Məhkəmə qərarları › İş №2-1(114)-279/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-279/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-279/2022 25.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı Elbrus oğlunun və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Elbrus oğlunun Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi ) qarşı kirayə haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Elbrus oğlu (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun və ailə üzvlərinin Cavabdehndə mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsinə, yaşayış sahəsinin kirayəsi üçün aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi və 2020-ci ilin fevral ayından 2021-ci ilin noyabr ayına qədər 22 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Kəlbəcər rayonu, Seyidlər kəndində anadan olmuş, 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış, 04.12.2015-ci il tarixdə xidmət müddəti başa çatdığı üçün öz arzusu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmri ilə ehtiyata buraxılmışdır. Bir müddət mənzil kirayəsi xərci ödənilsə də, 2020-ci ilin fevral ayından ödənilməsi dayandırılmışdır. Buna səbəb isə mənzil kirayəsi xərclərinin ödənilməsi barədə razılaşdırılmış sənədlərin cavabdeh tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməməsi olmuşdur. Onun mənzil kirayəsi alması üçün Maliyyə Nazirliyinə təqdim edilməsi üçün Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər Rayon Şöbəsindən arayış almalıdır. Lakin üçüncü şəxs tələb olunan məlumatları “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının iddiaçıya aid olmamasını əsas gətirərək həmin məlumatları verməkdən boyun qaçırır. O bu barədə cavadehə müraciət etmiş, cavabdeh 2287 nömrəli, 10.11.2021-ci il tarixli imtina məktubu göndərərək onun öz arzusu ilə ehtiyata buraxıldığını bildirmişdir. 25.01.2022-ci il tarixli şifahi məhkəmə baxış iclasında iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək 2020-ci ilin fevral ayından etibarən ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayə pulunun ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. İddiaçı Elbrus oğlu şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddiaya qarşı münasibət bildirməmişdir. Cavabdeh və digər üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh və digər üçüncü şəxslərin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin 2287 nömrəli, 10.11.2021-ci il tarixli imtinası; iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının kserosurəti; iddiaçıya məxsusu kirayə müqaviləsi; iddiaçının həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış; məhkəmənin sorğusu əsasında alınmış, iddiçıya məxsus xidməti dəftərcəsinin və əmirdən çıxarışın təsdiqlənmiş surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəməniun sorğusu əsasında alınan iddiaçıya məxsusu xidmət siyahısından görünür ki, iddiaçı X2 114 saylı, 14.09.1995-ci il tarixli əmrinə əsasən müddətdən artıq hərbi xidmətə keçirilmiş, 17.10.2015-ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə müvafiq olaraq X2 85 nömrəli, 17.10.2015ci il tarixli əmrinə əsasən 03.12.2015-ci il tarixdə ehtiyata buraxılmışdır. Ümumi olaraq 25 il, 0 ay, 22 gün xidmət ili mövcuddur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 24.02.2021-ci il tarixli, **********221 nömrəli vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışından görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş Baş gizir İddiaçı həqiqətən 25.07.1992-12.12.1994, 01.03.1995-03.12.2015-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş və xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. İş materiallarında olan 28.11.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X1 şəhəri, D.Qorqud küçəsi, ev 26 A, mənzil 33 ünvanında yerləşən, ümumi sahəsi 43.5 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini – aylıq 200 manat kirayə haqqı ödənilməsi qarşılığında kirayəçi İddiaçı kirayə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 07.05.2020-ci il tarixli ********** nömrəli arayışında İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. «Hərbi Qulluqçuların Statusu Haqqında» Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 12.2-ci maddəsinin dördüncü abzasına əsasən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Bu mənada qanunvericilikdə yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq, həmçinin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir: yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara; 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara; habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili xidmət etmiş və qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxılmış iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Məhkəmə hesab edir ki, istinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Belə ki, istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzürlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı həqiqi hərbi xidmətdə olması müddətini nəzərə alaraq kirayə yaşadığı mənzilin müvəqqəti mənzil kirayəsi xərclərinin mənzillə təmin olunanadək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara a l d ı: İddia təmin edilsin. İddiaçı Elbrus oğlunun Cavabdehnə qarşı 2020-ci ilin fevral ayından etibarən ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayə pulunun ödənilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar