Məhkəmə qərarları › İş №2-1(114)-28/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-28/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-28/2022 05.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X8, X4, X11) qarşı şəhadətnamələrin ləğv edilməsi və koordinatların düzgün işlənərək hüquqların dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.02.1999-cu il tarixli 60 saylı qərarı ilə İddiaçı1 və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı5 (bundan sonra mətndə - iddiaçılar) 0,20 ha torpaq sahəsi verilmiş, bunun əsasında JN-047F kod 50408018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamənin 18.02.2002-ci il tarixdə DT və XK Şəmkir rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmiş həyətyanı sahənin qaiməsindən görünür ki, torpaq sahəsinin ümumi sahəsi 2019,9 kv.m-dir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.02.1999-cu il tarixli 60 saylı qərarı ilə X12 və onun ailə üzvləri X7, X8, X9, X5 (bundan sonra mətndə- üçüncü şəxslər) 0,18 ha torpaq sahəsi verilmiş, bunun əsasında JN-048F kod 50408018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamənin 18.02.2002-ci il tarixdə DT və XK Şəmkir rayon şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiq edilmiş həyətyanı sahənin qaiməsindən görünür ki, torpaq sahəsinin ümumi sahəsi 1815,4 kv.m-dir. İddiaçılar 2021-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-047 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin koordinatlarında düzəliş edilməsini xahiş etmişlər. Cavabdeh 04.02.2021-ci il tarixli **********09 nömrəli məktubla səlahiyyətinə aid olmamasını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçılar əvvəl iddia ərizəsi, daha sonra dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəmkir rayon Ağlavaşlı (sabiq Qasım İsmayılov) kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair Şəmkir rayon Aqrar İslahat Komissiyasının 18.04.2002-ci il tarixli JN-047 KOD 50408018 nömrəli və qardaşı və onun ailə üzvlərinə verilmiş JN-048 kod 50408018 nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, torpaq sahəsinin koordinatları düzgün işlənərək hüquqların qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılara Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.02.1999-cu il tarixli 60 nömrəli qərarı ilə Şəmkir rayon Qasım İsmayılovhazırkı Ağlavaşlı kəndi ərazisində fərdi yaşayış evi tikmək üçün 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair JN-047F, kod 50408018 nömrəli 18.04.2002-ci il tarixli şəhadətnamə alınmışdır. 1999-cu ildə həmin ərazidə torpaq paylanarkən təsərrüfat başçısı kimi İddiaçı1 və mərhum qardaşı Mayıl Alıyevə verilmiş torpaq sahəsi diqqətsizlikdən dəyişik verilmişdir. Yəni JN-048 nömrəli şəhadətnamə iddiaçılara verilməli olduğu halda, səhvən JN-047 şəhadətnamə verilmişdir. 20 ildən artıqdır ki, iddiaçılar mərhum Mayılın adına olan JN-048 nömrəli şəhadətnamədəki torpaqdan istifadə edirlər. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahatlar vermişlər. Məhkəmənin 01.04.2021-ci il tarixli qərardadı ilə X7, X8, X9, X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxslər iddiaya etiraz edərək bildirmişdirlər ki, indiyədək hər kəs öz torpaq sahəsini istifadə edir. Qarşı tərəflə aralarında ailədaxili mübahisələri vardır, bu səbəbdən əsassız iddia qaldıraraq qəsdən qərəzli olaraq onları məhkəmələrdə süründürmək qərarına gəlmişlər. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş üzrə verilmiş 11/M-147 nömrəli 13.09.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsi JN-48F Kod 50408018 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,18 ha torpaq sahəsi ilə üst-üstə düşür. Digər tərəfdən üçüncü şəxslərin iddia etdikləri torpaq sahəsi JN-48F Kod 50408018 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,18 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında şahid qismində dindirilmiş mütəxəssis X2 izahatında bildirmişdir ki, torpaq sahəsinə yerli baxış keçirilən zaman hər iki tərəf eyni torpaq sahəsinin onlara məxsus olduqlarını bildirmişdir. İddiaçıların istifadələrində olduğu iddia etdiyi torpaq sahəsi JN-48F Kod 50408018 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,18 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bununla yanaşı, qarşı tərəfin onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsinin koordinatları da JN-48F Kod 50408018 saylı şəhadətnamə ilə müəyyən edilmiş 0,18 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak etmiş iş üzrə ekspert X3 izahatında bildirmişdir ki, tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 10/5327 nömrəli ekspert rəyi mütəxəssis rəyinə istinad olunaraq tərtib edilmişdir. Sadəcə rəyin tərtibi zamanı texniki səhvə yol verilərək “tədqiqatın nəticəsi” hissəsinin birinci abzasında “JN048F” əvəzinə “JN047F” yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, 2012-ci ildən Şəmkir rayon İcra Hakimiyyəti başçısının Ağlavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi işləyir və tərəflərlə eyni kənddə yaşayır. İddiaçı tərəf son bir il ərzində ona torpaq sahəsinin koordinatlarının düzgün işləməməsi ilə bağlı müraciət etmişdir. Mübahisəli torpaq sahəsinin kimlər tərəfindən faktiki istifadə edilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, 2000-ci ildən Şəmkir rayon Ağlavaşlı kənd bələdiyyəsinin sədridir. Hər iki tərəflə qohumluq münasibətləri mövcuddur. Mübahisəli torpaq sahəsinin kim tərəfindən faktiki istifadə edilməsi barədə məlumatı yoxdur. Həmin ərazi xüsusi mülkiyyət olduğu üçün getməmiş, yalnız 5-6 il əvvəl Rövşənlə qonşusu Mayıs arasındakı mübahisə zamanı getmişdir. Hər bir həyətyanı torpaq sahəsi hasarlanmalı olduğu halda iş üzrə tərəflər özlərinə məxsus torpaqları əvvəldən hasarlanmamış, sərhəd qoymamışlar. 28.03.2022-ci il tarixdə məhkəmə heyəti tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən JN-048F nömrəli şəhadətnamədəki 0,18 ha torpaq sahəsi ilə JN-047F nömrəli şəhadətnamədəki 0,20 ha torpaq sahəsi yanaşı olması, aralarında çəpərin, hasarın olmaması, hər iki torpaq sahəsi baxımsız vəziyyətdə, enişli-çıxışlı torpaq ərazilər olması müəyyən edilmişdir. Baxış zamanı iddiaçı tərəf də, üçüncü şəxs tərəf də eyni torpaq sahəsini - 0,18 ha torpaq sahəsini göstərərək, həmin hissəni istifadə etdiklərini iddia etmişlər. Həmin torpaq sahəsində 7-8 ədəd meyvə ağacları mövcud olmuş, tikinti işləri aparılmamış, təyinatı üzrə həyətyanı torpaq sahəsi kimi istifadə olunmamışdır. Proses iştirakçılarının verdiyi məlumata əsasən hər iki torpaq sahəsi əvvəllər ümumi istifadədə olmuşdur. Məhkəmə araşdırmasının predmetini JN-47F Kod 50408018 və JN-48F Kod 50408018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin təsdiqlənmiş surəti, 11/M-147 nömrəli 13.09.2021-ci il tarixli mütəxəssis rəyi, 19.11.2021-ci il tarixli 10/5327 nömrəli ekspert rəyi, Şəmkir rayonu Qasım İsmayılov kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmənin 05.05.2022-ci il tarixli qərardadı ilə iddia “18.04.2002-ci il tarixli JN-047 KOD 50408018 nömrəli və JN-048 kod 50408018 nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddia “torpaq sahəsinin koordinatları düzgün işlənərək hüquqların qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İşin faktiki halları ilə müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.02.1999-cu il tarixli 60 saylı qərarı ilə iddiaçılara və üçüncü şəxslərə həyətyanı torpaq sahələri verilmiş və bununla bağlı müvafiq olaraq JN-047F Kod 50408018 və JN-048F Kod 50408018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir. Hazırda iddiaçılar iddia edir ki, həmin şəhadətnamələrdəki koordinatların düzgün işlənməmişdir. Belə ki, onların adına işlənmiş JN-047F Kod 50408018 nömrəli şəhadətnamədəki torpaq sahəsini faktiki olaraq üçüncü şəxslər, üçüncü şəxslərin adına tərtib edilmiş JN-047F Kod 50408018 nömrəli şəhadətnamədəki torpaq sahəsini isə faktiki olaraq iddiaçılar istifadə edirlər. Aqrar islahat zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamənin: 3-cü bəndinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. 8-ci bəndinə əsasən verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. İşdə olan JN-048F və JN-047F nömrəli "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin "torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölmələrindən görünür ki, hər iki sənəddəki sxemlər bir-birini tamamlayır və qeyd olunan 0,18 ha və 0,20 ha torpaq sahələri bir-biri ilə qonşudurlar. Hər iki torpaq sahəsi mülkiyyətçilərə Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 23.02.1999-cu il tarixli, 60 nömrəli qərarı əsasında verilmişdir. Qeyd olunmalıdır ki, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. İş üzrə mütəxəssis və məhkəmə heyətinin iştirakı ilə keçirilmiş yerli baxışlar zamanı hər iki tərəf JN-048F nömrəli şəhadətnamədəki torpaq sahəsinə iddia etmişlər. Ancaq nə JN-048F nömrəli şəhadətnamədəki torpaq sahələrinin faktiki iddiaçılar tərəfindən, nə də JN-047F nömrəli şəhadətnamədəki torpaq sahələrinin faktiki üçüncü şəxslər tərəfindən istifadə edilməsi məhkəmə araşdırması zamanı da müəyyən olunmur. Həmin torpaq sahələri həyətyanı olsa da, orada heç bir tikinti işləri aparılmamış, yaşayış evinin tikintisi məqsədilə istifadə olunmamışdır. Belə olan halda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin səhv işlənməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə - hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “18.04.2002-ci il tarixli JN-047 KOD 50408018 və JN-048 kod 50408018 nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamələrdəki torpaq sahəsinin koordinatları düzgün işlənərək hüquqların qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar