Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2837/2022 01.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İİ Qarabağ Müharibəsində şəhid olmuş X1 anasıdır. Hal-hazırda Gəncə şəhərində kirayə yaşayır və şəhid ailə üzvünün istifadə edə biləcəyi bütün imtiyazlardan istifadə edir, lakin onun hal-hazırda yaşayış sahəsi yoxdur. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o iki ildir Gəncə şəhərində qeydiyyatdadır, lakin yeddi illdir Gəncə şəhərində yaşayır. Nikahda olduqları vaxt Sumqayıt şəhərində yaşamışlar, əri ilə 2015-ci ildə boşanmışlar, boşanarkən uşağın (X2) atasının yanında qalması qərara alınmışdır. Oğlu şəhid olduqdan sonra keçmiş ərinə Sumqayıt şəhərində mənzil verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli 03/1232 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı yaşayış yeri üzrə Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatda olmuş, xx.xx.2021-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” Nümunəvi Qaydalarına əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti yerli icra hakimiyyəti tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Gəncə şəhərində daimi yaşama müddəti 5 il müəyyən edilmişdir. -işə əlavə edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 483/2022 nömrəli qərarından görünür ki, İddiaçı ünvan 2 ünvandan pasport qeydiyyatından çıxarılmışdır. -surəti işə əlavə edilmiş vəsiqədən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə 003465 nömrəli şəhid ailəsi statusu verilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli Ş-10/4-068/2-t/1 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı şəhid ailəsi üzvü olmaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” qərarının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Həmin bəndin 2-ci yarımbəndinə əsasən Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər. “Azərbaycan SSR Kirovabad şəhəri ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” qaydalarının İİ hissəsinin 4-cü bəndinin 1-ci yarımbəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna Kirovabad şəhərində 5 ildən az olmayaraq yaşayış və pasport qeydiyyatında olan və bir idarədə, təşkilatda azı 3 il fasiləsiz işləyən şəxslər götürülürlər. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı şəhid anasıdır və oğlunun şəhid olması ilə bağlı iddiaçının izahatından görünür ki, iddiaçının keçmiş ərinə (şəhidin atasına) dövlət tərəfindən mənzil verilmişdir. İddiaçının izahatı ilə də müəyyən edilir ki, iddiaçının keçmiş əri ilə nikahı pozularkən uşaq (şəhid) atanın yanında saxlanılmışdır. Odur ki, müvafiq mənzillə təmin olunma zamanı mənzilin bu halda şəhidin atasına verilməsi qanunauyğun olmuşdur. Mövcud qanunvericilikdə isə nikahı pozulmuş şəhid valideynlərinin ayrı-ayrılıqda mənzillə təmin olunması nəzərdə tutulmamışdır. Odur ki, hazırki halda iddiaçının yaşayış sahəsinə ehtiyacı şəxs kimi uçota alınması hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 418 nömrəli,14 oktyabr 1983-cü il tarixli “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi qaydalarının təsdiq edilməsi haqqında” qərarına və “Azərbaycan SSR Kirovabad şəhəri ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin” qaydalarına uyğun tənzimlənməlidir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və izahatından göründüyü kimi son 2 ildir Gəncə şəhərində pasport qeydiyyatındadır. İstinad olunan qanunvericiliyin tələblərinə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2837/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2837/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver