Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2792/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Tərtər şəhəri Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tərtər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0.07 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur.
2. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.
3. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 420 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 76 nömrə ilə qeydiyyata alınmışdır.
5. Həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli A 396497 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
6. İddiaçı cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək ona 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin sonuncunun xx.xx.2024 saylı məktubu ilə iddia tələbi imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş hüqüqmüəyyənedici sənədiərin ekspertizası zamanı məlum olmuşdur ki təqdım olunmuş sənədlər Azərbaycan Respublikasının Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8.0 maddəsinin tələblərina uygun deyildir. Bildirilir ki, xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Oanunun 9 1ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Bu səbəbdən tərəfindən təqdim olunan sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Belə ki, torpaq sahəsinin ayrılması barədə təqdim olunan Tərtər rayon Tərtər bələdiyyəsinin qərarının tarixi 28 sentyabr 2012-ci il tarixinədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-769/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, arxivdə aparılmış araşdırma zamanı İddiaçı adına AN-396497 (kod **********0343) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir.
8. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mülkiyyət forması dövlət, yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı məqsədli torpaq sahəsidir və üzərində hər hansı bir tikili mövcud deyil. 2) İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,07 ha torpaq sahəsinin koordinatları, Tərtər bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 saylı qərarı ilə keçmiş DT və XK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin koordinatlarının 0.03 ha hissəsi ilə uyğunluq təşkil edir və sxem rəyə əlavə edilir. 3) Həmin torpaq sahəsinin həm sənəd üzrə ölçülərinin, həm də faktiki ölçülərinin bir hissəsi X1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
9. Məhkəmənin sorğusuna “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 3711/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin təyin edilmiş koordinatları ilə ona ayrılmış torpaq sahəsinə dair hazırlanmış A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.07 ha torpaq sahəsinin koordinatları mövcud olduğundan müqayisələndirmək mümkün olmuşdur. Rəydə öz əksini tapmışdır. Lakin Tərtər bələdiyyəsinin qərarı əsasında hazırlanmış yerquruluşu planının koordinatları qərardada əlavə edilmədiyindən, faktiki iddia etdiyi torpaq sahəsinin koordinatları ilə müqayisələndirmək mümkün olmasa da, həndəsi ölçüləri və yerləşmə mövqeyi ilə uyğunluq təşkil edir. İddiaçı iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin 0.04 ha hissəsi X1 hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsi üst-üstə düşür, Tərtər bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 saylı qərarı ilə keçmiş DT və XK Tərtər rayon şöbəsi tərəfindən İddiaçı A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evi tikmək üçün satılmış 0.07 ha torpaq sahəsinin 0.04 ha hissəsi X1 hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və sxem əlavə edilir. Bununla əlaqədar bildirilir ki, sorğuda qeyd edilən X1 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. II. Məhkəmədə icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayon Tərtər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 12 saylı qərarına əsasən Tərtər şəhəri, Q.Məmmədov küçəsində onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq sənədlərin (Torpaq sahəsinin planı və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər Bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli, 13 saylı qərarına əsasən ona bələdiyyənin mülkiyyətində olan Tərtər şəhəri, Q.Məmmədov küçəsində yerləşən sahədən fərdi yaşayış tikintisi məqsədilə 0.07 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Buna uyğun olaraq o, həyətyanı torpaq sahəsində indiyədək müvafiq təsərrüfat işləri aparmışdır. Hazırda həmin torpaq sahsində fərdi yaşayış evi tikdirmək istəyir. Lakin həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də hesab edir ki, onun qanuni istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair müvafiq sənədlər (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasport) verilməlidir. Məhz buna görə də o, Tərtər rayon Tərtər bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 saylı qərarına əsasən Tərtər şəhəri, Q.Məmmədov küçəsində onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibati orqana- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən ərizəsinə cavab kimi verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-6719/2024 saylı məktubda «xx.xx.2007-ci ildən sonra bələdiyyə torpaqları… valnız hərrac və va müsabiqə volu ilə ayrılmalıdır. Təqdim olunan Tərtər rayon Tərtər bələdiyyəsinin qərarının tarixi isə xx.xx.2012-ci ildir. Bu səbəbdən də sənədin icrasından imtina edilir. Həmin imtinanı cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Tərtər şəhəri Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
17. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.
21. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 6-cı bəndi).
23. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 nömrəli qərarı; - DT və XK-nin Tərtər rayon şöbəsinin rəyi; - Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış; - xx.xx.2012-ci il tarixli 76 nömrəli Torpaqların alğı-satqısına dair akt; - xx.xx.2012-ci il tarixli A 396497 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-60/2-769/2025 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 3711/2025 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tərtər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 nömrəli qərarı ilə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə 0.07 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi bələdiyyənin ehtiyat fond torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda DT və XK-nin Tərtər rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 420 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2012-ci il tarixdə 76 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli A 396497 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
27. İddiaçı cavabdeh 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək ona 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin sonuncunun xx.xx.2024 saylı məktubu ilə iddia tələbi imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunmuş hüqüqmüəyyənedici sənədiərin ekspertizası zamanı məlum olmuşdur ki təqdım olunmuş sənədlər Azərbaycan Respublikasının Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 8.0 maddəsinin tələblərina uygun deyildir. Bildirilir ki, xx.xx.2007-ci il tarixindən sonra bələdiyyə torpaqları "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Oanunun 9 1ci, 16.3-cü və 16.4-cü maddələrində qeyd edilən hallar istisna olmaqla yalnız hərrac və ya müsabiqə yolu ilə ayrılmalıdır. Bu səbəbdən tərəfindən təqdim olunan sənədlər torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslı deyildir. Belə ki, torpaq sahəsinin ayrılması barədə təqdim olunan Tərtər rayon Tərtər bələdiyyəsinin qərarının tarixi 28 sentyabr 2012-ci il tarixinədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
28. Məhkəmə qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin yerquruluşu planından çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
30. Mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli 76 nömrəli Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Tərtər bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
31. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, tərtib olunmuş sənədlər qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, belə ki, həmin torpaq sahəsi Tərtər bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 13 nömrəli qərarı və xx.xx.2012-ci il tarixli 76 nömrəli Torpaqların alğı-satqısına dair aktı əsasında satılmışdır.
32. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
33. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1082) ilə 9.6-cı maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
34. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
35. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər.
36. Hazırkı iş materialları ilə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır.
37. Məhkəmə onu da qeyd edir ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
38. Digər tərəfdən, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.07 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin mülkiyyət forması dövlət, yaşayış məntəqələrinin torpaqları olmaqla həyətyanı məqsədli torpaq sahəsidir və üzərində hər hansı bir tikili mövcud deyil. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,07 ha torpaq sahəsinin koordinatları, Tərtər bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 saylı qərarı ilə keçmiş DT və XK Tərtər ərazi şöbəsi tərəfindən İddiaçı A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin koordinatlarının 0.03 ha hissəsi ilə uyğunluq təşkil edir və sxem rəyə əlavə edilir. Həmin torpaq sahəsinin həm sənəd üzrə ölçülərinin, həm də faktiki ölçülərinin bir hissəsi X1 istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
39. Məhkəmənin sorğusuna “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-46/2- 3711/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin təyin edilmiş koordinatları ilə ona ayrılmış torpaq sahəsinə dair hazırlanmış A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.07 ha torpaq sahəsinin koordinatları mövcud olduğundan müqayisələndirmək mümkün olmuşdur. Rəydə öz əksini tapmışdır. Lakin, Tərtər bələdiyyəsinin qərarı əsasında hazırlanmış yerquruluşu planının koordinatları qərardada əlavə edilmədiyindən, faktiki iddia etdiyi torpaq sahəsinin koordinatları ilə müqayisələndirmək mümkün olmasa da, həndəsi ölçüləri və yerləşmə mövqeyi ilə uyğunluq təşkil edir. İddiaçı iddia etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsinin 0.04 ha hissəsi X1 hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsi üst-üstə düşür, Tərtər bələdiyyəsinin 28 sentyabr 2012-ci il tarixli 13 saylı qərarı ilə keçmiş DT və XK Tərtər rayon şöbəsi tərəfindən İddiaçı A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə fərdi yaşayış evi tikmək üçün satılmış 0.07 ha torpaq sahəsinin 0.04 ha hissəsi X1 hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və sxem əlavə edilir. Bununla əlaqədar bildirilir ki, sorğuda qeyd edilən X1 adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır.
40. Yəni, göründüyü kimi, X1 JN-2485 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmə halı ümumiyyətlə mövcud deyildir. X2 iddiaçının atası olduğundan və həmin ərazidə JN-2485 nömrəli şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş həyətyanı sahə yerləşdiyindən mütəxəssis rəyində iddiaçının planölçü sənədində göstərilən sahənin X1 istifadəsində olan torpaqla üst-üstə düşməsi qeyd edilmişdir.
41. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırkı naturada faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları A396497 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunmuş koordinatlarla tam eynilik təşkil etmir. İddiaçıya torpaq sahəsi ayrlarkən tərtib edilmiş planölçü sənədi qüsurlu hazırlanmış, yəni həmin sənəddə torpaq sahəsinin koordinatları faktiki istifadədən fərqli olaraq əks etdirilmişdir.
42. İddiaçının hazırki tələbi də Tərtər şəhəri Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsindən ibarətdir.
43. Nəzərə almaq lazımdır ki, sözügedən 0.07 ha torpaq sahəsi ayrıldığı vaxtdan mübahisəsiz olaraq iddiaçının faktiki istifadəsindədir. Hazırda da iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hər-hansı subyektin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlərdəki torpaq sahələri ilə üst-üstə düşmə halı aşkarlanmamışdır.
44. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
45. Yəni, iddiaçı təxminən 17 ildir ki, qüvvədə olan qərar əsasında torpaq sahəsinə faktiki sahiblik etdiyindən onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
46. Eyni zamanda, cavabdeh inzibati orqanın statusu baxımından torpaq sahəsinin ayrılmasına dair bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur. Bələdiyyələrin fəaliyyətinə, o cümlədən bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktların normativ hüquqi aktlara zidd olub-olmamasına nəzarəti isə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
47. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
48. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
49. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
50. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
51. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...
52. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
53. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tərtər şəhəri Q.Məmmədov küçəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun koordinatlarla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva