Məhkəmə qərarları › İş №2-1(114)-2796/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2796/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2796/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, 26 may 2007-ci il tarixli 06 saylı Tovuz rayonu Aşağı Quşçu bələdiyyəsinin qərarına əsaəsn torpağın alqı-satqısına dair akt əsasında ona satılmış torpaq sahəsinə dair sənəd əsasında daşınmaz əmlaka mülkiyyət hüququna əsas olan çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 24 may 2007-ci ildə Tovuz rayon Aşağı Quşçu bələdiyyəsinin qərarına əsasən ona 0,08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona ayrıllıb verilməsinə dair şəhadətnamə aktı tərtib olunmuşdur. O, torpaq sahəsi üçün ödəmə də etmişdir. Torpaq sahəsinin yerləşdiyi sxem də ona tərtib edilərək verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun sahiblik və istifadəsindədir. Bildirir ki, torpaq sahəsinin rəsmiləşmə edilməsi üçün o, Daşınmaz Əmlakın 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin o, müsbət cavab almamışdır. Belə ki, torpaq sahəsinə dair çıxarışın əldə edilməsi ilə bağlı rəsmi qaydada müraciət etsə də və faktiki şəkildə torpaq sahəsini göstərməyinə baxmayaraq guya torpağı göstərmədiyi üçün imtina edilmişdir. Qeyd edir ki, ona məxsus sənədlərin nüsxəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim edilmişdir. Ümumilikdə qeyd edilən sənədlər təqdim edilməsə də bunun həll edilməməsi dövlət orqanı və ya yerli özünüidarə strukturunun məsuliyyəti hesab oluna bilər. Torpaq sahəsinin ölçülməsi üçün o, yeri də təqdim edərk göstərmişdir. Əsassız olaraq cavabdeh təşkilatın bundan imtina etməsi tam olaraq qanunsuz və ədalətsizdir. II. Prosessual məsələlər

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, inzibati orqana müraciətinin yerquruluşu xəritəsindən çıxarışın istənilməsi ilə bağlı olduğu, tələbinin isə torpaq sahəsinə dair çıxarışın verilməsindən ibarət olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə qeyd edilmişdir.

Əsaslandırma hissəsi:

4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

6. İddia ərizəsi, o cümlədən iş materialları ilə müəyyən edilir ki, iddiaçının inzibati orqana müraciəti yerquruluşu xəritəsindən çıxarışın istənilməsi ilə bağlı olmuşdur, tələbi isə torpaq sahəsinə dair çıxarışın verilməsindən ibarətdir.

7. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Məhkəməyə təqdim olunmuş materiallarda isə iddiaçının cavabdeh inzibati orqana müraciəti və bundan imtina edilməsi (və ya hərəkətsizlik göstərməsi) barədə yazılı sənəd mövcud olmamışdır.

8. Həmçinin, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, yuxarıda qeyd edilən hallar ətraflı şəkildə izah edilmiş və yol verilən xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları və çatışmazlıqları aradan qaldırmamışlar.

9. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

10. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

11. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar