Məhkəmə qərarları › İş №2-1(114)-2819/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2819/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2819/2023 26.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı borcun silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyət (bundan sonra Cəmiyyət) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" ASC-nin "xxxx" ASC-nin Gəncə filialındakı AZ07RBTA******************** saylı hesablaşma hesabına qoyulmuş **********0AS №-li sərəncamın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəmiyyət tərəfindən AR Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamentinə qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsi) iddia ərizəsi ilə müraciət olunaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi və "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial haqları üzrə bocların məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Gəncə İzibati- İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin 12 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-19/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-lqtisadi Məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-92/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 19 aprel 2023-cü il tarixdə Cəmiyyətin "xxxx" ASC-nin Gəncə filialda olan hesablaşma hesabına sərancam qoyulmuş sərancamda 131185.51 (bir yüz otuz bir min bir yüz səksən beş manat 51 qəpik) məbləğ qeyd olunmuşdur. Büdcə təsnifatı üzrə 121111 təsnifat kodu üzrə 96690.75 (doxsan altı min altı yüz doxsan manat yetmiş beş qəpik), 121211 təsnifat kodu üzrə 34494.76 (otuz dörd min dörd yüz doxsan dörd manat yetmiş altı qəpik) qeyd olunmuşdur. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “**********0AS nömrəli sərəncam əsasında 121111 təsnifat kodu üzrə 96690,75 manat və 121211 təsnifat kodu üzrə 34496,76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün sosial sığorta haqları üzrə borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cəmiyyətin hesablaşma hesablarına 96690,75 manat və 34496,76 manat həcmində sərəncam qoyulduğundan, həmçinin şəxsi hesab vərəqəsində borc məbləği dəqiq görünmədiyindən Cəmiyyət əvvəlcə həmin həcmdə borcun şəxsi hesab vərəqəsindən silinməsini tələb etmiş, ona görə də tələbin həcmini borc məbləği məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən açıqlandıqdan sonra məhkəmə icraatı gedişində artırmışdır. Bundan başqa, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş DSMF-nun xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş siyahıya Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-19/2022 saylı, 05 avqust 2022-ci il tarixli qərarı üzrə işə baxılarkən qiymət verildiyindən hazırda təkrar qiymət verilə bilməz. Həmçinin qeyd olunan iş üzrə ekspert rəyi ilə Cəmiyyətin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial haqları üzrə bocu 37.116,18 manat müəyyən edilmişdir ki, bu da borcun cavabdehin həmin dövr üzrə hesabladığı həcmdə olmadığını deməyə əsas verir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Cəmiyyətin bank hesabları mövcud olan digər banklara da alınmalı sərəncamlar göndərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Gəncə filialındakı cəmiyyətin AZ61PAHA40140USDHC********** saylı hesabına **********8AS nömrəli, "xxxx" ASC-nin Nəsimi filialındakı cəmiyyətin AZ24BRES******************** saylı hesabına **********5AS nömrəli, "xxxx" ASC-nin Gəncə Filialındakı cəmiyyətin AZ11NABZ******************** saylı hesabına **********2AS nömrəli, "xxxx" ASC-nin Gəncə filialındakı cəmiyyətin AZ98NABZ******************** saylı hesabına **********6AS nömrəli, "xxxx" ASC-nin Gəncə filialındakı cəmiyyətin AZ38AZRT******************** saylı hesabına **********4AS nömrəli sərəncamlar göndərilmişdir. Həmin sərəncamların hamısında ödəniləcək borc məbləğinin 131185.51 manat olması əks olunmuşdur. İddia tələbi yalnız "xxxx" ASC-nin Gəncə filialındakı hesablaşma hesabına qoyulmuş sərəncam əsasında olan borcun silinməsindən ibarət olması həmin tələbin qeyri-müəyyən və aydın olmayan ifadələrdən formalaşdığını göstərir. Dəqiqləşmiş iddia ərizəsində 131185.51 manat borcun **********0AS nömrəli sərəncam əsasında formalaşmasının qeyd edilməsi də tələbin qeyri-müəyyənliyini xarakterzə edir. Nəzərə alınmalıdır ki, hər hansı vergi ödəyicisinin vergi öhdəliyi sərəncamlar əsasında deyil, özünün təqdim etdiyi cari və ya dəqiqləşdirilmiş bəyannamələr, eləcə də vergi yoxlamalarının nəticəsində qəbul edilmiş inzibati aktlar əsasında formalaşır. "xxxx" ASCnin "xxxx" ASC-nin Gəncə filialındakı AZ07RBTA******************** saylı hesablaşma hesabına qoyulmuş **********0AS nömrəli sərəncam əsasında olan büdcə təsnifatı üzrə 121111 təsnifat kodu üzrə 96690.75 manat, 121211 təsnifat kodu üzrə 34494.76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsinə dair tələbi qeyri-müəyyən, aydın olmayan ifadələrdən ibarət olduğundan məhkəmə icraatında mümkünlük şərtlərinə cavab verən iddia kimi baxılması istisna edilməlidir. Silinməsi tələb olunan borc məbləği 2019-cu ilədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc məbləğidir və məhkəmə qərarının icrası ilə bağlı iddiaçının təqdim etdiyi hesabatlar əsasında hesablanmışdır. Məhkəmə qərarı 2023-cü ilin may ayında icra olunmuş və borc məbləği şəxsi hesab vərəqəsinə əlavə edilmişdir. Hazırda iddiaçının sosial sığorta borcu təqribən 400.000 manatdır. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı borcun silinməsi barədə məhkəmədən əvvəl idarəyə müraciət etmədiyinə görə iddia mümkünsüz sayılmalıdır. Həmçinin iddiaçı idarəyə göndərdiyi ərizədə sərəncam üzrə borcun silinməsini tələb etmiş, 2006-2019-cu illər borcun silinməsini tələb etməmişdir. Cavabdehin nümayəndəsi X2 hazırki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmişdir, həmçinin hazırki məsələyə Gəncə İzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı iş üzrə qərarında qiymət verildiyindən hazırda bu iddianın baxılması mümkünlük şərtlərinə cavab vermir. Eyni zamanda məhkəmə işə mahiyyəti üzrə baxacağı təqdirdə isə qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubuna əlavə edilmiş siyahı ilə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borcu 850.149,94 manat müəyyən edilmiş, məhkəmə qərarının icrası istiqamətində həmin borcdan 315.935,59 manat azaldılaraq şəxsi hesab vərəqəsində düzəliş edilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının borcu rəsmi sənədlər əsasında müəyyən edilmişdir və silinməsi üçün əsas yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surətləri işə əlavə edilmiş qanuni qüvvəyə minmiş Gəncə İzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2-1(083)-1403/2019 saylı qərarı ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün "xxxx" ASC tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatların Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilməsi, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqları üzrə borclarının məhz həmin dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması öhdəliyinin 12 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-19/2022 saylı, 05 avqust 2022ci il tarixli qərarı ilə həmin qərar iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 92/2023 saylı 23 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - surəti işə əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmuş 2- 1(104)-19/2022 saylı iş üzrə əldə edilmiş və 05 avqust 2022-ci il tarixli qərarla hüquqi qiymət verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları və xx.xx.2019-cu il tarixli “Auuditor rəyi”nin nəticələrinə əsasən Cəmiyyətin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hesablanmış və ödənilmiş vəsaitlər üzrə yekun olaraq xx.xx.2019-cu il tarixə borcunun 37.116,18 manat olması müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cəmiyyət tərəfindən 12 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlanmış “**********0AS nömrəli sərəncam əsasında 121111 təsnifat kodu üzrə 96690,75 manat və 121211 təsnifat kodu üzrə 34496,76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi” barədə müraciət xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşı tərəfindən qəbul edilmişdir. -surəti işə əlavə edilmiş “Sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsi”ndən görünür ki, Cəmiyyətin həmin kateqoriya üzrə borcu xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında 315.935,59 manat azaldılma ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın mümkünlük şərtləri ilə bağlı cavabdehin etiraz qeydlərinə münasibətdə qeyd olunur ki, iddiaçı ilkin olaraq hesablaşma hesabına qoyulmuş sərəncamın ləğv olunmasını tələb etmiş, sonradan 121111 təsnifat kodu üzrə 96690,75 manat və 121211 təsnifat kodu üzrə 34496,76 manat borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən həmin müraciət qəbul edilsə də müvafiq cavab verilməmiş və iddiaçı iddianın növünü dəyişərək qeyd olunan borc məbləinin şəxsi hesab vərəqəsindən silinməsini tələb etmişdir. Bundan sonra borc məbləğinin həcmi məhz məhkəmə iclasında müəyyən edildiyindən iddiaçı tələbin həcmini artıraraq xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün sosial sığorta haqları üzrə borcun şəxsi hesab vərəqəsindən silinməsini tələb etmişdir. Tələbin həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsini və mümkünlük şərtlərinə cavab verməsini məhkəmə onunla əsaslandırır ki, ilkin iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdə (xx.xx.2023-cü il) iddiaçının şəxsi hesab vərəqəsində məhkəmə qərarı əsasında düzəliş edilməmiş, həmin düzəliş məhkəmə icraatı gedişində, yəni xx.xx.2023-cü il tarixdə edilmiş və borc məbləği dəqiq göstərilmişdir. Odur ki, iddiaçı məhkəmədə iddia qaldırarkən şəxsi hesab vərəqəsində məhkəmə qərarı əsasında düzəliş aparılmadığından borcunun mövcud olmasını bilmədiyindən haqlı olaraq iddianın növünü sonradan dəyişmiş və həcmini artırmışdır. Həmçinin cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında borcun silinməsi ilə bağlı tələbə mahiyyəti üzrə etirazını və arqumentlərini bildirdiyindən, habelə yuxarıda qeyd olunan əsaslara görə işə mahiyyəti üzrə baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 noyabr 2018-ci il tarixli Qanunu ilə “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 9-1.1-ci maddəyə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Eyni zamanda həmin Qanunla “Sosial sığortda haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə əlavə edilmiş son abzasa əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli fərmanın 4.4-cü bəndinə əsasən həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində orqan dedikdə, Azərbaycan Respublikası Vergilər Nazirliyi nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. “Həmin Qanunun 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.3.1-ci maddəsinə əsasən, sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-19/2022 saylı, 05 avqust 2022ci il tarixli qanuni qüvvəyə minmiş qərarının məzmunu ilə müəyyən edilir ki, "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üçün məcburi dövlət sosial sığorta haqlarının Cəmiyyətin özü tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş hesabatlar əsasında hesablanması 12 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilmişdir. Eyni zamanda həmin işə baxılarkən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyində “Gəncə Tekstil" ASC-nin məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatları və xx.xx.2019-cu il tarixli “Auuditor rəyi”nin nəticələrinə əsasən Cəmiyyətin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hesablanmış və ödənilmiş vəsaitlər üzrə yekun olaraq xx.xx.2019-cu il tarixə borcunun 37.116,18 manat olması, həmçinin xx.xx.2022-ci il tarixli ekspert rəyində Cəmiyyətə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hesablanmış məcburi dövlət sosial sığorta haqlarının düzgünlüyünü müəyyən etmək mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında təsbit edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin Cəmiyyətin borcunu şəxsi hesab vərəqəsində məhkəmə qərarı əsasında 315.935,59 manat həcmində azaldaraq hazırda təqribən 400.000 manat borcunun olması barədə dəlillərinin hüquqi və faktiki əsası yoxdur. Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Gəncə İzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(083)-1403/2019 saylı iş üzrə “Gəncə Tekstil" ASC-nin təqdim etdiyi dəqiqləşdirilmiş hesabatlar vergi orqanına göndərilmiş, məhz həmin hesabatlar əsasında xx.xx.2023-cü il tarixdə məhkəmə qərarı əsasında şəxsi hesab vərəqəsində borc 315.935,59 manat azaldılmışdır. Diqqət yetirilməli məqam ondan ibarətdir ki, məhz həmin hesabatlar əsasında ekspertlər tərəfindən borc bir halda 37.116,18 manat, digər halda isə ümumiyyətlə müəyyən edilə bilmədiyi halda vergi orqanının hər-hansı meyarlar və sənədlər əsasında borc məbləğini yuxarıda qeyd olunan həcmdə müəyyən etməsi inandırıcı və ağlabatan görünmür. Odur ki, məhkəmə xx.xx.2019-cu il tarixli ekspert rəyini daha mötəbər sübut növü kimi nəzərə almaqla Cəmiyyətin məhz həmin rəydə qeyd edilmiş məbləğdə borcunun olması qənaətinə gəlir. Azərbaycan Respublikası Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə- Tekstil” Açıq Səhmdar Cəmiyyətin şəxsi hesab vərəqəsindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləğinin 37.116,18 manat hissəsi istisna olmaqla silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyululmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətin şəxsi hesab vərəqəsindən xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqları üzrə borc məbləği 37.116,18 manat hissəsi istisna olmaqla silinməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar