Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2800/2025 12.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “qeydə alınmamış torpaq sahə hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “qeydə alınmamış torpaq sahə hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - JN-2396, KOD 50300068 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı5, Məmmədova Tükəzban, X1, İddiaçı1 və İddiaçı4 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.57 ha torpaq sahəsi verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.566 halıq **********29 reyestr nömrəli torpaq sahəsi üzərində İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyəti xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** reyestr nömrəsi ilə qeydə alınmışdır. - xx.xx.2022-ci il tarixli, A 875118 və **********29 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.566 ha-lıq torpaq sahəsinin hüquq sahibi İddiaçı5dur. - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3-37/2-N-00xx-xx/2025 “müraciətinizə baxılması barədə” məktubuna əsasən, araşdırma zamanı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.5660 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı5 və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN-2396 nömrəli dövlət aktı tərtib edilmişdir. Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektorn baza məlumatlarına əsasən) vətəndaş İddiaçı5 və ailə üzvlərinə 0.5660 ha pay torpaq sahəsi olması göstərilmiş, digər əlavə torpaq sahəsi haqqında məlumat yoxdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
2. İddiaçı5 ərizə ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
3. Məhkəmənin hüquqi yardımından sonra iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı ərizə təqdim edərək, cavabdehin üzərinə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə onlara verilmiş 1 ha pay torpaq sahəsinin kənarda qalmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan 0.40 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
4. Məhkəmənin 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə yeni iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, onlara Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 saylı qərarı ilə 1 hektar pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 0,566 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, yerdə qalan 0,40 ha hissəsi isə qeydiyyata alınmamışdır. İddiaçılar onlara məxsus pay torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin onlara imtina cavabı verilmişdir. İddiaçılar hesab edir ki, onlara məxsus torpağın dövlət qeydiyyatına alınmasından imtina edilməsinin hüquqi əsası yoxdur və buna görə də cavabdehin üzərinə onlara məxsus 0.40 ha torpaq sahəsini dövlət reyestrində qeydiyyata almaq vəzifəsi qoyulmalıdır.
6. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-1061/2025 nömrəli “arxiv sənədlərinin təqdim edilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş 1997-ci il tarixli Tovuz rayonu Aşağı-Ayıblı kənd icra hakimiyyəti nümayəndəliyində Aşağı-Ayıblı kəndində yaşayan pasport qeydiyyatında olan torpaq və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikasının vətəndaşlarının siyahısında İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 göstərilmiş, İddiaçı5 adının qarşısında həyətyanı torpaq olaraq 0,12 ha, faktiki 0,36 ha qeyd edilsə də iddiaçıların iddia etdiyi pay torpaq sahəsi ilə bağlı hər hansı ölçü qeyd edilməmişdir.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, İddiaçı5 Tovuz rayon, Əyyublu kəndində 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ********** saylı ərizə ilə Ərazi İdarəsinə müraciət etmiş, müvafiq araşdırmalar aparılmış və cavab olaraq bildirilmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 nömrəli qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 0.5660 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı5 və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair” JN2396 nömrəli dövlət aktı tərtib edilmiş və Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsində (elektron baza məlumatlarında) İddiaçı5 və ailə üzvlərinə 0.5660 ha pay torpaq sahəsi olması göstərilmiş, digər əlavə 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə məlumat yoxdur. Bununla əlaqədər olaraq bildirilir ki, Tovuz rayonu Aqrar İslahatı Komissiyasının 14 noyabr 1997-ci il tarixli, 13 nömrəli qərarı ilə Tovuz rayonu Aşağı Əyyublu kəndi ərazisində İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 JN-2396 KOD 50300068 nömrəli Dövlət Aktı ilə 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Sözügedən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 ümumi birgə olaraq reyestr nömrəsi **********29, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmləşdirilmişdir. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən iddia olunan 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, buna görə də, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması mümkün olmamışdır. İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən iddia olunan 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərin əsli ilə birgə müraciət edəcəyi təqdirdə, sənədlərin qanunuyğunluğu yoxlanılaraq qeydiyyatın aparılmasına baxılıb, münasibət bildirilə bilər. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
9. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. 10.Cavabdehin nümayəndəsinin hazırlıq icraatı üzrə məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. 12.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları
1. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər.
13. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aşağıdakıları müəyyən edir:
4. Torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə və torpağın müvəqqəti mülkiyyətə verilməsinə dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Torpağa mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlərin nömrələri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin "İnzibati ərazi bölgüsü təsnifatı"nda qəbul edilmiş kodunu və əlavə olaraq hər bir mülkiyyətçinin püşk nömrəsini özündə əks etdirir.
8. Verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağandır. Dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır.
14. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir.
18. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
19. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçıların belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
20. Yuxarıda qeyd edilən "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələblərinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr, dövlət aktları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
21. Belə ki, hazırkı iş üzrə iddiaçılar tərəfindən mübahisələndirilən əlavə və dövlət reyestrində qeydə alınmamış 0.40 ha-lıq torpaq sahəsinin onlara aid olması ilə bağlı nə tərəflərindən, nə də ki məhkəmə tərəfindən aidiyyəti inzibati orqanlara verilmiş sorğular əsasında heç bir məlumat öz fakt təsdiqi tapmamışdır.
22. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.
23. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmii və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati- Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Həmçinin, bundan öncə də qeyd edildiyi kimi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda da aqrar islahat komissiyalarının qərarlarından şikayət etmənin qaydaları və müddətləri ilə bağlı normalar öz əksini tapmışdır.
24. Oxşar mübahisəli məsələ ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-3152/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-1951/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-483/2023 nömrəli, xx.xx.2023cü il tarixli 2-1(102)-2744/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2286/2023 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1576/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)- 116/2022 nömrəli qərarları).
25. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.
26. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “qeydə alınmamış torpaq sahə hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları mümkün sayılmamalıdır.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçılar İddiaçı5, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “qeydə alınmamış torpaq sahə hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov