Məhkəmə qərarları › İş №2-1(114)-2837/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2837/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2837/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğvi, tutmanın qadağan edilməsi və tutulmuş vəsaitin geri qaytarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kimi müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulmasının qadağan edilməsi, tutulmuş 26.90 manat vəsaitin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2017-ci il tarixdə cavabdeh orqana etdiyi müraciəti əsasında Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli sərəncamla xx.xx.2017-ci il tarixdən etibarən əmək pensiyasının məbləği 230.02 manat məbləğində müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarından görünür ki, İddiaçı İİ dərəcə əlilliyə görə əmək pensiyasının hazırkı məbləği 333.79 manat olmuş, yenidən hesablandıqdan sonrakı məbləğ isə 269.19 manat məbləğində müəyyən edilmişdir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsait aylıq pensiya məbləğindən tutulsun.

4. İddiaçı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edərək, əlilliyə görə əmək pensiyasının azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilmişdir ki, xidməti araşdırma nəticəsində əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) xx.xx.1971 (təvəllüd) = (46- 15)*4/192*144=93. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 3213.06 manat məbləğ onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğində tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.

5. Pensiya təyinatı Alt Sistemindən çıxarışdan məlum olur ki, audit nəticəsində artq vermə kimi müəyyən edilmiş 3213.06 manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək aylıq 26.92 manat məbləğində tutulması nəzərdə tutulmuş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasından 26.92 manat məbləğində vəsait tutulmuşdur.

6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-94867/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ilə İddiaçı əlilliyə görə əmək pensiyasının məbləği 269.19 manat məbləğində müəyyən edilmişdir. Qərarda iddiaçıya artıq ödənilmiş 3213.06 manat əmək pensiyasının tutulması barədə qeyd olsa da, əmək pensiyasından hər hansı tutulmalar aparılmamışdır. İddiaçının əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 26.4 və 29.1-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixindən 327,06 manata çatdırılmışdır. II. Məhkəmədə icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ondan 3213.06 manat məbləğin tutulmasının dayandırılmasının üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 avqust 2022-ci il tarixli **********7 saylı məktubu ilə ondan artıq ödənilmiş 3213.06 manat məbləğin onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğinin tutulması barədə yazılmışdır. Filialın xx.xx.2022ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəməyə müraciət etməlidir.

9. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2289/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kim müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulmasınını qadağan edilməsi və tutulmuş 26.90 manat vəsaitin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia tələbi xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi hissəsində İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında, artıq ödəmə kimi müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulmasının qadağan edilməsi və tutulmuş 26.90 manat vəsaitin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);

15. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.

16. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət edilməlidir. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

17. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinin aydınlaşdırılmasına zərurət yaranmış və müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar ona təqdim edilməmişdir. İddiaçıya yalnız onun cavabdeh orqana xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixdə **********7 nömrəli məktub ünvanlanmışdır ki, iddiaçı da hazırkı tələblə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etdiyi üçün iddiaçı tərəfindən müddətin ötürülmədiyi müəyyən edilir.

18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan iddia ərizəsi iddiaçının yaşayış yeri üzrə (Gəncə şəhəri, H.Əliyev küçəsi, 67) verilmişdir və Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın mübahisələndirmə və öhdəliyin icrası haqqında iddia növlərinə aid olduğunu və iddiaçının yaşayış ünvanını nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmişdir, hazırkı işə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

25. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) - xx.xx.1971 (təvəllüd)= (46- 15)*4/192*144=93. İnzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən "İnzibati İcraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2, 63 və 64.1 və maddələrini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmək pensiyasının təyin edilməsi qərarın qeyd hissəsində xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasında iddiaçının pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində 3213,06 manat artıq ödənilmiş vəsaitin pensiya məbləğindən tutulması qərara alınmışdır. Hesab edirlər ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qanuni və əsaslı olmuşdur, İddiaçı "tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir.

26. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı; - Pensiya təyinatı Alt Sistemindən çıxarış; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-94867/2023 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiyasının yenidən hesablanması barədə xx.xx.2017-ci il tarixdə cavabdeh orqana etdiyi müraciəti əsasında Pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2018-ci il tarixli sərəncamla xx.xx.2017-ci il tarixdən etibarən əmək pensiyasının məbləği 230.02 manat məbləğində müəyyən edilmişdir. Daha sonra ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması, yəni əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölündüyü və bu səbəbdən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi müəyyən edilərək, “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında İddiaçı İİ dərəcə əlilliyə görə ödənilən 333.79 manat əmək pensiyasının məbləği yenidən hesablanaraq 269.19 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsait aylıq pensiya məbləğindən tutulsun.

30. İddiaçı cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət edərək, əlilliyə görə əmək pensiyasının azaldılmasının səbəbi barədə məlumat verilməsini xahiş etmiş və sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubda bildirilmişdir ki, xidməti araşdırma nəticəsində əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 93-ə bölünməli olduğu halda (T*K) 45-ə bölünmüşdür. xx.xx.2017 (əmək pensiyasının Qanunun 37.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablandığı tarix) xx.xx.1971 (təvəllüd) = (46- 15)*4/192*144=93. Nəticədə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3213.06 manat məbləğin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən artıq ödənilmiş 3213.06 manat məbləğ onun əlilliyə görə əmək pensiyasının aylıq məbləğində tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır.

31. Audit nəticəsində artq vermə kimi müəyyən edilmiş 3213.06 manat məbləğində vəsaitin xx.xx.2023-cü il tarixdən xx.xx.2032-ci il tarixədək aylıq 26.92 manat məbləğində tutulması nəzərdə tutulsa da, iddiaçının əmək pensiyasından yalnız xx.xx.2023-cü il tarixdə 26.92 manat məbləğində vəsait tutulmuşdur.

32. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək göstərmişdir ki, əlillik təyinatı və pensiya üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanunamüvafiq surətdə verilmişdir və onun hər hansı qüsurlu hərəkəti olmamışdır.

33. “Əmək pensiyaları haqqında” Qanununa görə: Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

34. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

35. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

36. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

37. Hazırkı iş üzrə də mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının razılığının alınması halı müəyyən edilmir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

39. Digər tərəfdən, sadalanan normalardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

40. Göründüyü kimi, inzibati orqanın qərarı ilə pensiyadan tutulmalar aparılması qanunvericilik aktlarında nəzərdə tutulmamışdır.

41. Beləliklə, hazırkı mübahisə üzrə artıq ödənilmiş pensiya məbləğinin tutulması barədə əmək pensiyaçısının razılığı olmadığından, habelə həmin artıq məbləğin məhkəmə qaydasında tutulması barədə məhkəmə aktı mövcud olmadığından inzibati orqan tərəfindən qanunsuz olaraq “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissədində xx.xx.2022-ci il tarixli **********7 saylı məktuba əsasən ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin araşdırması nəticəsində vətəndaşın pensiyasının sığorta hissəsinin məbləğinin fərdi hesabın sığorta hissəsində pensiya kapitalına uyğun hesablanmaması nəticəsində artıq ödənilmiş 3213.06 manat vəsaitin aylıq pensiya məbləğindən tutulması göstərilmiş və xx.xx.2023-cü il tarixdə iddiaçının əmək pensiyasından 26.90 manat məbləğində vəsait tutulmuşdur.

42. Ona görə də, həmin qərarın qeyd hissəsi ləğv edilməli, artıq ödəmə kimi müəyyən olunmuş 3213.06 manat vəsaitin onun aylıq pensiya məbləğindən tutulması cavabdehə qadağan edilməli və tutulmuş 26.90 manat vəsait iddiaçıya geri qaytarılmalıdır.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarının qeyd hissəsi ləğv edilsin. Artıq ödəmə kim müəyyən olunmuş 3213.06 manat vəsaitin İddiaçı aylıq pensiya məbləğindən tutulması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. Əmək pensiyasından tutulmuş 26.90 manat vəsaitin İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar