Məhkəmə qərarları › İş №2-1(114)-2810/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2810/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2810/2022 17.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ağ ciyərlərin ocaqlı vərəmindən əziyyət çəkir. Qeyd olunan xəstəliyinə görə İİ dərəcə əlilliyə görə sosial müavinət alır. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən təkrar müayinə əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcəli əlillik müəyyən edilmiş və müvafiq olaraq sosial müavinət ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Təkrar müayinə zamanı ona xx.xx.2022-ci il tarixdə ömürlük əlillik təyin edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ödənilməmiş müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubu verilərək təkrar müayinə zamanı ona ödənilməmiş sosial ödənişin verilməsindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Təkrar müayinə əsasında əlillik xx.xx.2022-ci il tarixdən müəyyən edildiyindən (əlilliyin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün) ərizədə qeyd edilən dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır, çünki təkrar müayinənin 6 aydan çox uzanması onun təqsiri ucbatından olmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə keçirilən müayinə nəticəsində əlilliyin təyin olunmasından imtinanın səbəbi kimi “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmuşdur” göstərilmişdir. xx.xx.2022-ci il tarixdə verilən imtinanın səbəbi kimi isə “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulmuşdur” göstərilmişdir. İddiaçının təkrar müayinəsinin 6 aydan çox uzanmasının səbəbi yalnız işə səhlənkar yanaşılması olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etirazında bildirilmişdir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2016-cı il tarixdən ikinci dərəcə əlilliyə görə sosial müavinət təyin edilərək ödənilir. İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzə mərkəzi filialına müraciət edərək əlilliyə görə sosial müavinətin ödənişinin davam etdirilməsinə sərəncam verilməsini xahiş etmişdir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçınn əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetininin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq əlillik vəziyyəti ilə bağlı dövlət tibb müəssisəsinin №03495003AAMMC nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə (TSEK qərarının verildiyi tarixdən) qiymətlədirilmiş və ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edilmişdir. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Qanun 2 iyul 2021-ci il tarixində yeni məzmunda əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaçı istinad etdiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən "əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir" müddəası xx.xx.2021-ci il tarixindən qüvvəyə minmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının əlilliyi xx.xx.2022-ci il tarixdə müəyyən olunmuş və qeyd edilən tarixdən müvafiq olaraq hesablanaraq ödənilməkdədir. Qeyd edilən dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə müavinət ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə əlilliyə görə sosial müavinətin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına inzibati icraat materialları, xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etiraz əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya müxtəlif vaxtlarda əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə yenidən qiymətləndirilmiş, ancaq “Əsas diaqnozu təsdiqləyən diaqnostik müayinə dəqiq və ətraflı qeyd edilsin” həkimin rəyi əsasında “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur” səbəbinə görə iddiaçıya əlillik təyin edilməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixlərdə yenidən qiymətləndirmə aparılmış, bu dəfə “Əsas diaqnozu təsdiqləyən rentgen müayinə dəqiq və ətraflı qeyd edilsin” həkimin rəyi əsasında “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur” səbəbinə görə iddiaçıya yenidən əlillik təyin edilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələrinin mənfi olmaqla, Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Kəskin respirator çatmamazlıq. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozuğunluğu. Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərlərin xroniki obustruktiv xəstəliyi, orta ağır gedişli” diaqnozu ilə iddiaçıya müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən iddiaçıya əlilliyə görə sosial müavinət ödənilməyə başlanmışdır. İddiaçı ondan asılı olmayan – tibb müəssisələrinin səhlənkar yanaşması nəticəsində təkrar müayinəsinin 6 aydan çox uzandığını əsas gətirərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsaslarına görə iddiaçının əlilliyi sonuncu əlilliyi xx.xx.2022-ci il tarixdə müəyyən edilmişdir. İddiaçının tələb etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edildiyindən həmin dövrlər üzrə müavinət ödənişinin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Mübahisə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müavinətin ödənilməsi ilə bağlıdır. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 9.1.2-ci maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət-əlillik müddətinə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əlilliyə görə müavinət əlillik müddətində ödənilir və şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, şəxsə əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən sosial müavinət təyin edilir və ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, 6 aydan çox – 10 ay 04 gün sonra – xx.xx.2022-ci il tarixdə əlilliyi qiymətləndirilmişdir. Bu səbəbdən də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinin 3.3-1-ci bəndi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna uyğun olmuşdur. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Digər tərəfdən, məhkəməyə iddiaçıya izah edir ki, işdəki sənədlərdən tibb müəssisənin hərəkətləri nəticəsində (göndərişin 2 dəfə natamam doldurulması səbəbindən) əlilliyi gec qiymətləndirildiyi üçün həmin tibb müəssisənə qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar