Məhkəmə qərarları › İş №2-1(114)-2815/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2815/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2815/2025 02.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1976-cı il tarixdə Daşkəsən rayon Dağ-mədən Kombinatında işə qəbul edilmiş, 1994-cü ildə əlillik təyin edilmiş, sonuncu dəfə əlilli xx.xx.2003-cü il tarixdə təyin edilmiş, səbəbli əlaqə peşə xəstəliyi, orqanizmin funksiyalarının 80% pozulması, əkək qabiliyyətsiz olması qeyd edilmişdir. Daşkəsən rayon Dağ-mədən Kombinatının hüquqi varisi olaraq "xxxx" ASC tərəfindən 2021-ci ilin yanvar ayınadək qeyd edilən ödənc iddiaçıya ödənilmişdir. Daşkəsən rayon Dağ-mədən Kombinatının hüquqi varisi olan "xxxx" ASC xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəmiyyət kommersiya hüquqi şəxslərin reyestrindən çıxarılmışdır. İddiaçı cavabdehə aylıq qazanc əvəzinə aylıq müavinətin verilməsi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 263791/2024 nömrəli məktubla iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh qeyd edilən məktubda "xxxx" ASC-yə aid məlumatların özəlləşdirməyə və idarəetməyə verilən verilən dövlət müəssisələrinin siyahısında qeydə alınmadığından özəlləşdirməyə və idarəetməyə verilən verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin iddiaçıya verilməsinin qanunvericiliyin tələbinə uyğun olamadığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “"xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında olmasını nəzərə alınmaqla ona aylıq Ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1976-ci il tarixdə Dağ-Mədən Filizsaflaşdırma kombinatmmelektrik təmir sexinə 4-cü dərəcəli maşinist köməkçisi vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə Dağ-Mədən Filizsaflaşdırma kombinatında EKO 4.6 köməkçi vəzifəsində işləmişdir. xx.xx.1977-ci il tarixdə həmin sexdə 5-ci dərəcəli maşinist köməkçisi təyin olunmuşdur. xx.xx.1980-ci il tarixdə 5-ci dərəcəli maşinist köməkçisi kimi işə qəbul olmuş, xx.xx.1980-ci il tarixdə 6-cı dərəcəli EKQ maşinisti təyin olunmuşam. xx.xx.1985-ci il tarixdə Şimal-Qərb mədəninə 6-cı dərəcəli maşınist vəzifəsinə təyin olunmuşdur. 1994-cü il tarixdə TSEK qərarına əsasən təqaüdə çıxmış, 2021-ci ildən həmin zərər Ödəncləri naməlum səbəblərdən verilməmişdir. Bununla bağlı dəfələrlə şifahi və yazılı müraciətlərimə baxmayaraq cavabdeh orqan buna məhəl qoymamışdır. Guya "xxxx" ASC özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında yoxdur. Bu səbəbdən də ona aylıq Ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Buna görə də cavabdeh orqanın imtinası tam əsassız sayılmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirirazında göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Mərkəzi Filial) qarşı “istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə Ödəncin aylıq müavinətlə əvəz edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İcraatda olan 2-1(114)-2815/2025 nömrəli iş üzrə iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair xx.xx.2025-ci il tarixli 3-17-1/2-26942/2025 nömrəli etiraz təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-4115/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə” 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə "xxxx" ASC ləğv edilmişdir və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********52 nömrəli bildirişinə əsasən kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmış və hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin, iddiaçı X1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxsə aylıq müavinətin verilməsi tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(102)- 25/2025 nömrəli qərarı ilə də ləğv edilmiş və hüquqi varisi olmayan müəssisədə istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs qarşısında müvafiq aylıq müavinətin ödənilməsinə münasibətdə cavabdehin öhdəliyinin olmaması öz əksini tapmışdır. Belə ki, sözügedən qərarda kollegiya qeyd edir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir və hazırkı iş üzrə müəssisə ləğv edildiyindən və hüquqi varis müəyyən edilmədiyindən cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi mövcud deyil. Göründüyü kimi, işin hallarının və Ali Məhkəmənin analoji iş üzrə mövqeyinin qarşılıqlı təhlilindən bir daha aydın olur ki, İddiaçı istehsalat qəzası nəticəsində aldığı xəsarətə görə aylıq müavinətin təyin edilməsi və ödənilməsi mümkün deyildir, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək, həmçinin yaxın zamanlarda Azərbaycan Respublikası Ali Məhkəməsinin eyni məzmunlu işlər üzrə iddianın rədd edilməli olmasında dair qərarının olmasını nəzərə alaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş, həmçinin məhkəmə sorğusu əsasında əldə edilmiş sənəd və materiallar, cavabdehin etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İPM-nin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İşin faktiki hallarından görünür ki, Vidadi Əhmədov xx.xx.1976-cı il tarixdə Daşkəsən rayon Dağ-mədən Kombinatında işə qəbul edilmiş, həmin müəssisədə ayrı-ayrı vəzifəlrə keçirilmiş, 1994-cü ildə əlillik təyin edilmiş, sonuncu dəfə əlilli xx.xx.2003-cü il tarixdə təyin edilmiş, səbəbli əlaqə peşə xəstəliyi, orqanizmin funksiyalarının 80% pozulması, əkək qabiliyyətsiz olması qeyd edilmişdir. Daşkəsən rayon Dağ-mədən Kombinatının hüquqi varisi olaraq "xxxx" ASC tərəfindən 2021-ci ilin yanvar ayınadək qeyd edilən ödənc iddiaçıya ödənilmişdir. Daşkəsən rayon Dağ-mədən Kombinatının hüquqi varisi olan "xxxx" ASC xx.xx.2020-ci il tarixdə ləğv edilmiş, xx.xx.2022-ci il tarixdə isə cəmiyyət kommersiya hüquqi şəxslərin reyestrindən çıxarılmışdır. İddiaçı ondan asılı olmayan – "xxxx" ASC-nin ləğv edilməsi ilə bağlı ona müvafiq müavinətin təyin edilməməsini qəbul etməyərək ödənc əvəzinə müavinətin verilməsini tələb etmişdir. Cavabdehin etirazının əsaslarına "xxxx" ASC-yə aid məlumatlar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin siyahısında qeydə alınmadığından iddiaçıya özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə aylıq müavinətin verilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Mübahisə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının tələbinə əsasən ödənc əvəzinə müavinətin verilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Həmin Məcəllənin 1126.2-ci maddəsinə əsasən həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” İ.Ümumi müddəalar Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. İİ. Qaydaların tətbiq dairəsi 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. V. Müavinətin verilməsi müddəti və qaydası 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları Şərtləri və Məbləği” Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Bənd 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Bənd 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);. Bənd 3.2 Zərərçəkənlərə və yaxud zərərə görə aylıq ödənc almaq hüququna malik olan şəxslərə ödənclər zərər çəkmiş işçilərə - istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. 3.10-cu bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11-ci bənd. Zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli, 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası:

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayt Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.

8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. İddiaçının hüquqi marağı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2021-ci ilin yanvar ayından bu günə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsinə yönəlmişdir. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1994-cü il tarixində “X6 Kombinatı”-nda işləyərkən peşə xəstəliyi ilə əlaqədar orqanizm funksiyasının pozulması ilə bağlı əlillik təyin edilmişdir. Nəticə etibarı ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və o, əmək qabiliyyətinin iririlməsi ilə bağlı müavinət kəsilmişdir. Bədbəxt hadisə baş verdiyi tarixdən 2021-ci ilin yanvar ayınadək zərərə görə peşə əmək qabiliyyətini itirilməasi ilə bağlı müavinət hesablanaraq iddiaçıya ödənilmişdir. İş materialları ilə həmçinin müəyyən edilir ki, keçmiş Əmlak Dövlət Nazirliyinin xx.xx.2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ mədən filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 522s nömrəli sərəncamının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə "xxxx" ASC ləğv edilmiş, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********22 nömrəli bildirişinə əsasən Cəmiyyət kommersiya hüquqi şəxslərin reyestrindən çıxarılmışdır. "xxxx" ASC ləğv edilmiş, onun hüquqi varisi yoxdur, eyni zamanda Ləğvetmə Komissiyası qanunvericiliklə müəyyən edilmiş fəaliyyəti başa çatdığından fəaliyyətinə xitam verilmişdir. Qanunvericiliyin yuxarıda sadalanmış normalarına istinadla məhkəmə qeyd edir ki, cavabdehin iddia olunan dövlət büdcəsi vəsaiti hesabına aylıq müavinətləri ödəmək öhdəliyi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövrü əhatə edir. Beləliklə, qanunvericiliyin müddəalarına görə cavabdehin hazırkı işin halları nəzərə alındıqda iddiaçı qarşısında tələb olunan aylıq müavinəti ödəmək öhdəliyi yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməməlidir. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “aylıq ödənc əvəzinə aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar