Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2796/2023 21.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə qarşı (üçüncü şəxs Şəmkir Rayon İcra Hakimiyyəti) kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə JN-679 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Şəmkir şəhəri ərazisində paylı mülkiyyət hüququ əsasında onun mülkiyyətində olan 0.2975 ha torpaq sahəsinin dəyəri olan 59500 (əlli doqquz min beş yüz) manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6536/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə JN-679 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında Şəmkir şəhəri ərazisində iddiaçının, digər mülkiyyətçilər X2, X3 və X1 ümumi birgə mülkiyyətimizə 1.19 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin vaxtdan bəri torpaq sahəsi ayrılıb onlara verilmişdir. İddiaçı əvvəllər ona məxsus torpaq sahəsindən istifadə etsə də, sonradan həmin torpaq sahəsindən istifadə etməmişdir. 2020-ci ildən sonra öz mülkiyyətində olan torpaq sahəsindən ailəsinin ehtiyaclarını qarşılamaq üçün istifadə etmək istəsə də, bu mümkün olmamışdır. Belə ki, iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə, həmin idarə tərəfindən ona bildirilmişdir ki, ona məxsus torpaq sahəsi üzərində X9 Kompleksi inşa edilmiş və bu səbəbdən ərizənin icrasının mümkün deyildir. İddiaçı hazırda qanuni əsaslarla mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə çıxarış ala bilmir. X9 Kompleksi 9 ha sahəni əhatə edir ki, həmin torpaq sahəsinin 1.19 ha hissəsi onun və digər mülkiyyətiçilərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə düşür. Həmin torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olduğundan 29.75 sotu tam olaraq onun mülkiyyəti sayılır. İddiaçı Şəmkir rayonunda yerli orqanlara ona heç olmasa başqa ərazidən torpaq sahəsi ayrılması barədə müraciət etmiş olsa da onun müraciətinə baxılmamış, ona rayon ərazisində torpaq sahəsi olmadığını, həmçinin X9 Kompleksinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansında olduğu və oraya müraciət etməyini bildirmişlər. Ona görə də iddiaçı məcbur olub Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət etmişdir. Lakin, Nazirlik tərəfindən ona ünvanlanmış 26 may 2022-ci il tarixli, 818/a/332-06/22 saylı məktubda X9 Kompleksinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncamında vətəndaşlara məxsus olan hər hansı sahənin olmasının göstərilmədiyi, kompleksin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinin dövlət və bələdiyyənin mülkiyyətində olması qeyd edildiyi və bununla bağlı müvafiq təsdiqedici sənəd təqdim edildiyi qeyd edilmişdir. Halbuki, mübahisəli torpaq sahəsi tam qanuni əsaslarla iddiaçının və digər mülkiyyətçilərin paylı mülkiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona başqa yerdən torpaq sahəsi verilməmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təmsil etdiyi quruma torpaq sahəsi ayrılmışdır, ona görə də hazırki tələbə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi cavab verməli deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti iş materiallarına əlavə edilmiş:- - Surəti işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-679 Kod 50401004 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə 1.19 ha torpaq sahəsi İddiaçı və digərlərinin mülkiyyətinə verilmişdir. -Surəti işə əlavə edilmiş Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 236 nömrəli sərəncamından görünür ki, Bakı-Qazax avtomobil yolunun Şəmkir- Dəllər yolu ilə kəsişdiyi yerin şimali-şərq hissəsində, “Azpetrol” YDM-si ilə üzbəüz vətəndaşlara məxsus pay torpaq sahəsindən onların razılığı nəzərə alınmaqla X9 Kompleksinin tikintisi altına 9.0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********53 nömrəli bildirişindən görünür ki, təqdim olunmuş JN-679N saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda qeyd olunan 1.0540 ha torpaq sahəsində X6 inşa edilmişdir. -Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 26 may 2022-ci il tarixli, 818/a/332-06/22 saylı məktubundan görünür ki, X9 Kompleksinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sərəncamında vətəndaşlara məxsus olan hər hansı sahənin olması göstərilməmişdir, kompleksin tikintisi məqsədi ilə ayrılmış torpaq sahəsinin dövlət və bələdiyyənin mülkiyyətində olması qeyd edilmişdir və bununla bağlı müvafiq təsdiqedici sənəd təqdim edilmişdir. Beləliklə iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli, 68 saylı qərarı ilə iddiaçıya və digər şəxslərə verilmiş 1.19 ha torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 236 nömrəli sərəncamı ilə X9 Kompleksinin tikintisi üçün ayrılmış 9.0 ha torpaq sahəsi daxilində olmuş və həmin torpaq sahəsi üzərində X9 Kompleksi inşa olunmuşdur. İddiaçı hazırki tələblə ona məxsus torpaq sahəsində inşa edilmiş X9 Kompleksinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansında olmasını nəzərə alaraq həmin orqan tərəfindən ona kompensasiya ödənilməli olduğunu iddia etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, X9 Kompleksi müvafiq ərazidə dövlət mülkiyyətində olan əmlak hesab edilir. Bu baxımdan müvafiq ərazidə inşa ediləcək dövlətə məxsus tikili birbaşa həmin ərazidəki yerli icra hakimiyyəti orqanının icazəsi və nəzarəti əsasında onun tərəfindən ayrılmış torpaq sahəsində həyata keçirilə bilərdi. Bu baxımdan qeyd edilməlidir ki, sözügedən kompleks Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansında olmasına baxmayaraq iddiaçıya və digər mülkiyyətçilərə məxsus həmin torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 236 nömrəli sərəncamı ilə ayrılmışdır. Deməli həmin torpaqların dövlət ehtiyacları üçün alınması zamanı bundan irəli gələn məsələlər, başqa sözlə alınmanın təsirinə məruz qalan şəxslərə ədalətli kompensasiyanın ödənilməsi də icra hakimiyyəti tərəfindən həll edilməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb hazırki cavabdehə qarşı yönəlməli deyil. Odur ki, iddiaçı hazırki tələblə bağlı aidiyyəti cavabdehə (Şəmkir Rayon İcra Hakimiyyətinə) müraciət etməli, müraciəti barədə müsbət qərar qəbul edilmədikdə məhkəməyə müraciət etməlidir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2796/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2796/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver