Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2809/2022 31.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********682700 nömrəli və xx.xx.2022-ci il tarixli **********681000 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli **********682700 nömrəli və xx.xx.2022-ci il tarixli **********681000 nömrəli qərarlar qəbul edilmişdir. İddiaçı MMC cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş qərarlarla tam razılaşmır və həmin qərarların qanunsuz və əsassız tərtib edildiyini hesab edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli, xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarların ləğv edilməsi”nə dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi orqanının əməkdaşları tərəfindən “qara mühasibatlıq” adlanan sənədlərin vergi ödəyicisindən götürülməsi xx.xx.2022-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokolda öz əksini tapmamışdır, başqa sözlə, iddiaçıda belə bir sənəd olmamışdır. Təsisçinin iştirakı ilə götürülmüş sənədlər isə hamısı daxili uçot sənədləridir. Cavabdehin nümayəndəsi X6 məhkəmənin hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8551 nömrəli qərarına, həmçinin həmin tarix üzrə **********8706 nömrəli sənədlərin nümunə kimi götürülməsi barədə protokolun nəticələrinin rəsmiləşdirilməsi haqqında qərarlarına əsasən Cəmiyyətin fəaliyyətində vergidən yayınma halın olduğu məlum olmuşdur. Belə ki, sənədlərin nümunə kimi götürülməsi barədə tərtib edilmiş müvafiq protokola əsasən xx.xx.2022-ci il tarixədək otelə gələn qonaqların ödənişləri, gecələmə cədvəli, habelə gələcək qonaqların cədvəlləri olmaqla Cəmiyyətin nümayəndəsinin təqdim etdiyi X8 hesabatının göstəriciləri vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin ƏDV bəyannamələri üzrə dövriyyələrinin az göstərildiyi, yəni reallığı əks etdirmədiyi aşkar edilmişdir. Götürülmüş sənədlərdə X8 hesabatının göstəricilərinə əsasən Cəmiyyətin real dövriyyəsinin ƏDV məbləğləri çıxılmaqla 2021-ci ilin may-dekabr ayları üzrə 1096269.74 manat olmalı olduğu halda təqdim edilmiş ƏDV bəyannamələri üzrə 621207,54 manat dövriyyənin əks etdirildiyi, bununla da 475062.2 manat dəyərində əməliyyatın ƏDV üzrə dövriyyəyə cəlb edilmədiyi məlum olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********836700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, vergi ödəyicisindən 2021-ci ilin dekabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin və izahat məktubunun vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi məktubda göstərildiyi tarixdə, yəni 5 iş günü müddətində təqdim edilməmişdir. Bu səbəbdən vergi orqanı vergi ödəyicisinin vergilərini **********681000 nömrəli xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablamışdır. Götürülmüş sənədlərə əsasən həmçinin müəyyən olunmuşdur ki, Cəmiyyətin real dövriyyəsinin ƏDV məbləğləri çıxılmaqla 2022-ci ilin yanvar-iyun ayları üzrə 695124.05 manat olmalı olduğu halda təqdim edilmiş ƏDV bəyannamələri üzrə 312838,28 manat əks etdirilmiş, bununla da 382285.77 manat ƏDV-yə cəlb ediləcək əməliyyat ƏDV üzrə dövriyyəyə cəlb edilməmişdir. Həmin kənarlaşma ilə bağlı vergi ödəyicisinə **********837400 nömrəli xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub göndərilmiş, 2022-ci ilin iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin, izahat məktubunun və digər sənədlərin 5 iş günü müddətində təqdim edilməsi vergi ödəyicisindən tələb olunmuşdur. Lakin vergi ödəyicisi məktubda göstərilən müddətdə tələb olunan sənədləri və 2022-ci ilin iyun ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsini təqdim etməmişdir. Buna görə də 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 avqust 2022-ci il tarixli **********682700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə vergi ödəyicisinin 2022-ci ilin iyun ayı üzrə ƏDV öhdəliyi yenidən hesablanmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, müəssisənin kompüterindən götürülmüş məlumatlarda iddiaçının dövriyyəsinin gizlədildiyi müəyyən edilmişdir, həmin məlumatları mənbəyi bəlli məlumat hesab edir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, vergi ödəyicisindən sənədlərin götürülməsi zamanı bütün sənədlər təsisçi E.Nəsirovun və digər əməkdaşların iştirakı və razılığı ilə götürülmüşdür. Vergi orqanının əməkdaşları iddiaçının kompüterlərinin kodlarını bilmədiyindən bütün sənədləri işçilər özləri könüllü olaraq təqdim etmişlər və sənədlər könüllü olaraq təqdim edildiyinə görə protokolda sənədlərin adları konkret göstərilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” DVX 001897 nömrəli protokoldan görünür ki, vergi orqanının müvafiq qərarına əsasən İddiaçı MMC-dən daxili uçot sənədləri, əmək müqavilələri, ştat cədvəlləri və lisenziya tələb edilmiş və qeyd olunan sənədlər könüllü surətdə vergi orqanına təqdim edilmişdir. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC-yə ümumilikdə 85.511,19 manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC-yə ümumilikdə 85.506,64 manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı MMC-yə ümumilikdə 45.585,77 manat məbləğində əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********8551 nömrəli qərarına, həmçinin həmin tarix üzrə **********8706 nömrəli sənədlərin nümunə kimi götürülməsi barədə protokolun nəticələrinin rəsmiləşdirilməsi haqqında qərarlarına əsasən İddiaçı MMC-nin fəaliyyətində vergidən yayınma halının olması qənaətinə gəlmiş və müəssisəyə xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarlarla əlavə hesablanmış vergi və ya sığorta haqqı hesablanmışdır. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarları mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarınının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. -43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. -48.2.8-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əşyalar nümunə kimi götürüldükdə protokolda əşyaların miqdarı, həcmi və digər xüsusi əlamətləri göstərilməlidir. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Qeyd olunan normaların məzmunundan aydın olur ki, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə dair protokolda götürülən əşyaların xüsusi əlamətləri göstərilməlidir. Lakin iş materiallarına əlavə edilmiş “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” DVX 001897 nömrəli protokoldan görünür ki, cavabdehin istinad etdiyi “qara mühasibatlıq” sənədləri həmin protokolda qeyd edilməmişdir. Bu isə vergi orqanının mənbəyi bəlli olmayan məlumatlara istinad etdiyini deməyə əsas verir. Başqa sözlə, qeyd olunan “qara mühasibatlıq” sənədlərinin vergi ödəyicisindən götürülməsini təsdiq edən sübut mövcud deyil. Bundan əlavə qeyd edilməlidir ki, İPM-in 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Çünki inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Lakin cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən elektron qovluğa istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərarlar qəbul etmişdir. Hazırkı mübahisəyə Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi həmin Məcəllənin 67.1-ci maddəsinin digər müddəalarının (67.1.1- 67.1.8-ci maddələrin) ümumi kontekstindən kənar tətbiq olunmalı deyil. Belə ki, 67.1.1-67.1.8-ci maddələrdə göstərilən əlaqəli məlumatların mənbəyini qanunverici aşkar olaraq göstərmiş və həmin mənbələrin rəsmi xarakter daşıdıqlarını, buradan, məhz bu mənbələrdən əldə edilən məlumatların mötəbərliyini təsbit etmişdir. Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar da, həm əldə edilmə mənbəyinə görə, həm də öz məzmununa görə bütün şübhələrdən kənar sübutlarla təsdiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********195983 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarları ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********681000 nömrəli, xx.xx.2022-ci il tarixli, **********547800 nömrəli və xx.xx.2022-ci il tarixli, **********795000 nömrəli qərarları ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2809/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2809/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver