Məhkəmə qərarları › İş №2-1(114)-2796/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2796/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2796/2024 22.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Rayon (şəhər) XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 375-q nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək böyük inspektor vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixli, AZ-İİİ 384112 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1986-cı il tarixdə anadan olmuş, ata qrafasında “X7, ana qrafasında “X9” qeyd olunmuşdur. DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin nümayəndəsinin və digər şəxslərin (qonşuların) iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, uşaqlıqdan əlil olan X2 doğulduğu xx.xx.1989-cu il tarixdən vəfat etdiyi xx.xx.2015-ci il tarixədək anası İddiaçı qulluq etmişdir. ƏƏSMN-in 546757 nömrəli arayışından görünür ki, X5 uşaqlıqdan əlil olmaqla ona 1ci qrup müddətsiz əlillik təyin edilmişdir. Tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, X2 xx.xx.2002-ci il tarixdən müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixli, AZ-İ 732641 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. DSMF-nin Gəncə şəhər Nizani RİHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 664 nömrəli arayışında bildirilir ki, İddiaçı övladları - X5, X8 və X3 8 yaşınadək tərbiyə etmişdir. DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin xx.xx.2019- cu il tarixli, 84/83 nömrəli arayışından görünür ki, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən İddiaçı xx.xx.1986-cı il təvəllüdlü övladı X2 xx.xx.1989-cü il tarixdən xx.xx.2002-ci il tarixədək 16 yaşadək sağlamlıq imkanlarının məhdudluğu ilə bağlı sosial müavinət təyin olunaraq qanunamüvafiq ödəniş aparılmış, R.Tağıyevaya xx.xx.2002-ci il tarixdən xx.xx.2015-ci il vəfat etdiyi tarixədək 1-ci qrup ümumi xəstəlik səbəbindən əlilliyə görə sosial müavinət təyin olunmuş və qanunamüvafiq ödəniş aparılmışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əmək pensiyasının daxili nəzərət nəticəsində yenidən hesablanması nəticəsində müəyyən edilmişdir ki, uşaqlıqdan əlil övladı X1 TSEK sənədləri olmadığından vətəndaşın pensiya hüququ xx.xx.2019-cu il tarixindən yaranmamışdır, lakin vətəndaşın pensiya sığorta kapitalı olduğu üçün yaşa görə pensiya hüququ xx.xx.2022-ci il tarixindən yaranmış və səhv təyinat aparıldığından xx.xx.2019-cu il tarixindən xx.xx.2023cü il tarixinədək 6943.96 manat artıq vermə yaranmışdır. X4 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, mərhum qızı X2 xx.xx.1989-cü il tarixdən xx.xx.2002-ci il tarixədək və daha sonra İ qrup əlil olduğu vaxtdan vəfat etdiyi tarixədək həmin dövrdə arvadı İddiaçı qulluq etmiş və böyütmüş, özü isə həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-ci il tarixli 3-17-1/2-İ-141744/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı iddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək əmək pensiyasının bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.1986-cı il təvəllüdlü qızı X5 anadangəlmə ikitərəfli beyin iflici xəstəliyi ilə doğulmuş, bütün ömrünü onun xəstə həyatına həsr etmişdir. Xəstə övladı ilə birlikdə onun iki oğlu xx.xx.1989-cu il təvəllüdlü X8 və xx.xx.1993-cü il təvəllüdlü X6 övladları var. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-129739/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-208870/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i- 259735/2023 nömrəli qərarların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim edərək həmin qərarlardan məlumatı olmadığını, qərarlar ona göndərilmədiyindən 1 ay müddətində həmin qərarları mübahisələndirə bilməmişdir. İddia müddəti ondan asılı olmayan üzrlü səbəblərdən buraxılmışdır. Odur ki, müddətin bərpası barədə ərizə təqdim edərək iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı işdə iddianın xüsusi mümkünlük şərti kimi məhkəmə qeyd edir ki, mübahisələndirilən cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli 3-17- 1/1-i-129739/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-208870/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-259735/2023 nömrəli qərarlarının iddiaçıya surətinin iddiaçıya göndərilməsi müəyyən olunmur, eləcə də qərarda həmin inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri əks olunmamışdır. İddiaçı məhkəmə iclasında müddətin bərpası barədə ərizə təqdim edərək həmin qərarlardan məlumatı olmadığını, qərarlar ona göndərilmədiyindən 1 ay müddətində həmin qərarları mübahisələndirə bilməmişdir. İddia müddəti ondan asılı olmayan üzrlü səbəblərdən buraxılmışdır. Odur ki, müddətin bərpası barədə ərizə təqdim edərək iddia müddətinin bərpa edilməsini xahiş etmişdir.Məhkəmənin qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -8.2-ci maddəsinə əsasən, əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4-cü maddəsinə görə, sığortaolunanın (qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən şəxslər) sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. Hazırkı iş üzrə də mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının razılığının alınması halı müəyyən edilmir.

1. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir. Eyni zamanda hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır. Beləliklə, hazırkı mübahisə üzrə inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-129739/2023 nömrəli, xx.xx.2023cü il tarixli 3-17-1/1-i-208870/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-259735/2023 nömrəli qərarlar qəbul edilmişdir. Ona görə də, həmin qərarlar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-129739/2023 nömrəli, xx.xx.2023cü il tarixli 3-17-1/1-i-208870/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1-i-259735/2023 nömrəli qərarları ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar