Məhkəmə qərarları › İş №2-1(114)-2810/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2810/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2810/2023 22.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdeh xx.xx.2022-ci il tarixli Ə13ş/h-138-22 nömrəli əmri ilə İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (polis əməkdaşı adına ləkə gətirdiyinə görə) xidmətdən xaric edilmişdir.

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli Ə-13ş/h-138/22 nömrəli əmrinin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin xx.xx.2015-ci il tarixli 109 saylı əmrilə polis nəfəri kimi işə başlamışdır. Daha sonra xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri ilə Cavabdehnə keçirilərək orada polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh xx.xx.2022-ci il tarixli Ə-13ş/h-138/22 saylı əmrilə guya "daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə" işdən azad edilmişdir. Barəsində qəbul olunmuş həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, bu müddət ərzində hər hansı əmək intizamının pozuntusuna yol verməmiş və rəhbərlik tərəfindən hər hansı irad almamışdır. O cümlədən işlədiyi müddətdə polis nəfəri olaraq vətəninə, xalqına qulluq etməkdən şərəf duymuşdur. Daxili işlər orqanlarında xidmət müddəti təvqim hesabı ilə 06 il 04 ay 25 gün təşkil edir. Şərəfli polis peşəsində fəaliyyətini davam etdirmək istəyir. İşdən çıxma əmri bu günədək ona rəsmi olaraq çatdırılmamışdır. Barəsində xidməti yoxlama aparılmadan işdən xaric edilməsi barədə əmr verilmişdir.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.

6. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. İddiaçı məhkəmə iclasında müddətin bərpasına dair ərizə təqdim edərək xidmətdən azad olunması barədə əmr ona təqdim olunmadığından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəmədə iddia qaldırmadığını bildirmiş və ötürülmüş müddətin bərpasına dair qərar çıxarılmasını xahiş etmişdir.

8. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, onun xidmətdən xaric edilməsi xx.xx.2022-ci il tarixdə ona sıra düzülüşü zamanı elan edilmişdir. O, nə vaxtsa xidmətə bərpa olunacağına və ya digər işdə işləyə biləcəyinə ümid edərək, iddia qaldırmamışdır. Hazırda isə əmək kitabçasında onun polis əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verməsi əsası ilə xidmətdən xaric edilməsi qeyd edildiyinə görə heç bir yerdə işə götürmədikləri üçün hazırkı iddianı qaldırmışdır.

9. Cavabdeh orqanın nümayəndəsi X3 məhkəmə iclasında iddiaçının müddətin bərpasına dair ərizəsinə etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, iddiaçının xidmətdən xaric olunmasına dair əmrin surəti ona verilməmiş, lakin xx.xx.2022cü il tarixdə sıra düzülüşü zamanı ona elan edilmişdir. Yəni, iddiaçı xidmətdən xaric olunan gün bundan məlumatlı olmuşdur. Ona görə də, müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

10. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır.

11. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

12. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

14. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixli Ə-13ş/h-138/22 nömrəli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (polis əməkdaşı adına ləkə gətirdiyinə görə) xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı həmin əmri mübahisələndirməklə, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır.

15. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu halda həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilməlidir.

16. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

18. İddiaçının sözügedən əmrdən qəbul edildiyi və ona elan edildiyi vaxtdan məlumatlı olması, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır. Belə ki, hər iki tərəf iddiaçının xidmətdən xaric edilməsinə dair əmrin ona xx.xx.2022-ci il tarixdə elan edildiyini bildirmişdir.

19. İddiaçı da müddəti ötürdüyünə görə müddətin bərpasına dair ərizə təqdim etmiş, lakin əmrin qəbul edildiyi xx.xx.2022-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsasları təqdim etməmişdir. İddiaçı ərizəsində müddəti ötürməsini mübahisələndirdiyi əmrin ona təqdim edilməməsi ilə əlaqələndirsə də, özünün də izahatı ilə müəyyən edilir ki, əmr ona xx.xx.2022-ci il tarixdə elan edildiyindən həmin vaxtdan xidmətdən xaric olunması ona məlum olmuşdur.

20. Digər tərəfdən, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamədə daxili işlər orqanlarında xidmət keçən əməkdaşlara verilən intizam tənbehlərinin onlara elan edilməsi nəzərdə tutulmuşdur ki, xidmətdən xaric edilmə də intizam tənbeh növlərindən biridir.

21. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə görə: Bənd 114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Bənd 121. İntizam tənbehi dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayan müddətdə elan edilir və qeydiyyata alınır. Bənd 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə...

22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

23. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

24. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

25. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

27. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

29. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

30. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, digər tələb – işə bərpa tələbi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır.

31. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı əmrin ləğvi və işə bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar