Məhkəmə qərarları › İş №2-1(114)-283/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-283/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-283/2024 15.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi (qəyyumu) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı İİ dərəcə əlillik statusunun "18 yaşa çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan övladları" kimi (xx.xx.1986-cı ildən etibarən) qiymətləndirilərək müvafiq məlumatların, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X7 ölümünədək ödənilmiş "ailə başçısını itirməyə görə" pensiyanın xx.xx.2022-ci il tarixdən etibarən iddiaçının adına keçirilməsi, həmin pensiya məbləğinin indiyə kimi ödənilməli olan, lakin ödənilməmiş bütün müvafiq aylıq pul məbləğlərinin hesablanaraq sonuncuyaödənilməsi məqsədilə, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7536/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı qanuni nümayəndəsi (qəyyumu) X8 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının cavabdehə qarşı "ikinci dərəcə əlillik statusunun 18 yaşından əvvəlki müddətdə yaranmasının tanınmasına dair" iddia tələbinin təmin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 1806 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, xx.xx.1986-cı il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə çox erkən dövrlərdən xəstədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. 1 saylı X2 Qazax rayyon Qəbul şöbəsinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli arayışına əsasən, xx.xx.1993-cü ildən indiyə kimi “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə ona 2-ci qrup əlillik təyin edilmiş və hər ay 180 manat məbləğində müavinət alır və xx.xx.2000-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. xx.xx.1993-cü il tarixdən etibarən ikinci dərəcə əlillik statusu tanınsa da, onda həmin xəstəlik çox uşaq vaxtlarından aşkar edilmiş, özünü tanıyandan bəri daim özünü narahat, qeyri-adi hiss etmiş, həmin xəstəliklə əlaqədar Qazax rayon Psixatriya xəstəxanasında dəfələrlə müalicə olunmuşdur. X3 1806 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında da qeyd edilmişdir ki, xx.xx.1986-ci il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə çox erkən dövrlərdən xəstədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. Xəstəliyi ilə əlaqədar, Qazax rayonu, Çaylı kənd 1 nömrəli tam orta məktəbinə yaşıdlarından bir il gec getmişdir. Orta təhsilinin ilk illərini, o cümlədən bütün siniflərini, xüsusən də son siniflərini-illərini çətinliklə bitirmişdir. Nəhayət, 9-cu sinifi xəstə vəziyyətdə bitirib məktəbdən 9 illik təhsil barədə şəhadətnamə alımışdır. Bundan sonra xəstə olsa da, təhsilini davam etdirmək istəmiş, bir neçə ay məktəbə 10-cu sinfə getmiş, lakin həmin xəstəliklə əlaqədar tez-tez müayinə və müalicə üçün xəstəxanalara gedib-gəldiyinə görə təhsilini davam etdirə bilməmişdir. Ona görə də, 11 illik tam orta təhsil üçün müvafiq atestat ala bilməmiş, o cümlədən də indiyə kimi həmin xəstəliyi ilə əlaqədar ailə qura bilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 dekabr 2022-ci il tarixli, **********1 saylı məktubunun ikinci abzasında qeyd edilmişdir ki, mərhum atası X7 xx.xx.2022-ci il tarixədək həmin filial tərəfindən iddiaçının şəhid qardaşı X5 müvafiq təminat xərcliyinin (703 manat) 80 faizi - 562,40 manat məbləğində “ailə başçısını itirməyə görə” əmək pensiyası ödənilmişdir. Ona görə də, həmin pensiyanın onun adına keçirilməsi məqsədilə, göstərilən məlumatları özündə əks etdirən sənədlərlə birlikdə ərizələri ilə cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Realbilitasiya Xidmətinə müraciət edib əlillik statusunun “Əmək Pensiyaları haqqında” AR Qanunun 14-cü maddəsinə əsasən “18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan övladları” kimi (xx.xx.1986-cı ildən etibarən) qiymətləndirilməsini xahiş etmiş, lakin həmin cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubu ilə onun xahişindən imtina edilmişdir, yəni atası M.Ə.Civişovun aldığı pensiyası, onun əlillik statusunu 18 yaşdan əvvəl deyil, 18 yaşdan sonra aldığına görə atasıın pensiyası onun adına keçirilməmişdir. O, rəsmi sənədlərə əsasən xx.xx.1993-cü ildən indiyə kimi 2-ci qrup əlil kimi tanınsa da, X3 xx.xx.2022-ci il tarixli, 1806 saylı məktubuna əsasən xx.xx.1986-cı il tarixdən etibarən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı” diaqnozu üzrə həmin xəstəxanada xəstə kimi qeydiyyatdadır, erkən dövrlərdən xəstəyədir və onun kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2024-cü il tarixə təyin edilmişdir. İddiaçının qanuni nümayəndəsi (qəyyumu) X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gıəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı və cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddiaçı cavabdeh olaraq inzibati orqanı düzgün seçmədiyi üçün iddia mümkünsüz iddiadır. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə araşdırmasının predmetini təşkil edir: - iş materiallarına əlavə edilmiş İddiaçı məxsus, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən "ümumi xəstəlik" səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Həmin məktubla DTSERA-nin əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərdiyi bildirilmiş, digər məsələlərlə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə olunmuşdur. - iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 288998 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının atası X9 xx.xx.2022-ci ildə ölmüşdür. - iş materiallarına əlavə edilmiş TSEK müayinə qiymətləndirmə nəticəsindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə, "Şizofreniya paranoid qüsur halı" diaqnozu ilə (XBT kodu F20-29) müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - iş materiallarına əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 9-23/200 nömrəli Sərəncamının surətindən görünür ki, X8 xx.xx.1973-cü il təvəllüdlü fəaliyyət qabiliyyəti olmayan bacısı İddiaçı qəyyum təyin edilmişdir. - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-28763/2023 nömrəli "Vətəndaşın əlillik vəziyyəti haqqında" məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İddiaçı əlilliyinin ilkin təyinat tarixi ərazi üzrə xidmət göstərən 17 nömrəli Tibbi-sosıal ekspert komissiyasının arxiv sənədləri əsasında xx.xx.1993-cü ilə təsadüf edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə olunan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında (Diaqnoz: Şizofreniya, paranoid qüsur halı) təkrar xx.xx.2000-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bundan başqa, xəstəliyin ilk psixotik əlamətləri 20 yaşa qədər meydana çıxır. Bu zaman xəstələnmənin zirvəsi kişilərdə 15-25 yaşlara, qadınlarda isə 25-35 yaşlara təsadüf edir. Prodormal dövr bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Bu dövrdə pasiyentlərdə aydın psixotik əlamətlər təzahür etmir. Prodromal dövrün sonunda qavramanın pozulması, şübhəlilik, qeyri-adi mülahizələr söyləmək müşahidə edilə bilər, bu isə psixozun meydana gəlməsini göstərir. Şizofreniyanın inkişafında üç mərhələ ayırd olunur: psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti sağalma mərhələsi). İxtisaslaşdırılmış yardıma, adətən psixotik epizodun meydana gəlmə mərhələsində müraciət edilir. 1995-ci ilə qədər 16 yaşına çatmamış sağlamlıq imkanları məhdud uşaqların əlillik vəziyyətinin qiymətləndırilməsi Tibbi Sosial Ekspertiza Komissiyalarının səlahiyyətində olmadığı üçün, qeydiyyatda olduqları ərazi üzrə Dövlət tibb müəssisələri tərəfindən həyata keçirilirdi. İddiaçı iddia ərizəsində xəstəliyin başlama tarixi xx.xx.1986-cı il kimi qeyd edilsə də, əlilliyinin qiymətləndirilməsi ilə əlaqədar müraciət ilkin olaraq xx.xx.1993-cü il tarixində qeydə alınıb və həmin tarixdən qanunvericiliyə uyğun olaraq əlillik statusuna malikdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixdə, "Şizofreniya paranoid qüsur halı" diaqnozu ilə (XBT kodu F20-29) müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə səbəb təyin edilmiş əlilliyin iddiaçının 18 yaşından əvvəlki dövrə də aid edilməsinin cavabdeh orqan tərəfindən tanınmasına nail olmaq olmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı əlilliyinin ilkin təyinat tarixi ərazi üzrə xidmət göstərən 17 nömrəli Tibbi-sosial ekspert komissiyasının arxiv sənədləri əsasında xx.xx.1993-cü ilə təsadüf edir. İddiaçının əlillik vəziyyəti Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında (Diaqnoz: Şizofreniya, paranoid qüsur halı) təkrar xx.xx.2000-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bununla yanaşı iddiaçı tərəf həm iddia ərizəsində, həm də iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə iddia tələbini yəni, təyin edilmiş əlilliyin iddiaçının 18 yaşından əvvələ aid edilməsini X1 xx.xx.2022-ci il tarixli, 1806 nömrəli məktubuna əsasən, xx.xx.1986-cı il tarixdən etibarən "Şizofreniya paranoid forma, fasiləsiz gedişli psixi qüsur halı" diaqnozu üzrə həmin xəstəxanada xəstə kimi qeydiyyatda olması ilə əsaslandırsa da, buna aid hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, həmin tarixdə iddiaçıya müvafiq diaqnozun qoyulması onun həmin tarixdən əlil hesab edilməsi anlamına gəlmir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının səhhətində İİ dərəcə əlilliyin təyinatına əsas verən xəstəliklər iddiaçıda 18 yaşınadək deyil, sonradan yaranmışdır və cavabdeh orqan tərəfindən iddiaçı tərəfin hazırki iddia tələbi ilə bağlı müraciətindən imtinası qanuni və haqlı olmuşdur. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”-nin: - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. - 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin 18 yaşdan əvvəlki müddətdə yaranmasının tanınması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar