Məhkəmə qərarları › İş №2-1(114)-2825/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2825/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2825/2025 15.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə pensiyanın bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə əmək pensiyasının 01 aprel 2024-cü il tarixindən etibarən bərpa edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçının əlilliyə görə əmək pensiyasının 01 aprel 2024-cü il tarixindən etibarən bərpa edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə həmin Filialın 3-17-1/2-H-244164/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən ona xx.xx.2018-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilmişdir (sonuncu pensiya ödənişi 596.53 manat). Əlilliyinin müddətinin xx.xx.2023-cü il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Qeyd olunanlara əsasən ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının ödənilməsi məsələsinə hazırda əlilliyini təsdiq edən müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacağı qeyd olunmuşdur. Həmçinin əlilliyinə dair məlumatlarla bağlı aidiyyəti üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməsi tövsiyyə olunmuşdur.

2. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli cavab məktubu və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti 2 saylı Bakı şəhər Dəmiryol Poliklinikasının 4384003AACZM nömrəli göndəriş əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nöməli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair Əsasnamə”yə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır.

3. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə dair məlumat vərəqəsindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının 01 aprel 2024-cü il tarixdən etibarən bəropa edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi Tibbi-Sosial Ekspert Komissisyası tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli məlumat əsasında ona 2-ci dərəcəli əlillik verilmiş və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2024-cü ilin aprel ayından etibarən ona məlum olmayan səbəbdən pensiyanın ödənilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 03 aprel 2018-ci il tarixli məlumat vərəqində əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddətinin müddətsiz olaraq göstərilməsinə baxmayaraq pensiyanın ödənişinin dayandırılması səbəbi ona aydın olmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, ödənişin dayandırılması qanunsuz və əsassızdır, bununla da qanunvericiliklə müəyyən edilmiş hüququ pozulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ona təyin edilmiş "əlilliyə görə əmək pensiyası"nın 01 aprel 2024-cü il tarixindən bərpa edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciətinə imtina cavabı verilmiş, bildirilmişdir ki, guya əlillik müddəti bitmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

7. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

8. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

9. Cavabdehin iddianın mümkün sayılmaması barədə ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixində doğulmuş, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək Sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş və 1-ci Qarabağ müharibəsində 1992-1994-cü illərdə 703 nömrəl hissənin tərkbindən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin döyüşlər zamanı xx.xx.1994-cü il tarixində ağır yaralandığından xx.xx.1994-cü il tarixinədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuş, oradakı yekun diqanoz nəticəsində ordu siralarından tərxis edilmişdir. İddiaçı qeyd edir ki, aldığı travmalar səbəbindən uzun müddət məhdud hərəkətli olduğundan 2017-ci ildə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə müraciət edərək müayinə və müalicə oluninas üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissyasına göndərilməsini xahiş etmişdir. Müvafiq xəsarətlərə uyğun olaraq Mərkəzi Hərbi Həkim Komissyasının 263 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə "Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" rəyi verilmişdir. Qeyd olunanlar əsasında Tibbi-Sosial Ekspert komissyasının xx.xx.2018-ci il tarixli qərarı ilə 2-ci dərəcə əlillik təyinatı aparılmışdır. Daha sonra qanunvericiliyin tələbləri əsasında ona 2-ci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, 2024-cü ilin aprel ayından etibarən məlum olmayan səsəblərdən pensiya ödənişi dayandırılmışdır. Əlilliyinin müddətsiz olmasına baxmayaraq pensiya ödənişinin dayandırılmasını qanunsuz və əsasssız hesab edir. İddiaçı eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmiş, müraciətə cavab olaraq bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən ona 3 aprel 2018-ci il tarixindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" İl dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinizin 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilmişdir (sonuncu pensiya ödənişiniz 596,53 manat). İddiaçının əlilliyinin müddətinin 3 aprel 2023-cü il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi 1 may 2023-cü il tarixindən dayandırılıb. Həmçinin qeyd edilmişdir ki, hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının ödənilməsi məsələsinə əlilliyini təsdiq edən müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxılacaqdır. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçının tələbi mümkün hesab edilməməlidir. Belə ki, İddiaçı iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən də məlum olur ki, o, xx.xx.1971-cı il tarixdə doğulmuşdur. İş üzrə icraat materillarında olan Tibbi-sosial ekspert komissyasında sonuncu müayinəyə dair məlumat vərəqində İddiaçı xx.xx.2018-ci il tarixli qərarla xx.xx.2023 cü il tarixədək 2-ci dərəcə əlillik təyin edilmişdir. İş üzrə icraat materialları ilə müəyyən olunur ki, Mərkəzi Filial tərəfindən xx.xx.2018-ci il tarixli qərarla İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, İddiaçı əlilliyinin müddəti bitdiyi üçün pensiya ödənişinin müddəti xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1.4-cü bəndinə əsasən, strukturuna daxil olan tibbisosial ekspert komissiyaları vasitəsilə əilliyin qiymətləndirilməsini həyata keçirmək fəaliyyət istiqamətlərinə, 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsinin əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları"na əsasən; 1.1 Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar sasında şəxsin əlilliyini qiymətləndirir, əliliyin müəyyən olunmasına və ya səbəblərini astərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin giymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı əlilliyinin müddəti xx.xx.2023-cü il tarixində bitmiş, əlilliyinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra "əlillik" altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Həmçinin əlavə olaraq nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini,həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlərin təyin edilməsi və ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumdur. Göründüyü kimi, əlilliyin təyin edilməsi, növünün və ya dərəcəsinin dəyişdirilməsi Fondun səlahiyətlərinə daxil deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli "İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair" qərarında qeyd olunur ki; Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunmasi, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hesab edirlər ki, hazirkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının Mərkəzi Filiala qarşı qaldırmış olduğu iddia tələbinə əsasən əlliliyə görə əmək pensiyasının bərpa edilərək ödənilməsi mümkün sayıla bilməz.

10. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında idddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

12. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

14. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

15. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

16. Hazırkı iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçıya əlillik təyinatı aparıldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən cavabdeh Mərkəzi Filial tərəfindən ona xx.xx.2018-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 80 faizi miqdarında əmək pensiyası təyin edilərək ödənilmişdir (sonuncu pensiya ödənişi 596.53 manat). Əlilliyinin müddətinin xx.xx.2023-cü il tarixindən bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2023-cü il tarixdən dayandırılmışdır.

17. İddiaçı onun əlilliyinin müddətsiz olduğunu əsas gətirərək, əlilliyə görə əmək pensiyasının 01 aprel 2024-cü il tarixindən etibarən bərpa edilməsi və həmin tarixdən bu günə kimi ödənilməmiş pensiya haqqı məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələblə məhkəmə mübahisəsi açmışdır.

18. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli cavab məktubu və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti 2 saylı Bakı şəhər Dəmiryol Poliklinikasının 4384003AACZM nömrəli göndəriş əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nöməli Qərarı ilə əsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarına dair Əsasnamə”yə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.Əlillik müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən sonra “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır.

19. Həmçinin, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinə dair məlumat vərəqəsindən görünür ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir.

20. Göründüyü kimi, iddiaçı əlilliyinin müddətsiz olduğunu iddia etsə də, buna səlahiyyətli orqanın təqdim etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçının əlillik təyinatı barədə qərarda onu ikinci dərəcəli əlillik 5 il müddətinə - xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək təyin edilmiş, buna müvafiq olaraq iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlilliyin müddəti bitdikdən sonra isə pensiya ödənişi dayandırılmışdır.

21. xx.xx.2023-cü il tarixdən sonra iddiaçının barəsində heç bir göndəriş rəsmiləşdirilməmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilməmişdir.

22. Belə olan halda, iddiaçının qüvvədə olan əlilliyi mövcud olmadığından ona pensiya ödənişinin həyata keçirilməsi də mümkünsüzdür.

23. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının məhz hazırkı cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.

24. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

25. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

26. Məhkəmə onu da qeyd edir ki, iddiaçı ona əlilliyin 5 il müddətinə deyil, müddətsiz təyin edilməsini iddia etdiyi halda, əlilliyin təyin edilməsi sahəsində müvafiq səlahiyyətli inzibati orqana qarşı məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

28. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

Nəticəvi hissə:

29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar