Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2797/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbayan Respublikası Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi (arvadı) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil- İstismar Hissəsinə qarşı mənzil kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. 08.07.2023-cü il tarixli MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə M/V 132423 nömrəli veteran vəsiqəsi verilmişdir.
3. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 39 nömrəli arayışından məlum olur ki, kiçik leytenant İddiaçı silahlı qüvvələrdə xx.xx.2013-cü il tarixdən xidmətdədir. N nömrəli hərbi hissədə xx.xx.2024-cü il tarixdən xidmətə başlayıb.
4. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı Gəncə rayon Mənzil- İstismar Hissəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli 574 nömrəli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən yaşayış sahəsi ilə ilk növbədə növbəlilik qrafiki üzrə zabit, gizir heyəti təmin edilirlər. Onun mənzil növbəsi çatmadığına görə yaşadığı mənzilin sənədləşdirilməsi Gəncə rayon Mənzil İstismar hissəsinin səlahiyyətləri xaricindədir.
5. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissənin tərkibində olan ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Gəncə rayon Mənzil-İstismar Hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması ilə əlaqədar inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil-İstismar hissəsinin balansındadır. Mənzil 2 (iki) otaqlı olmaqla 29,5 kv.m yaşayış sahəsindən ibarətdir. O, ailə üzvləri ilə birlkdə uzun müddətdir bu mənzildə yaşayır və xx.xx.2013-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit qismində xidmət edir. Aprel döyüşlərində, 44 günlük müharibədə və antiterror əməliyatlarında iştirak etmişdir. Ağır qəlpə yaraları almışdır. Bu barədə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının arayış və çıxarış epikrizi (xəstəlik tarixi) var. Müharibə veteranıdır. Bütün bunlara baxmayaraq vətənə xidmətini davam etdirir. Müxtəlif hərbi hissələrdə xidmət etdiyinə görə vaxt tapıb yaşadığı mənzili sənədləşdirə bilməmişdir. Belə ki, sözü gedən mənzilə dair onun adına kirayə müqaviləsinin bağlanması və mənzilə şəxsi hesab vərəqəsinin açılması üçün aidiyyatı üzrə Gəncə rayon Mənzil-İstismar hissəsinə şifahi və yazılı müraciətlər etmiş, lakin Gəncə rayon MİH tərəfindən imtina edilərək ona bildirilmişdir ki, mövcud qanunvericiliyə görə hərbi qulluqçular üçün nəzərdə tutulmuş evlərlə ilk növbədə növbəlilik qrafiki nəzərə alınmaqla zabit və gizir heyəti təmin olunurlar, lakin onun mənzil növbəsi çatmadığına ğörə ona kömək etmək onların səlahiyyətləri xaricindədir. Bu barədə Gəncə rayon MİH-nin rəsmi məktubu da vardır. Odur ki, o, həmin idarənin bu hərəkətini qanunsuz hesab edib, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmin idarənin onun ərizəsinə imtina cavabı verməsi tamamilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Onun isə yeganə yaşayış yeri yaşadığı ünvandır. Əlavə olaraq bildirmək istəyir ki, yaşadığı müddət ərzində xidməti mənzillər üçün nəzərdə tutulmuş öhdəlikləri, yəni yaşayış sahəsi üzrə və kommunal xidmətlərə görə yaşadığı mənzilin qorunub saxlanılmasına görə hər ay bu günə qədər yerinə yetirmişdir. III.İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
9. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
10. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
11. Hazırkı işdə məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi tələb olunan müddətlə bağlı şərt də ödənilmişdir. Belə ki, İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı Gəncə rayon Mənzil-İstismar Hissəsinə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli imtina məktubu müraciətdən imtina etmişdir. İddiaçı hazırkı tələblə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə, 30 günlük müddətə riayət etmişdir.
12. Cavabdehin yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
13. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
14. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
16. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, üzürlü səbəbən iştirak edə bilmədiklərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. İddiaçının nümayəndəsi (arvadı) X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
18. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 08.07.2023-cü il tarixli MN ******* nömrəli şəxsi vəsiqə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2023-ü il tarixli M/V 132423 nömrəli veteran vəsiqəsi; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 39 nömrəli arayışı; - Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2024-cü il tarixli 574 nömrəli cavab məktubu; - N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
21. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması məsələsinə baxılmasını tələb etsə də, cavabdeh orqan “İnzibati İcraat haqqında” Qanunun tələblərinə zidd olaraq yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyətinin təmin edildiyini, iddiaçının isə mənzil növbəsi çatmadığını əsas gətirərək onun ərizəsinin təmin edilməsindən imtina etməsi barədə məktubla cavab verməklə kifayətlənmişdir.
22. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
23. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 12.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
24. Qeyd olunan normanın məzmunundan aydın olur ki, hərbi qulluqçuya dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir.
25. İş materialları ilə də təsdiq olunur ki, iddiaçı uzun müddətdir ki, sözügedən mənzildə yaşayır.
26. Mövcud mənzil qanunvericiliyinin tələblərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır.
28. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Bu Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 28. Fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. Maddə 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: Maddə 61.1. Yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
29. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan yaşayış sahəsinə ehtiyacı olan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir.
30. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması və şəxsi hesab vərəqəsinin açılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva