Məhkəmə qərarları › İş №2-1(114)-282/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-282/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-282/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-3466A KOD 50413005 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət aktında ad, soyad və və ata adlarına düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə iddiaçılara 0.35 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-3466A KOD 50413005 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında İddiaçı2 adı səhvən “Xırda”, İddiaçı1 soyadı səhvən “Babayeva”, ata adı isə “Qəzənfər”, İddiaçı3 soyadı səhvən “Babayeva”, ata adı isə “Süleyman”, İddiaçı4 ata adı səhvən “Süleyman” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı iddiaçılar heç bir hərəkət edə bilmir. İddiaçılar sözügedən dövlət aktına düzəliş edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı2 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, dövlət aktında onun adı səhvən “Xırda” kimi qeyd edilmişdir. İddiaçı1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, dövlət aktında onun soyadı səhvən “Babayeva”, ata adı isə “Qəzənfər” kimi qeyd edilmişdir. İddiaçı4 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, dövlət aktında onun ata adı səhvən “Süleyman” kimi qeyd edilmişdir, Süleyman babası olmuşdur, babası ölmüş, Qəzənfər isə Ülkərin atası olmuş, o da ölmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə 14.12.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, İddiaçı2 və qeyriləri “Torpağının mülkiyyətə verilməsinə dair dövlət aktında ada, soyada və ata adına düzəliş edilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və iddiaçılara izah olunmuşdur ki, soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də onlara aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-3466A kod 50413005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə X2, X6, X7, X3, X1, X5 və İddiaçı4 Süleyman oğluna 0.35 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Vİİ-ЖГ 311569 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1980-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuşdur. -surəti işə əlavə edilmiş АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1950-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuşdur. -surəti işə əlavə edilmiş İ-AZ 067084 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı4 xx.xx.1999-cu ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuşdur. -surəti işə əlavə edilmiş XXİ-ЖГ 282830 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1998-ci ildə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuşdur. -surəti işə əlavə edilmiş AZ-İ 655626-nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 03.05.2014-cü ildə ölmüşdür. -surəti işə əlavə edilmiş AZ-İİ 210955 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 01.10.1989-cu ildə ölmüşdür. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 06.10.2021-ci il tarixli, **********54 nömrəli məktubundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. -“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 30.03.2022-ci il tarixli **********72 nömrəli məktubuna surəti əlavə edilmiş Şəmkir rayonu Seyfəli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından görünür ki, iddiaçıların ad, soyad və ata adları siyahının 3466-cı sırasında X12, X13, X10, X4, X11 və İddiaçı4 Süleyman oğlu kimi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə X2, X6, X7, X3, X1, X5 və İddiaçı4 Süleyman oğluna 0.35 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-3466A kod 50413005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçılar dövlət aktında adları qeyd olunan şəxslərin özləri olduğunu, lakin ad, soyad və ata adlarının yazılışında səhvə yol verildiyini bildirərək dövlət aktında müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında onların adına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıların dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi maraqları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23.10.1998-ci il tarixli 56 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu lə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Şəmkir rayonun Seyfəli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəldə olan torpaqlardan pay alacaq subyektlərin siyahısında adları qeyd olunan şəxslərin hazırki iş üzrə iddiaçılar olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxslərin iddia olunan şəxslər olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar