Məhkəmə qərarları › İş №2-1(114)-283/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-283/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-283/2021 26.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh «Nəsimi» firmasına qarşı qeyri yaşayış binasına qanunsuz müdaxiləyə son qoyma, qərarın ləğvi və maddi ziyanın ödənilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh «Nəsimi» firmasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Nəsimi» firmasının xx xxxx 2020-ci il tarixli 04 saylı qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, «Nəsimi» firmasının hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan Tovuz şəhəri Mərkəzi Bazar adlanan ərazidə ona məxsus ümumi sahəsi 80.7 kvm olan 1 mərtəbəli xidməti təyinatlı qeyri yaşayış binasına qanunsuz müdaxiləsinə son qoyulması, cavabdeh tərəfindən ona vurulmuş 1400 manat məbləğində maddi ziyannın, 10000 manat məbləğində mənəvi zayanın və dövlət rüsumu hesabına ödənilmiş 30 manat pulun alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizama salma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki işdə «Nəsimi» firması inzibati orqan olmadığından həmin firma tərəfindən qəbul olunan xx xxxx 2020-ci il tarixli 04 saylı qərarı inzibati məhkəmə icraatının predmetinə aid ola bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinin dairəsi müəyyən edilmişdir. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki tələb publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salına bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçınun cavabdeh «Nəsimi» firmasına qarşı qeyri yaşayış binasına qanunsuz müdaxiləyə son qoyma, qərarın ləğvi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar