Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2838/2022 19.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçılar İddiaçı1n və İddiaçı2 vəkili X3, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Şəhər Nizami rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 492 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 109 nömrəli sərəncamına əsasən, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənubqərb tərəfində yerləşən 0.2 ha torpaq sahəsində İddiaçı1 tərəfindən maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Eyni zamanda Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 110 №-li sərəncamına əsasən, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 500.0 kv.m torpaq sahəsində X8 tərəfindən ticarət və iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Bundan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq orqanlarla razılaşdıraraq tikntinin vəziyyət planı təsdiqlənmiş, daha sonra isə müxtəlif orqanlardan rəy, layihə, texniki şərt alınaraq ərazidə işıq transformatoru quraşdırılmışdır və s. işlər görülmüşdür. Bu işlərin aparılması üçün xeyli miqdarda vəsait xərclənməklə yanaşı, həm də xeyli müddət vaxt sərf edilmişdir. Lakin bu yaxınlarda tikinti işlərini davam etdirmək istəyərkən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək tikinti işlərinin dayandırılmasını tələb etdilər. Səbəbini soruşduqda isə həmin torpaq sahələrində maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 109 №-li sərəncamının, həmçinin ticarət və iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 110 №-li sərəncamının digər sərəncamla ləğv edildiyini bildirdilər. Bundan sonra Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə müraciət olunmuş və 22 avqust 2022-ci il tarixli müşayət məktubu ilə onlara Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2018-ci il tarixli 492 №-li sərəncamının surəti göndərilmişdir. Həmin sərəncamdan torpaq sahələrində maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə Gəncə Şəhər Nizamı Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 109 №-li sərəncamının, eləcə də ticarət və iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi barədə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 110 №-li sərəncamının ləğv edildiyi məlum olur. Səbəb kimi isə sərəncamlar verilən zaman inzibati icraat haqqında hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinin müəyyən edilməsi göstərilsə də, bu pozuntuların nədən ibarət olması, hansı hüquq normasının pozulması göstərilməmişdir. Həmçinin, sərəncamlar ləğv olunan zaman nəinki onlara bu barədə hər hansı bir məlumat verilməmiş, hətta həmin vaxtdan sonra da müxtəlif vaxtlarda mütəmadi olaraq ərazidə işlər aparmışlar. Yuxarıda qeyd etdiyi kimi, sözügedən sərəncamdan onlar yalnız 22 avqust 2022-ci il tarixindən sonra məlumatlı olmuşlar. Odur ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2018-ci il tarixli 492 №-li sərəncamı ilə qanunvericiliyin tələbləri kobud surətdə pozulduğundan həmin sərəncamın ləğv olunması edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların vəkili X6 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən sərəncamı cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə əldə etmişlər və həmin vaxta qədər sözügedən sərəncamdan məlumatları olmamışdır. Cavabdehin nümayəndəsi X5 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş İİ-ЖГ 302725 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X8 və X1 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş “Ölüm haqqında” AZ-İİ 060280 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Gəncə Şəhər Nizamı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 109 №-li sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənubqərb tərəfində yerləşən 0.2 ha torpaq sahəsində İddiaçı1 tərəfindən maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. -işə əlavə edilmiş Gəncə Şəhər Nizamı Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli Q26-112 nömrəli məktubunda xx.xx.2018-ci il tarixli 109 №-li sərəncamın ləğv edildiyi bildirilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş Gəncə Şəhər Nizamı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 492 №-li sərəncamından görünür ki, İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 67.2-ci maddəsinə uyğun olaraq Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının "Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev üçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında” 05 mart 2018-ci il tarixli 109 saylı və “Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində ticarət və iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında” 05 mart 2018ci il tarixli 110 saylı sərəncamları ləğv edilmişdir. -işə əlavə edilmiş Gəncə Şəhər Nizamı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 901 nömrəli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli 109 və 110 nömrəli sərəncamlar Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin layihələndirildiyi ərazi Gəncə şəhər “Heydər Əliyev park kompleksi”-nə aid olduğu və sözügedən sərəncamların 3-cü bəndinə əməl edilmədiyi üçün ləğv edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddianın müddətlə bağlı mümkünlük şərti ilə bağlı qeyd olur ki, mübahisələndirilən sərəncamın özündə şikayət vermə müddəti göstərilməmişdir. Bu halda iddiaçının İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsinə əsasən 6 ay ərzində sərəncamı mübahisələndirmək hüququ olmuşdur. Sərəncam xx.xx.2018-ci il tarixdə verilmiş, iddiaçılar isə sərəncamın mövcudluğu barədə cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə bilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 109 nömrəli sərəncamına əsasən, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 0.2 ha torpaq sahəsində İddiaçı1 tərəfindən maye qaz satışı və yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Eyni zamanda Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 05 mart 2018-ci il tarixli 110 nömrəli sərəncamına əsasən, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, 28 May küçəsinin M.C.Paşayev küçəsi ilə kəsişməsinin cənub-qərb tərəfində yerləşən 500.0 kv.m torpaq sahəsində X8 tərəfindən ticarət və iaşə obyektinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Daha sonra isə cavabdehin xx.xx.2018-ci il tarixli 492 nömrəli sərəncamı ilə 05 mart 2018-ci il tarixli 109 saylı və 05 mart 2018-ci il tarixli 110 saylı sərəncamlar ləğv edilmişdir. İddiaçılar isə qeyd olunan sərəncamın onların hüquqlarına toxunduğunu hesab edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 110 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 13.1-ci maddəsinə görə İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin normada “başqa hallar” ifadəsinin də əhatə dairəsi imperativ olaraq müəyyənləşdirilmişdir və həmin hallardan hər hansı biri işin faktiki hallarında öz əksini tapmamışdır. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilmə halları nəzərdə tutulmuşdur və qanunverici yalnız həmin əsaslarla qanuni inzibati aktların ləğv olunma dairəsini məhdudlaşdırmışdır: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İş materiallarından görünür ki, mübahisəndirilən xx.xx.2018-ci il tarixli 492 nömrəli sərəncam qəbul edilərkən iddiaçılara məlumat verilməmiş, digər tərəfdən iddiaçılar tərəfindən inzibati orqanın 109 və 110 nömrəli sərəncamlarına etimat göstərilərək həmin sahələrdə tikinti işləri aparılmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 492 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 492 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2838/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2838/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver