Məhkəmə qərarları › İş №2-1(114)-280/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-280/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-280/2024 18.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona xəstəliyi ilə bağlı İİİ dərəcə əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə Daşkəsən rayon hərbi komissarlığından hərbi xidmətə çağırılaraq Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qızğın döyüşlərin birində xx.xx.1994-cü il tarixdə düşmən gülləsindən ağır yaralanmışdır. Həmin vaxt Sabirabad rayon Mərkəzi Xəstəxanasında onun sol ayağının aşıq daban oynağından güllə cərrahiyyə yolu ilə çıxarılmışdır. Sonra N saylı Hərbi Hospitalda stasionar müalicə olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi qərarda ona “Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanmasından sonra yerişin trofik pozğunluğu, sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu və artrogen kontrakturası, sol aşağı ətraf funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. xx.xx.1994-cü il tarixdən, xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə stasionar müayinə və müalicə olunmuşdur. Tibbi sənəddə qeyd edilir ki, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan əlavə iddia ərizəmə əlavə etdiyim X2 Mərkəzinin xx.xx.2021-ci il tarixli “qamış-açıq oynağının R-müayinəsi, həmin tarixli “döş qəfəsinin R-müayinəsi”, həmin tarixli rentgen müayinəsi, həmin tarixli “onurğa sütununun R-müayinəsi”, Gəncə 2 saylı Birləşmiş xəstəxanasının xx.xx.2021-ci il tarixli ambulator xəstənin tibb kartası, Mingəçevir şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli “sol topuq nahiyyəsinin KT, həmin xəstəxananın xx.xx.2021-ci il tarixli “ayaq pəncəsinin MRT” müayinəsi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutunun xx.xx.2022-ci il tarixli, ********** saylı arayışı, 04.08.22-ci il tarixli rentgen müayinəsi, Cərrahiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli protokolu, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışdan, xx.xx.2022-ci il tarixli boyun MRTsi, xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartası, xx.xx.2022-ci il tarixli Forma AZS- 088, xx.xx.2023-cü il tarixli amulator xəstənin tibb vərəqi ilə də qeyd ounan xəstəliklər, travmalar, həmin xəsarətləri döyüşlər zamanı aldığı tam təsdiq olunur. xx.xx.2010-cu il tarixdən ona ümumi xəstəliklə bağlı İİİ qrup "illik dərəcəsi verilmişdir. Axırıncı dəfə xx.xx.2016-ci il tarixdə ona 5 il müddətinə üçüncü dərəcə əlillik dərəcəsi verilmişdir. Həmin beş il müddətində o dəfələrlə həkim müayinəsindən keçməklə, stasionar müalicə almışdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixə kimi Gəncə şəhər 2 saylı birləşmiş xəstəxanada və digər tibb müəssisələrində müalicə olunmuşdur. Hazırda da qeyd olunan xəstəliklərdən əziyyət çəkir və müalicə olunur. Cavabdeh orqan Azərbaycan Respublikası ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasında axırıncı dəfə o, 2022-ci ilin okyabr ayında əyani müayinədə olmuş və poliklinikadan Forma 88-i təkrar TSEK-na göndərsələr də xx.xx.2022-ci il tarixdə ona yenidən imtina cavabı verilmişdir. İmtinada ona “İçəri (medial) topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol açıq-baldır oynağının ön tış səthində kobud dartıcı çağıq toxuması” diqnozu qoyulmuş və qeyd edilmişdir ki, bu diaqnoza görə əlillik təyin olunmur. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Daşkəsən rayon sakini xx.xx.1971-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 76 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın aşağı 1/3nin kor güllə yaralanması, sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının posttravmatik deformasiyaedici osteoartrozu və artrogen kontrakturası, sol aşağı ətraf funksiyasının cüzi dərəcədə pozulması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol ayağında hərəkət məhdudluğun olmasından şikayət etmiş, sol aşağı ətrafda topuq nahiyəsində çapıq izlənilmiş, hərəki məhdudluq aşkar edilməmişdir. Yanaşı olaraq plevrit xəstəliyi keçirdiyini ifadə etdiyi üçün müayinə olunmuş, auskultasiya zamanı vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuş, saturasiya SpO2-96%, nəbzi 89 vurğu müəyyən edilmiş, kəskin tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş X1 və Ortopediya İnstitutu xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışda qeyd olunmuş diaqnoz “Odlu silahla yaralanmadan sonra sol hər iki topuğun bitişmiş sınığı, sola aşıq baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması, artrozu açıcı-bükücü kəskin kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə) sol aşıq sümüyünün bir neçə ədəd və teonekrotik kistləri, qamış sümüyünün oynaq səthində yaxın subxondral asteonekrotik kisti bel fəqərələrinin osteoxondrozu, irridasiya verən kəskin kökcük ağrı sindromu, sümüklərin osteoparozu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulmasr" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -iş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının Qərarından görünür ki, İddiaçı xx.xx.1994-cü ildə aldığı yaralanmanın dioqnozu « Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanması, sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu və artrogen kontrakturası, sol aşağı ətraf funksiyasının cüzi dərəcədə pozulması » səbəbindən xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixə kimi N saylı hərbi hissədə stasionar müayinə və müalicə olunmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə İddiaçı tam diaqnoz kimi « odlu silahla yaralanmadan sonra sol hər iki topuğun bitişməmiş sınığı, sol hər iki topuğun bitişməmiş sınığı, sol aşıq baldır oynağının ön bayır o səthində kobud dartıcı çapıq toxuması. Qamış sümüyünün oynaq səthinə yaxın subxondral osteonekrotik kisti. Posttravmatik deformasiyaedici osteoartroz, artrogen kontraktura. Sol aşağı ətrafın atrofiyası. Dayaq, yeriş hərəkəti, funksiyasının pozulması ilə. C5-C6 fəqərəarası diskin protruziyası. C6-C7 fəqərəarası diskin ekstruziyası, daimi kökcük ağrıları ilə. Boyun fəqərələrinin osteoxondrozu » qeyd edilmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, T 849/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz - “İçəri (medial) topuğun sınığı. Odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıqbaldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması” əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2011-ci il tarixli, 54 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Qərarının surətindən görünür ki, İddiaçı İİİ qrup əlilliyə görə xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 85,64 manat məbləğində pensiya təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona xx.xx.2010-cu il, xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə «Sol aşıq-daban oynağının odlu silah yaralanmasından sonra əmələ gələn deformasiyaedici artrozo-artriti. Sol incik sinirinin zədə nevriti, trafiki pozğunluq ilə. Yerişin ciddi pozulması» diaqnozu ilə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə « Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu. Artrogen kontraktura. Sol aşağı ətraf funksiyasının nəzərə çarpan pozulması » diaqnozu ilə, xx.xx.2021-ci il tarixdə « Bədənin dəqiqləşdirilməmiş nahiyəsinin açıq yarası, ol baldırın aşağı 1/3-nin kor güllə yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu » diaqnozu ilə, xx.xx.2022-ci il tarixdə isə « İçəri (medal) topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması » diaqnozu ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edildiyi tarixədək - xx.xx.2010-cu il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə «Sol aşıq-daban oynağının odlu silah yaralanmasından sonra əmələ gələn deformasiyaedici artrozo-artriti. Sol incik sinirinin zədə nevriti, trafiki pozğunluq ilə. Yerişin ciddi pozulması» diaqnozu təyin edilmiş, xx.xx.2021-ci il tarixdən sonra isə « Sol baldırın aşağı 1/3-nin kor güllə yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu. Artrogen kontraktura. Sol aşağı ətraf funksiyasının nəzərə çarpan pozulması », « Bədənin dəqiqləşdirilməmiş nahiyəsinin açıq yarası, sol baldırın aşağı 1/3-nin kor güllə yaralanması. Sol bayır topuğun odlu silahdan düzgün bitişmiş sınığı nəticəsində sol aşıq oynağının postravmatik deformasiyaedici osteoartrozu » və « İçəri (medal) topuğun sınığı, odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması » diaqnozları ilə “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edildiyi tarixədək təyin edilmiş diaqnozlar ilə, həmin tarixdən sonra təyin edilmiş diaqnozların eyni olmasına baxmayaraq cavabdeh orqan tərəfindən heç bir əsas olmadan əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixli, T 849/2023 nömrəli ekspert rəyində bildirilir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz - “İçəri (medial) topuğun sınığı. Odlu silah yaralanmasından sonra, hər iki topuğun bitişmiş sınığı, sol aşıq-baldır oynağının ön tış səthində kobud dartıcı çapıq toxuması” əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmamışdır. Belə ki, ekspert, ekspertiza rəyində iddiaçının da onun adına müvafiq tibb müəssisəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, D00031784MYM nömrəli Forma 088 göndərişində qeyd edilən diaqnozların müəyyən edilməsini qeyd etsə də, heç bir əsas göstərmədən iddiaçının əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik səviyyəsində olmadığı üçün ona əlilliyin təyin edilməməsi qənaətinə gəlmişdir. Həmçinin qeyd etmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnozla əlaqədar onun əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Məhkəmə qeyd etmək istəyir ki, ekspert öz rəyində iddiaçının göstərilmiş diaqnozlardan əziyyət çəkməsini inkar etmir, lakin heç bir əsas olmadan iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Belə olan halda, məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini sübut növü kimi qəbul etmir və ona tənqidi yanaşır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya Əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar