Məhkəmə qərarları › İş №2-1(114)-2810/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2810/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2810/2024 15.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı şikayət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Vergi borcunun tutulması haqqında xx.xx.2023-cü il tarixli **********315500 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayon sakinidir. Onun barəsində 11 aprel 2023-cü il tarixli №**********315500 saylı qərar qəbul edilmiş və ona 1000,50 (min manat əlli qəpik ) manat cərimə yazılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, onun barəsində qəbul olunmuş qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun Bərdə şəhəri, H.Oliyev prospekində mağazası vardır. Belə ki, onun həmin mağazanı icarəyə götürərək istifadə edirdi. Mağazanı işlətmək üçün onun vergi şəhadətnaməsi də var. Mağazasında hər cür ləvazimatlarının olmasına baxmayaraq sadəcə kassa aparatı yox idi. Kassa aparatını isə sifariş etməyimə baxmayaraq lakin gəlişində gecikmələr yaranmışdır. Kassa aparatı gəlməmiş isə vergi idarəsinin əməkdaşları onun mağazasına baxış keçirmiş, keçirdikdən sonra onun adına xx.xx.2023cü il tarixli №**********315500 qərar qəbul etmişlər. Onun mağazasına baxış keçirtdikləri zaman kassa aparatını sifariş ediyini, lakin gəlişində gecikmələr yarandığını bildirsə də sözlərinə heç bir əhəmiyyət verilməmiş və ona 1000 manat 50 qəpik cərimə yazılmışdır və cərimənin tutulması üçün icra vərəqəsi həmin gün Bərdə rayon İcra və probasiya şöbəsinə yönləndirilmişdir. Cərimə yazılmasına baxmayaraq onun Vergi borcunun tutulması haqqında xx.xx.2023-cü il tarixli № **********315500 qərarından yeni məlumatı olmuşdur. Həmin qərar isə qanunsuz olaraq yazılmışdır. Bütün bu yanlış anlaşılmaları nəzərə alaraq onun barəsində qərar qəbul olunaraq ona cərimə yazılması olduqca qanunsuzluqdur. O, mağazama kassa aparatı sifariş etməyinə baxmayaraq vergi idarəsinin işçiləri kassa aparatının gəlişini gözləmədən ona cərimə yazmaları qanunsuzdur. Qanunsuz bir cərimənin hansı qanunla yazıldığından heç bir məlumatı yoxdur. Halbuki həmin cərimə qanunsuz yazılmışdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanlarının iddia ərizəsində göstərilməli olduğu, mübahisələndirdiyi Vergi borcunun tutulması haqqında xx.xx.2023-cü il tarixli **********315500 nömrəli qərar 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edildiyinə görə cavabdeh qismində həmin orqanın iddia ərizəsində qeyd edilməli olduğu, məhkəməyə ünvanladığı ərizə formasının “şikayət” kimi deyil, “iddia ərizəsi” kimi qeyd edilməli olması bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

7. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Vergi borcunun tutulması haqqında xx.xx.2023-cü il tarixli **********315500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya xx.xx.2024cü il tarixdə sərəncam göndərilərək, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanlarının iddia ərizəsində göstərilməli olduğu, mübahisələndirdiyi Vergi borcunun tutulması haqqında xx.xx.2023-cü il tarixli **********315500 nömrəli qərar 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edildiyinə görə cavabdeh qismində həmin orqanın iddia ərizəsində qeyd edilməli olduğu, məhkəməyə ünvanladığı ərizə formasının “şikayət” kimi deyil, “iddia ərizəsi” kimi qeyd edilməli olması bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

9. Lakin verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

10. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

11. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar