Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2816/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X3 xx.xx.1959-cu il tarixində anadan olmuş və bu barədə 18 aprel 1959-cu il tarixli 128 nömrəli Doğum haqqında akt qeydi tərtib edilmişdir. X3 (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-321/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.14-cü bəndinin tələbinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin “Qayda”nın 9.7-ci bəndinin tələbinə görə isə 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Odur ki, şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyindən doğum haqqında şəhadətnamənin istənilməsi i!ə bağlı müraciət təmin edilə bilməz. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Göygöl rayon Üçtəpə kənd sakini X1 təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1985-ci ildə onun yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yanğın baş vermiş ona məxsus bütün sənədlər o cümlədən doğum şəhadətnaməsi də yanmışdır. O, Cavabdehnə müraciət edib ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, sonuncu tərəfindən onun müraciətinə imtina cavabı verilmişdir. Onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur, nikah şəhadətnaməsini, Göygöl rayon Üçtəpə kənd İƏD üzrə nümayəndəliyin tərtib etdiyi aktı qeydiyyat şöbəsinə təqdim etsə də, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, indiyə kimi doğum şəhadətnaməsi yandığı üçün şəxsiyyət vəsiqəsi ala bilməmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1959-cu il tarixli 128 nömrəli doğum akt qeydi əsasında ona təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, ərizə inzibat məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini 18 aprel 1959-cu il tarixli 128 nömrəli Doğum haqqında akt qeydinin surəti və cavabdehin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-321/2024 nömrəli imtinası və digər sənədlər təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarında 18 aprel 1959-cu il tarixdə, 128 nömrə ilə qeyd edilmişdir. Hazırda iddiaçı tərəf həmin şəhadətnamənin ona təkrar verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının şəxsiyyət vəsiqəsi yoxdur və sonuncu tərəfindən həmin sənəd təqdim edilmədiyindən cavabdeh orqan ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsini tələb etməkdə hüquqi marağı şəxsiyyət vəsiqəsi almaqdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin: -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. -2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: -şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); -vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; -Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); -vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; -dövlət rüsumunun ödənilməsi barədə sənəd; -ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Göründüyü kimi şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi müvafiq qanunvericiliyin tələblərindən irəli gəlir. Məhkəmə iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər . 1.6-1. Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyat tərtib olunmuş şəxslərin özlərinə verilir. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X2 xx.xx.1959-cu il tarixli 128 nömrəli doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-2816/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2816/2024
17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver