bitirmişdir. Lakin X11 Kollecinin 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışına əsasən İddiaçı 22.08.1972-ci il tarixli 94 nömrəli əmrə əsasən X6 texnikomunun “Aqronomluq” ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. 24 aprel 1974-cü il tarixdə hərbi xidmətə çağırılmış, 28 may 1976-cı il tarixdə hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirmişdir və 05.03.1977-ci il tarixli 34 nömrəli əmrlə həmin ixtisas üzrə əyani şöbəsinin tam kursunu bitirərək 1757 qeydiyyat nömrəli G 016274 nömrəli diplom almışdır. Göründüyü kimi, qeyd olunan iki rəsmi sənəd arasında ziddiyyət mövcuddur. Belə ki, G 016274 nömrəli diplomda X6 texnikomun “Aqronomluq” ixtisasının əyani şöbəsinə daxil olma tarixi 1974-cü il qeyd edilməsinə baxmayaraq 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışda həmin texnikoma daxil olma tarixi 1972-ci il kimi qeyd olunmuşdur. Bundan başqa, 01.07.1980-ci il tarixdən 02.01.1995-ci il tarixədək iddiaçının işlədiyi dövrlər üzrə qarşılıqlı yoxlama aparmaq mümkün olmadığından sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəblərdən iddiaçının 1972-1974-cü illərdə təhsil aldığı müddət və 1980-1995-ci illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ümumilikdə təhsil illəri və işlədiyi illər («Alfa» LTD-də işlədiyi illər istisna olmaqla) 25 ildən çoxdur. Lakin inzibati orqan onun 1980-1995-ci il tarixlərdə «Arzu» Səhmdar Cəmiyyətində anbardar işlədiyi illərin qəbul edilməsindən imtina edir. Hesab edir ki, imtina əsassızdır. O, həmin cəmiyyətdə 1980-ci ildən işləmiş və əmək haqqı almışdır. Lakin müəssisədə yanğın olduğundan onun işləməsinə dair sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Odur ki, tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu, iddiaçının 1980-1995-ci illərdə «Arzu» Səhmdar Cəmiyyətində işlədiyi dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını, həmçinin iddiaçının işdən 1995-ci il tarixdə azad edildiyini, lakin işdən çıxma əmri hələ özəlləşdirilməyən müəssisənin möhürü ilə təsdiqləndiyini bildirib cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X1 izahat verərək bildirdi ki, sonradan özəlləşdirilərək «Arzu» səhmdar cəmiyyətinə çevrilən Kirovabadskoy MRB «STO» adlı müəssisədə 1999-cu ilədək işləmişdir. İddiaçı X8 da onunla həmin müəəsisədə işləmiş, lakin hansı tarixdən işdən azad olunduğunu dəqiq xatırlamır. Hazırda həmin müəssisənin sənədləri mövcud olmadığından iddiaçının işləməsini təsdiq edən əmrlərin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının 14.01.2021-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, İddiaçı əmək stajını təsdiq edən sənədlərə əsasən 01.01.2006-ci il tarixə hərbi xidmət dövrü də nəzərə alınmaqla ümumilikdə 8 il 7 ay sığorta stajı hesablanmışdır. Vətəndaş İddiaçı əmək kitabçasında qeyd olunmuş 01.01.2002-ci il tarixdən 30.12.2003-cü il tarixədək Alfa LTDdə çalışdığı dövr yerində qarşılıqlı yoxlanılmış sənədlər saxtalaşdırıldığı üçün öz təsdiqini tapmamışdır. 01.07.1980-ci il tarixdən 02.01.1995-ci il tarixədək işlədiyi dövrü yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından sığorta stajına daxil edilməmişdir. Bundan əlavə vətəndaşın əyani təhsil aldığı dövr diplomda qeyd edilmiş tarixlərə əsasən hərbi xidmət dövrü eyni illəri əhatə etdiyindən həmin dövr sığorta stajına daxil edilməmişdir. Tələb olunan azı 25 il sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunmuşdur. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AA******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - G 016274 nömrəli X6 Texnikumun diplomu; - İT-İ ******* nömrəli iddiaçıya məxsus əmək kitabçasının surəti; - NZ ******* nömrəli iddiaçıya məxsus hərbi biletin surəti; - Azərbaycan Respublikası X10 filialının 17.10.2019-cu il tarixli 512/4 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin 16.06.2020-ci il tarixli 84/**********8 nömrəli imtina məktubu; - X13 Kollecinin 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışı; - Gəncə şəhər X3 Şöbəsinin Kəpəz rayon X3 Xidmətinin 12.01.2004-cü il tarixli 15 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının 14.01.2021-ci il tarixli **********8 nömrəli məktubu; Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır (06.05.2019-cu il tarixdə 64 yaşına olmuşdur). İddiaçının əmək kitabçasında göstərilmiş əmək stajı hərbi xidmət dövrü ilə birlikdə 25 ildən çoxdur. Yəni tərəfindən təqdim edilmiş səndlərə əsasən iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş iddiaçının 01.08.1978- 20.06.1980-ci, 06.05.1995-30.05.1999-cu, 14.09.2000-01.09.2001-ci illərdə işlədiyi və 24.04.1976-28.05.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr üzrə 8 il 10 ay 05 gün sosial sığorta stajını nəzərə alır. 22.08.1972-ci il tarixdən 05.03.1977-ci il tarixədək (04 il 06 ay 14 gün) Kirovabad Təsərrüfatı texnikomunda əyani təhsil aldığı dövr üzrə 016274 nömrəli diplomla X11 Kollecinin 18.06.2020-ci il tarixli 01/484 nömrəli arxiv arayışı ziddiyyət təşkil etməsi, əmək kitabçasında qeyd olunan 01.07.1980-ci il tarixdən 02.01.1995-ci il tarixədək «Arzu» Səhmdar Cəmiyyətinin Gəncə filialında işlədiyi dövr üzrə yerində qarşılıqlı yoxlama mümkün olmaması, 01.01.2002-ci il tarixdən 30.12.2003-cü il tarixədək “Alfa” LTD-də işlədiyi dövrlə bağlı 08.11.2019-cu il tarixli qarşılıqlı yoxlama aktına əsasən müəssisədə işləməsinin öz təsdiqini tapmamasını əsas tutaraq həmin dövrün staja daxil olunmasına etiraz edir. Hazırki tələbində iddiaçı məhz 22.08.1972-ci il tarixdən 05.03.1977-ci il tarixədək Kirovabad Təsərrüfatı texnikomunda əyani təhsil aldığı və əmək kitabçasında qeyd olunan 01.07.1980-ci il tarixdən 02.01.1995-ci il tarixədək «Arzu» Səhmdar Cəmiyyətinin Gəncə filialında işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.1.-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən tələbləri nəzərə alaraq məhkəmə iddiaçıya məxsus əmək kitabçasını nəzərdən keçirmiş və müəyyən etmişdir ki, iddiaçı 01.07.1980-ci il tarixli, 28 №-li əmrlə Kirovabadskoy MRB «STO» adlı müəssisəyə qəbul edilmiş, 01.02.1995-ci il tarixli, 01 №-li əmrlə «Arzu» Səmhdar Cəmiyyətindən işdən azad edilmişdir. Eyni zamanda əmək kitabçasının əslinə baxış keçirərkən həmin qeydlərin eyni mürəkkəbli qələm ilə yazılması və yalnız işdən çıxma barədə əmrin direktor “Həsənov N.Q.” adlı şəxs tərəfindən imzalanması və möhürlənməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının X10 filialının 31.03.2021-ci il tarixli, 312(99)/3 nömrəli və 17.03.2021-ci il tarixli 273(82)/3 nömrəli məktublarında “Arzu” Səhmdar Cəmiyyətinin Gəncə filialının arxiv sənədlərinin X10 filialına təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika İdarəsi tərəfindən məhkəmənin sorğusuna 15.04.2021-ci il tarixli, 1/090 nömrəli cavab məktubunda “Arzu” Səhmdar Cəmiyyətinin Gəncə filialının 26 iyun 1996-cı il tarixdən 26 aprel 1999-cu il tarixədək “Statistik vahidlərin Dövlət reyestri”ndə qeydiyyatda olması göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətiinin 22.04.2021-0ci il tarixli, **********44 nömrəli məktubundan məlum olur ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 17.04.1997-ci il tarixli, 146 nömrəli sərəncamı ilə «xxxx» Dövlət Şirkətinin tabeliyində olmuş Bakı şəhəri, 4 saylı çörək zavodunun bazasında «Arzu» açıq səhmdar cəmiyyəti yaradılmış və 26.12.1997-ci il tarixində səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. «Arzu» səhmdar cəmiyyətinin Özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında X5 adı qeyd edilməmişdir. İddiaçının əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı 02.01.1995-ci il tarixli 01 saylı əmrlə işdən azad edilmiş, həmin əmr 26.12.1997-ci il tarixdə özəlləşdirilən «Arzu» səhmdar cəmiyyətinin möhrü ilə təsdiqlənmişdir (məhkəmə iclasında şahid qismində dindirilən Ə.Məmmədovanın işdən azad olma əmri isə müəssisəsinin köhnə möhürü ilə təsdiqlənmişdir). Göründüyü kimi işin faktiki halları və iş materiallarından müəyyən olunur ki, «Arzu» Səhmdar Cəmiyyətinin Gəncə filialının 1996-cı ildən əvvəl mövcud olması barədə sənədlər arxivdə aşkarlanmadığından, həmin cəmiyyətin Özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında X5 adı qeyd edilmədiyindən iddiaçının 02.01.1995-ci il tarixədək cəmiyyətin Gəncə filialında işləməsi faktı sübut olunmur. Belə ki, iş materiallarında olan Kirovabadskoy MRB «STO» adlı müəssisənin 05.05.1986-cı il tarixli əmri ilə iddiaçının növbəti əmək məzuniyyətinə çıxması təsdiqlənsə də, iddiaçının həmin müəssisədə məhz neçənci ilədək işləməsi və işdən azad olunması arxiv sənədləri ilə təsdiqlənməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin illər iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmçinin 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində də ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə hesab edir ki, iddiaçının əyani şəkildə ali təhsil aldığı 22.08.1972-ci il tarixdən (qəbul olunduğu) 24 aprel 1974-cü il tarixədək (hərbi xidmətə getdiyi), 28.03.1976-cı il tarixdən (hərbi xidmətdən qayıtdığı) 05.03.1977-ci il tarixədək (diplom aldığı) olan 2 il 05 ay müddət də iş stajına daxil edilməsi qanunamüvafiqdir. Lakin həmin illərin staja daxil edilməsi iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranmasına əsas vermədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Göründüyü kimi, iddiaçının topladığı sosial sığorta stajı tələb olunan 25 il stajdan azdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilsə də, iddiaçı bunun əksin sübut edə bilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı “1980-1995-ci il tarixlərdə «Arzu» Səhmdar Cəmiyyətində işlədiyi illərin və təhsil illərinin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar