Məhkəmə qərarları › İş №2-1(114)-2793/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2793/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2793/2024 07.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1991-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, hazırda Bərdə rayonunda yaşayır. İddiaçının pensiya ödənişi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-V-79757/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki,mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. MEİS-in “Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2022- ci il tarixindən İİ dərəcə əlilliyi müəyyən edildiyi üçün müvafiq olaraq həmin tarixdən 268,61 manat (Qanunun 29.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla əmək pensiyası ödənişi bərpa edilmişdir. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 285,27 manat müəyyən edilib və Qanunun 29'.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 327,21 manata, xx.xx.2024-cü il tarixindən 363,86 manata çatdırılıb. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinin tələblərinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Müraciətin icrası ilə əlaqədar olaraq bildiririk ki, əlillik müddətinizin bitdiyi tarixdən 6 aydan çox (9 ay 5 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ikinci qrup əlildir, təkrar müayinə olunmaq üçün olan müddət 02 iyun 2021-ci il tarixdə bitmişdir. O,11 ay stosionar və ambulator müalicə və müayinə olunmuş,lakin həmin müddət maddi cəhətdən yol xərcləri ailənin dolanması üçün borc yaranmışdır.O, xx.xx.2021-ci il tarixdən 12 05 2022-ci il tarixədək stosionar və ambulator müalicə almış,həmin müddət əlillik dərəcəsi təyin edilməmişdir,həmin müddət ərzində xeyli miqdarda borcu olmuşdur,hal-hazırda həmin borcunun çox hissəsi ödənilməmişdir. Buna görə də,yığılmış sosial müavinətin verilməsi üçün cavabdehə müraciət etmiş və ona rəsmi olaraq imtina verilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024 tarixli, 3-17-1/2-134776/2024 saylı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 12.1 -ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Əlillik" altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddəti xx.xx.2021- ci il tarixdə bitməsi ilə əlaqədar olaraq onun əlilliyə görə əmək pensiyası ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. MElS-in “Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2022- ci il tarixdən İİ dərəcə əlillik müəyyən edildiyi üçün müvafiq olaraq həmin tarixdən 268,61 manat (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) olmaqla əmək pensiyası ödənişi bərpa edilmişdir. Qanuna xx.xx.2023cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyası məbləği xx.xx.2023-cü il tarixdən 285,27 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 327,21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata çatdırılmışdır. Bildiririk ki, iddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (9 ay 5 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş əlilliyin qiymətləndirilməsi ilə bağlı materiallar, cavabdehin etirazı, iddiaçının müavinət işinin təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək beş illik müddətinə əlillik müəyyən edilmişdir. Əlillik müddəti bitdikdən sonra əlilliyi yenidən qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinə nəticəsində iddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası ödənilməyə başlanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (9 ay 5 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mübahisə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyasının ödənilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2.Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyə görə pensiya təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, 6 aydan çox – 10 ay 23 gün sonra əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əlilliyinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş 10 aydan artıq müddət keçdikdən sonra isə bərpa edilmişdir. İddiaçının ötürülmüş müddət də daxil olmaqla əlil olan şəxs hesab edilməsi üçün müəyyən edilən müddət (6 ay) xx.xx.2021-ci il bitmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun 3.3-1-ci maddəsinin xx.xx.2021-ci il tarixdə qüvvəyə minməsini nəzərə alaraq qeyd olunur ki, iddiaçının ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsinin son müddətinin (6 ay) bitdiyi tarixdə (xx.xx.2021) sözügedən norma qüvvədə olmamışdır. Beləliklə, iddiaçı sözügedən tarixlər arasındakı dövrdə əlilliyi olan şəxs hesab edilmədiyi üçün ona həmin dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar