Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2820/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı pul tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı 8379 (səkkiz min üç yüz yetmiş doqquz) manat məbləğində pulun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etdiyi müddətdə "ASAN" imzanın aktiv olmadığı üçün Yerli icra hakimiyyəti orqanının əməkdaşının tapşırığını vaxtı-vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikaları yeni ehtiyyat hissələri ilə və sıradan çıxan hissələrini təmir etdirməyi, həmçinin rəhbərlik etdiyi idarədə çalışan işçilərin xidmət səviyyəsini yüksəldilməsi məqsədi ilə Kombinatda mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və s. avadanlıqlarla işçiləri təmin etməyi, bu dövr ərzində ümumilikdə kombinata çəkdiyim xərcin, yəni 8379 (səkkiz min üç yüz yetmiş doqquz) manat məbləğində pulun ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh başcısının sərəncamı ilə 01 fevral 2023-cü il tarixdən 04 aprel 2023-cü il tarixədək Gədəbəy Kommunal Müəssisələri Kombinatının rəisi vəzifəsini müvəqqəti icra etmişdir. Sözügedən vəzifəni icra etdiyi müddətdə "ASAN" imzanın aktiv olmadığı üçün Yerli icra hakimiyyəti orqanının əməkdaşının tapşırığını vaxtı-vaxtında yerinə yetirmək və ehtimadı doğrultmaq üçün öz şəxsi vəsaiti hesabına kombinata məxsus xüsusi təyinatlı nasaz texnikaları yeni ehtiyyat hissələri ilə və sıradan çıxan hissələrini təmir etdirmişdir. Rəhbərlik etdiyi idarədə çalışan işçilərin xidmət səviyyəsini yüksəldilməsi məqsədi ilə Kombinatda mövsümlə əlaqədar zəruri ehtiyac olunan şiş, lapatka, kürək, süpürgə və s. avadanlıqlarla işçiləri təmin etmişdir. Bu dövr ərzində ümumilikdə kombinata çəkdiyi xərci 8379 (səkkiz min üç yüz yetmiş doqquz) manat təşkil etmişdir. Qeyd edilən çəkdiyi xərclər kombinatın bir sıra işçilərinin iştirakı ilə sənədləşdirilmiş və təsdiq edici sənədlərin surətləri kombinatın mühasibatlığına təhvil verilmişdir. Qeyd etdiyi dövr ərzində çəkmiş olduğu xərcə görə kombinatın ona olan kreditor borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə Gədəbəy Rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatına müraciət etsə də əsassız olaraq onun müraciətinin təmin edilməsindən Gədəbəy Rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatı rəisi Fuad Bayramovun imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubu ilə imtina edilmişdir. Gədəbəy Rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatı rəisi Fuad Bayramovun imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubunda göstərilmişdir ki, qeyd etdiyi məbləğdə xərclənən vəsaitlə bağlı Kombinatın mühasibatlığında hər hansı təsdiqedici sənəd (qaimə və s.) mövcüd deyildir. Bununla yanaşı ərizəyə əlavə etdiyi aktlarda adları qeyd olunan əməkdaşlar guya qeyd etdiyi məsələlərlə bağlı məlumatlarının olmadıqları barədə izahatlar vermişdirlər. Bildirmək istəyir ki, Gədəbəy Rayon İcra Hakimiyəti Kommunal Müəssisələri Kombinatı rəisi Fuad Bayramovun imzası ilə xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubunda göstərilənlər yalandır, tərəfindən müvafiq sənədlər Kombinata təqdim edilibdir, məktubunda qeyd olunan şəxslərin izahatları da alınmamışdır. Həmin şəxslər bu faktı təsdiq edə bilərlər.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. III.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
7. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
11. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
12. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. Hazırkı mübahisə işəgötürənlə işçi arasında pul və ya əmlak tələbi ilə bağlı yaranmışdır ki, bu da həmin mübahisənin fərdi əmək mübahisəsi olduğunu deməyə əsas verir və qanunvericilikdə belə mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olması təsbit olunmuşdur.
14. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; Maddə 289. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
15. Göründüyü kimi, hazırkı işdə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.
16. Çünki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtin etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.
17. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.
18. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
19. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi inzibati hüquqa aid deyil, işəgötürən-işçi münasibətlərini əhatə edir və əmək hüquq sahəsinə əsaslanır.
20. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
23. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya işəgötürən müəssisəyə qarşı pul və ya əmlak tələbi ilə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun işəgötürənə qarşı pul və ya əmlak tələbi ilə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva