Məhkəmə qərarları › İş №2-1(114)-279/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-279/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-279/2025 31.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Daşınmaz Xidməti Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələsi Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X5, X8, X6, X4 və X7) qarşı Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.1727, 0.2834 və 1.1381 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təqdim olunmuş Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq onun adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.1727 və 1.1381 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təqdim olunmuş Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq onun adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təqdim olunmuş hüquq müəyyənedici sənədlər əsasında qeydə alınmışdır. Bununla bağlı cavabdeh orqana müraciət olunmuş, lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətimin icrası idarə tərəfindən mümkün olmadığına görə imtina verilmişdir. Nəzərə çatdırır ki, qeyd olunan torpaq sahəsi iki konturdan ibarət olmuş, 1.1381 və 1.1727 ha ölçüdən ibarət olmuşdur. Torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında anası X3 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı bacısı X6 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna görə də ona çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin 16 noyabr 2023cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, çıxarışa əsas olmuş dövlət aktı ləğv olunmuş, digər hissəyə dəyişdirilmiş və əvəzində isə Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş DTXK-nın Gədəbəy rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinə təhvil verilməmiş və onun hansı səbəbdən ləğv edilməsi ilə bağlı ərazi idarəsində hər-hansı bir məlumatın olmadığı bildirilmişdir. Bundan başqa həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1.1727 və 1.1381 ha ölçüdə olan torpaq sahəsinə dair ona və ailə üzvlərinə müvafiq çıxarışlar verilmişdir. Əlavə olaraq sözügedən 1.1727 ha ölçüdə olan torpaq sahəsində azalma müşahidə olunmuş və 1.1476 ha kimi qeyd edilmişdir. Digər konturda olan 1.1381 ha torpaq sahəsində isə fərdi yaşayış evi tikilmişdir. Bu səbəbdən də müraciətinin icrası ərazi idarəsi tərəfindən mümkün olmamış və imtina verilmişdir. Qeyd etmək istəyir ki, ərazi idarəsinin imtina məktubunda göstərdiyi nöqsanlar olsaydı digər ailəsinin digər üzvlərinə çıxarış verilməzdi. Bundan başqa qeyd olunan nöqsanlar dövlət orqanları tərəfindən baş vermişdir. Buna görə də həmin imtinanı əsassız hesab edir. Bu vaxta qədər heç kəs onlara həmin torpaq sahəsinin digər şəxsə məxsus olması barədə məlumat verməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məktubu ilə qeyd olunan torpaq sahəsinin icrasının mümkün olmaması barədə cavab məktubu hazırlanaraq ərizənin icrasından imtina edilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Qeyd olunanlara görə də o, müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi ilə əvəz edilmiş, hazırkı iddia tələbi “Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.1727, 0.2834 və 1.1381 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təqdim olunmuş Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq onun adına hüquqların dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İİ. Prosessual məsələlər

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5, X8, X6, X4 və X7 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

6. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım barədə sərəncam göndərilərək bildirilmişdir ki, 1.1727 ha və 1.1381 ha torpaq sahələrinə dair çıxarışlar və plan-ölçü sənədləri Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 3 nömrəli protokol-qərarının əsasında verilmişdir. Buna görə də, hüquqi marağına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı həmin protokolqərarın ləğvi tələbi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı isə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.1727, 0.2834 və 1.1381 ha ölçüdə torpaq sahələrinə münasibətdə tərtib edilmiş A№256047, A№256046 və A№256045 saylı Torpaq sahəsinin plan və ölçüsü barədə sənədlərin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli **********28 reyestr nömrəli və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli **********62 reyestr nömrəli reyestr qeydlərinin ləğv edilməsi və JN-603 Kod 50500048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbi ilə çıxış etməlidir. Bundan əlavə isə, sözügedən torpaq sahəsi onunla yanaşı, X5, X8, X6, X4 və X1 ümumi birgə mülkiyyətinə verildiyindən o, həmin iddianı təkbaşına deyil, həmin şəxslərlə birgə qaldırmalıdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

8. İddiaçının vəkili Vəkil sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı onunla görüşməyə Büroya gəlmədiyindən etibarnamə ala bilməmiş və bu səbəbdən də tələbin dəqiqləşməsinə dair ərizə hazırlaya bilməmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

11. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, ona və ailə üzvlərinə JN-603 Kod 50500048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış torpaq sahəsinin yeri qanunsuz şəkildə dəyişdirilərək, əvəzində A№256047 və A№256045 saylı plan-ölçü sənədləri tərtib edilmişdir. Bu zaman mülkiyyətçi kimi onun iştirakı təmin edilməmişdir. Eyni zamanda həmin sənədlər ona məxsus fərdi yaşayış evinin yerləşdiyi və X2 adına tərtib edilmiş A№351359 saylı planölçü sənədində əks olunmuş torpaq sahəsinə işlənilmişdir ki, bunun nəticəsində ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi mümkün olmamışdır. Bu barədə verilmiş rəy mövcuddur. Qarşı tərəf də ona qarşı Gədəbəy Rayon Məhkəməsində iddia qaldıraraq, evin sökülməsi və torpağın boşaldılması tələbini irəli sürmüşdür. Hazırda istəyi ondan ibarətdir ki, 1.1727 ha və 1.1381 ha torpaq sahələrinə verilmiş çıxarışlar və planölçü sənədləri ləğv edilsin, onlara JN-603 Kod 50500048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınsın.

12. Məhkəmə bununla bağlı qeyd edir ki, 1.1727 ha və 1.1381 ha torpaq sahələrinə dair çıxarışlar və plan-ölçü sənədləri Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 3 nömrəli protokol-qərarının əsasında verilmişdir.

13. Buna görə də, hüquqi marağına uyğun olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı həmin protokol-qərarın ləğvi tələbi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı isə Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1.1727, 0.2834 və 1.1381 ha ölçüdə torpaq sahələrinə münasibətdə tərtib edilmiş A№256047, A№256046 və A№256045 saylı Torpaq sahəsinin plan və ölçüsü barədə sənədlərin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli **********28 reyestr nömrəli və RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli **********62 reyestr nömrəli reyestr qeydlərinin ləğv edilməsi və JN-603 Kod 50500048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbi ilə çıxış etməlidir.

14. Bundan əlavə isə, sözügedən torpaq sahəsi iddiaçı ilə yanaşı, X5, X8, X6, X4 və X1 ümumi birgə mülkiyyətinə verildiyindən o, həmin iddianı təkbaşına deyil, həmin şəxslərlə birgə qaldırmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1-ci maddəsinə görə, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həm iştirakçılar kimi çıxış edə bilərlər.

16. Həmin hallar həm əvvəlki məhkəmə iclasında iddiaçının nəzərinə çatdırılmış, həm də rəsmi qaydada qanunauyğunluq haqqında sərəncam göndərilmiş, lakin növbəti iclasadək iddianın mümkün sayılmamasına əsas olan nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır.

17. İddiaçının ərizəsi əsasında məhkəmə qərardadı ilə o, dövlət hesabına vəkillə təmin edilməsinə baxmayaraq, Vəkil iclas zamanı bildirmişdir ki, iddiaçı onunla görüşməyə Büroya gəlmədiyindən etibarnamə ala bilməmiş və bu səbəbdən də tələbin dəqiqləşməsinə dair ərizə hazırlaya bilməmişdir

18. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

19. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar