Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2824/2025 17.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: 1) İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1981-ci il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. 2) İddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixdən 1 il müddətinə, daha sonra xx.xx.2015-ci il tarixdən 1 il müddətinə, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. 3) Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbi üzrə xx.xx.2021-ci il tarixli, 02 nömrəli əmrlə iddiaçı 0,5 (yarım) ştat vahidi xidmətçi vəzifəsinə təyin edilmişdir. 4) 12.04.2021-ci il tarixdə Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbin müavinət təyin edən komissiyasının 13 nömrəli protokol-qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Əlillərin problemləri üzrə kompleks proqramı” barədə qərarın icrası baxımından məktəbdə fəaliyyət göstərən İİ qrup əlil texniki işçi iddiaçıya sosial iqtisadi mənafeyin müdafiəsi məqsədilə əmək haqqının 20-25% həcmində əlavə ödəniş artırılması təmin edilmişdir. 5) 24.10.2021-ci il tarixdə iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. 6) 13.01.2022-ci il tarixdə aparılan qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. 7) Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbin müavinət təyin edən komissiyasının xx.xx.2024-cü il tarixdə 49 nömrəli iclasının protokol-qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında Əlillərin problemləri üzrə kompleks proqramı” barədə qərarın icrası baxımından məktəbdə fəaliyyət göstərən İİ qrup əlil texniki işçi iddiaçıya sosial iqtisadi mənafeyin müdafiəsi məqsədilə əmək haqqının 20-25% həcmində əlavə ödəniş artırılması təmin edilmişdir. 8) İddiaçı əməkhaqqı ödənişinə əlavə haqqın tətbiq edilməsi barədə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. 9) Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-38/2-İ-26xx-xx/2024 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 nömrəli "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında" qərarına əsasən əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Qeyd edirik ki, nəzərdə tutulmuş artımın işçiyə şamil edilməsi üçün tələb olunan sənədləri tabe olduğu təşkilat rəhbərinin əmri, həmin təşkilatın həmkarlar ittifaqının müvafiq protokolu və digər sənədləri təqdim etdiyi tarixdən əməkhaqına əlavə edilir. Qeyd edilən sənədləri Bərdə rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığa təqdim etdiyi tarixdən etibarən iddiaçının əməkhaqqına 20-25 faiz artım tətbiq edilmişdir. Qeyd edilən artımın əvvəlki tarixə şamiledilməsi tərəfimizdən mümkün deyildir. 10) İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 2021-ci ilin oktyabr ayından 2024-cü ilin may ayına qədər olan müddət, yəni 31 ay üçün hər aya 90 manat olmaqla, cəmi 2790 manat əmək qabiliyyətinin itirilməsinə görə əməkhaqqında əlavənin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 11) Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqına əlavə olunmalı olan 20- 25 faiz artımın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 12) Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. 13) İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il tarixdə iddiaçıya 21 saylı TSEKnin müvafiq qərarı ilə, 12 barmaq bağırsaq soğanağının qanaxma ilə pasadlaşmış xroniki xora xəstəliyi, xroniki erozi qastrodualent, həzm sistemi funksiyasının pozulması, ümumi qidalanma zəifliyi, cəkinin düşməsi, İİ-li anemiya diaqnozu ilə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra iddiaçı 2020-ci ildə Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində texniki işçi kimi işə qəbul olmuşdur. İl qrup əlillik dərəcəsinin vaxtı 2021-ci ildə tamam olmuş və həmin ildə İİ qrup əlillik dərəcəsinin bərpa edilməsindən imtina edildiyindən iddiaçı bununla bağlı məhkəməyə müraciət etmişdir. Nəhayət məhkəmə prosesi onun xeyrinə həll edildikdən, yəni İİ qrup əlillik dərəcəsini bərpa edildikdən sonra iddiaçı qeyd edilən sənədi orta məktəbə təqdim etdi. Cavabdeh tərəfindən 2024-cü ilin may ayından sonrakı vaxtda iddiaçıya əmək qabiliyyətini itirdiyinə görə əməkhaqqına əlavə hesablanıb ödənilmiş, lakin 2021-ci ilin oktyabr ayından 2024-cü ilin may ayına qədər həmin əlavə ödənilməmişdir. Bu barədə iddiaçı cavabdehə müraciət etsə də, oradan ona imtina məktubu təqdim edilmiş və həmin məktub iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. İddiaçı hesab edir ki, qeyd edilən əlavə 2021-ci ilin oktyabr ayında, 2024-cü ilin may ayına qədər olan müddət ərzində yəni 2 il 7 ay üçün hər aya 90 manat olmaqla hesablanıb ödənilməlidir. 14) İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). 15) Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 2021-ci ilin yanvar ayında Cavabdeh Kətəlparaq kənd orta məktəbində texniki işçi kimi vəzifəyə düzəlmişdir. Şəxsin ikinci qrup əlilliyi olub, bu zaman məktəbin kollektivinə müraciət edib və razılıq verildiyi üçün əlavə 25 faiz verilmişdir. Lakin iddiaçının əlilliyin müddəti həmin ilin oktyabr ayında bitmişdir. 2024-cü ildə iddiaçıya yenidən əlillik təyin edilmişdir. Sadəcə 2021-ci ilin oktyabr ayında şəxsin əlillik müddəti dayandırıldığı üçün ona təyin edilmiş 20- 25 faiz əlavə də dayandırılmışdır. Əlilliyi olan şəxslərlə bağlı kompleks 185 nömrəli qərara 2 nömrəli əlavə var ki, əmək kollektivində işləyən işçiyə əmək kollektivinin razılığı ilə 20-25 faiz gəlir nəzərdə tutulur. İddiaçı ilə bağlı Həmkarlar İttifaqının razılığı var, ancaq həmin razılıq 2024-cü ilin may ayında verilmişdir. 2021-ci ildə razılıq verilsə də, iddiaçının əlilliyi 2021-ci ilin oktyabr ayında dayandırılmışdır. Əlil şəxslərlə bağlı hər il əmək kollektivi razılıq verir. 16) Sonuncu məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi də iddia tələbinin təmin olunmamasını xahiş etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 2024-cü ilin may ayından etibarən 20-25 faiz artım tətbiq olunur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən, Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” xx.xx.1994-cü il tarixli 185 nömrəli Qərarının 2-ci bəndinə əsasən müəyyən edilir ki, Əlilliyi olan şəxslərin sosial müdafiəsinin təşkili işində onların işə düzəldilməsi və əməyindən istifadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri olmalıdır. Həmin Qərarın 5.4-ci bəndində qeyd olunur ki, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi aidiyyəti müəssisə və təşkilatlara həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndində istisna halları nəzərdə tutulmamışdır. Yəni bu maddə əlilliyi olan işləyən bütün kateqoriyadan olan işçilərə şamil olunmalıdır. İş materiallarından da müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdən 20-25% artım iddiaçının əməkhaqqına əlavə edilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi iddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlil olmuşdur. Belə olan halda iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək təyin edilmiş ikinci dərəcə əlilliyə uyğun olaraq xx.xx.2021-xx.xx.2024-cü illər üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarının 5.4-cü bəndi ona tətbiq edilməlidir. Əlilliyin müəyyən olunması meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2021-xx.xx.2024-ci il tarixədək əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artımın ödənilməsindən əsassız olaraq imtina edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqları pozulmuşdur. Cavabdehin “əlil şəxslərlə bağlı hər il əmək kollektivi razılıq verməlidir” arqumenti ilə bağlı məhkəmə qeyd edir ki, əlilliyi olan işləyən işçilərə şamil olunan “Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 10 may 1994-cü il tarixli 185 nömrəli qərarında bu məzmunda imperativ göstəriş yoxdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il müddətində əmək haqqına əlavə olunmalı olan 20-25 faiz artım cavabdeh inzibati orqan Cavabdehndən tutularaq İddiaçı ödənilsin.. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2824/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2824/2025
17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver