Məhkəmə qərarları › İş №2-1(114)-280/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-280/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-280/2022 10.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın göndərilməsi və ödənilməmiş kirayə haqqının hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin Cavabdehndə mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsinə və yaşayış sahəsinin kirayəsi üçün aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi öhdəliyinin qoyulması, həmçinin 2020-ci il fevral ayından 2021-ci ilin noyabr ayına qədər 22 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlamış və 2016-ci ildə xidmət müddəti başa çatdığı üçün X5 əmrinə əsasən öz arzusu ilə xidmətdən ehtiyyata buraxılmışdır. 2020-ci il yanvar ayından 2020-ci ilin fevral ayınadək Cavabdehnə müraciət etmiş və ona müvəqqəti mənzil kirayəsi xərci hər ay müntəzəm olaraq ödənilmişdir. Lakin 2020-ci ilin fevral ayından ona mənzil kirayəsi üçün xərclərin ödənilməsi dayandırılmışdır. Buna səbəb isə həmin mənzil kirayəsi xərclərinin ödənilməsi barədə razılaşdırılmış sənədlərin Cavabdeh tərəfindən Maliyyə Nazirliyinə göndərilməməsi olmuşdur. Belə ki, əvvəl Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən Cavabdehndən onun barəsində tələb olunan məlumatlar barədə arayışlar təqdim olunur və həmin məlumatlar Cavabdeh tərəfindən Maliyyə Nazirliyinə təqdim edilir və nəticədə iddiaçı həmin mənzil kirayəsi xərcini alırdı. İndi isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tələb olunan məlumatları Cavabdehnə təqdim etməkdən imtina edir və imtinasını belə əsaslandırır ki, “Ehtiyyata və istehfaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydalarınm müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarı ona şamil edilimir. İddiaçı hesab edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin bu barədə mövqeyi qanuna ziddir və onun hüquqlarını pozur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ildən 2021-ci ilin avqust ayınadək ünvan 1 ünvanda kirayədə yaşamış, kirayə haqqını nağd şəkində ödəmiş, avqust ayında kirayə haqqını ödəyə bilmədiyinə görə həmin mənzildən çıxmışdır. Hazırda əmisi oğluna məxsus evdə yaşayır. Üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidməti Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 06.08.2012-ci ıl tarixli qərarına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin üzərinə qoyulan vəzifə, rayon icra hakimiyyəti tərəfindən təqdim edilən, qərarın birinci hissəsində göstərilən şəxslər (yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar habelə 15 təqvim ili daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları) sırasından olan vətəndaşlar barədə məlumatların razılaşdırılmasıdır. Əlavə olaraq bildirirəm ki, ehtiyatda olan gizir İddiaçı Mülki oğlu 12.11.2016-cı il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "a" bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılaraq qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Cavabdehə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -17072 saylı hərbi hissənin 12-13 noyabr 2016-cı il tarixli 278 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) həqiqi hərb xidmətdən ehtiyata buraxılmışdır. -05.07.2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 104 nömrəli binanın, 5 nömrəli mənzil İddiaçı 05.07.2022-ci il tarxinədək kirayəyə verilmişdir. -Cavabdeh 10.11.2021-ci il tarixli 2289 nömrəli məktubundan görünür ki, İddiaçı öz arzusuna görə hərbi xidmətdən ehtiyata buraxıldığına görə ona kirayə haqqının ödənilməsindən imtina edilmişdir. -19.11.2021-ci il tarixli **********121 nömrəli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, İddiaçı həqiqətən 22.07.1995-15.03.1996, 12.08.1997-26.04.2008, 26.04.2008-12.11.2016-cı il tarixlərində həqiqi hərbi xidmət keçmiş, xidməti müddəti başa çatdığına görə ehtiyyata buraxılmışıdır. -Əmlak Məsələləri Dövlət Xidmətinin 13.12.2021-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 09.03.2022-ci il tarixli məktubda bildirilir ki, İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 104 nömrəli binanın, 5 nömrəli mənzilində hal- hazırda yaşamır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 22.07.1995-ci ildə hərbi xidmətə qəbul edilmiş, 12.11.2016-cı il tarixdə Daxili İşlər Nazirliyinin əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı 2020-ci il fevral ayından 2021-ci ilin noyabr ayına qədər 22 aylıq dövr ərzində ödənilməmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın hesablanaraq ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının öz arzusuna əsasən ehtiyyata buraxılmasını əsas gətirərək bundan imtina etmişdir. Məhkəmə qeyd olunan imtina ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndində qeyd olunmuşdur ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 104 nömrəli binanın, 5 nömrəli mənzilə dair 05.07.2019-cu il tarixli kirayə müqaviləsini təqdim etsə də, məhkəmə iclası zamanı verdiyi izahatında 2019-cu ildən 2021-ci ilin avqust ayınadək həmin mənzildə kirayədə yaşadığını, avqust ayında kirayə haqqını ödəyə bilmədiyinə görə həmin mənzildən çıxdığını etiraf etmişdir. Həmçinin məhkəmənin müvafiq sorğusuna cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 104 nömrəli binanın, 5 nömrəli mənzilində hal-hazırda yaşamır. Beləliklə iddiaçı faktiki olaraq kirayə haqqının ödənilməsini tələb etdiyi mənzildə yaşamadığı üçün ona müvəqqəti mənzil kirayəsi xərclərinin verilməsi də istisna olunur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı aylıq kirayə haqqının ödənilməsinə dair məlumatın göndərilməsi və ödənilməmiş kirayə haqqının ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar