Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2826/2025 25.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Eıvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmət keçir. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. 17 avqust 2023-cü il tarixində növbəti illərdə uzadılmaqla onunla 1(bir) il müddətinə müqavilə (başlaşma) imzalanmışdı. Sonuncu xidmət keçdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri onu şəxsi qəsdi-qərəzlilik zəminində dəfələrlə şərləmək istəyib, guya xidmətə gecikir, xidmətə sərxoş gəlir və s. Həmçinin qeyd edir ki, bu hərbi hissə komandiri vəzifəyə təyin olunandan sonra Azərbaycan Respublikasının Baş Nazirinin Qərarına əsasən ona verilmiş "Vətən Müharibəsinin iştirakçısı" medalından da onun məhrum olunmağına nail olmuşdur. Bunlarla bağlı araşdırma aparıldığı zaman heç bir hal öz təsdiqini tapmadığı üçün hərbi hissə komandiri ona heç bir məlumat vermədən və müqavilənin (bağlaşmanının) bitməsini gözləmədən barəsində ehtiyata buraxılmağa dair yuxarı komandanlığa təqdimat yazmış və nəticədə ehtiyata buraxılmağına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli qanunsuz, əsassız və ədalətsiz əmri imzalanmışdır. Barəsində imzalanmış qanunsuz və əsassız əmrin ləğv olunmasına və hərbi xidmətə bərpa olunmağına dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qeyd edir ki, iş məhkəmədə olarkən, yəni N-cü iln avqust ayında əməliyyat olunmuşdur. 2025-ci ilin yanvar ayında isə ikinci dəfə əməliyyat olunmuşdur və artıq bundan sonra hərbi xidmətə yararsızdır. Baxmayaraq ki, barəində hərbi xidmətə yararlı olmağına dair Hərbi-Həkim Komissiyasının arayışı vardı, əfsuslar olsun ki, buna heç bir əhəmiyyət verilməmiş, ona heç bir məlumat vermədən və müqavilənin (bağlaşmanın) bitməsini gözləmədən onu qanunsuz şəkildə ehtiyata buraxıblar. Bütün bunla da səhhətində ciddi şəkildə təsir edərək ona maddi və mənəvi zərər vurmuşdur. Ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı xx.xx.N-cü il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət etmişdir. Əfsuslar olsun ki, cavabdeh orqan qanunla müəyyən olunmuş müddətdə ona hər hansı bir cavab verməmişdir. Cavabdehin bu mövqeyi onu qane etmədyindən iddia ərizəsi ilə müraciə edir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, aidiyyətlə bağlı məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilmişdir.
5. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
6. Məhkəmə aidiyyatla bağlı məsələyə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. İddiaçı məhkəmə iclasında işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
9. Belə ki, iddiaçının hazırkı tələbi cavabdeh orqanın hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin ödənilməsi ilə bağlı olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir və iddianın mümkün sayılması üçün İPM-in 8.1.4-cü maddəsində nəzərdə tutulmuş aidiyyət qaydalarına riayət edilməlidir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara... Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
11. Məhkəmə qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz .dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri)
12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.
13. Göründüyü kimi, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.
14. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ünvan isə Bakı şəhəri, Parlament prospekti, 3 ünvanıdır.
15. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.
16. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir.
17. Odur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.
18. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2–8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva