Məhkəmə qərarları › İş №2-1(114)-284/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-284/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-284/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Tərtər rayonu Tərtər Bələdiyyəsi) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu Tərtər Bələdiyyəsinin 20 avqust 2010-cu il tarixli, 08 saylı qərarına əsasən Tərtər bələdiyyəsinin mülkiyyətində olan, Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən sahədən onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Tərtər rayonu Tərtər Bələdiyyəsi tərəfindən ona satılmış, Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən 0.07 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayon Tərtər Bələdiyyəsinin 20 avqust 2010-cu il tarixli, 08 saylı qərarına əsasən Tərtər bələdiyyəsinin mülkiyyətində olan, Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən sahədən onun adına 0.07 ha həyətyanı torpaq sahəsinin ayrılıb verilməsi qərara alınmışdır. Buna uygun olaraq o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyir, lakin həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət qeydiyyatına alınmaması səbəbindən o, torpaq üzərindəki gözlənilən mülkiyyət hüquqlarından səmərəli istifadə edə bilməmişdir. Ona görə də, iddiaçı hesab edir ki, onun qanuni istifadəsində olan 0,07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmalı və buna dair çıxarış verilməlidir. Buna görə də o, Tərtər rayon Tərtər Bələdiyyəsinin 20 avqust 2010-cu il tarixli, 08 saylı qərarına əsasən Tərtər bələdiyyəsinin mülkiyyətində olan, Tərtər şəhərinin V.T.Həsənov küçəsində yerləşən sahədən onun adına verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair müvafiq çıxarışın verilməsinə dair göstəriş verilməsi üçün müvafiq sənədlərlə birlikdə ərizə ilə cavabdeh inzibatı orqana müraciət etməli olmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçının ərizənə cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-46/2-M-00xx-xx/2023 nömrəli məktubda “torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur” əsası ilə imtina cavabı verilmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-284/2024 saylı qərardadı ilə iş üzrə Tərtər rayonu Tərtər Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 aprel 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş Tərtər rayonu Tərtər bələdiyyəsinin 20 avqust 2010-cu il tarixli, 08 saylı iclas protokolundan çıxarışdan görünür ki, Tərtər Bələdiyyəsinin mülkiyyətində olan, V.T.Həsənov küçəsində yerləşən torpaq sahəsindən 0.07 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılıb İddiaçı bilavasitə satılması qərara alınmışdır. -işə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən Arayışından görünür ki, DTİ və MHQ İdarələrinin arxiv məlumatlarında, müvafiq təşkilatlar tərəfindən təqdim olunmuş kadastr və registr məlumatlarında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmamışdır. -surəti işə əlavə edilmiş yerquruluşu planında İddiaçı satılmış 0.07 ha torpaq sahəsinin yerləşmə mövqeyi göstərilmişdir. -işə əlavə edilmiş Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti Şöbəsinin Tərtər şəhər sakini İddiaçı həyətyanı məqsədi üçün 0.07 hektar torpaq sahəsi ayrılması barədə Rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0.07 hektar olmaqla V.T.Həsənov küçəsində Tərtər Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aiddir və alqı-satqı predmetidir. -işə əlavə edilmiş Tərtər Bələdiyyəsinin müvafiq qərarı ilə Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən hərrac və müsabiqəyə çıxarılmadan Tərtər şəhər sakini İddiaçı satılması nəzərdə tutulan 0.07 hektar torpaq sahəsi barədə tərtib olunmuş sənədlərə Rəydən görünür ki, DT və XK-nin Tərtər rayon şöbəsi Tərtər Bələdiyyəsinin mülkiyyətindən yaşayış evi tikintisi məqsədi ilə 0.07 hektar torpaq sahəsinin torpaq hərracı və müsabiqəsinə çıxarılmadan satılmasına etiraz etməmişdir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə aparılmasını məqsədəmüvafiq hesab etmişdir. -işə əlavə edilmiş Torpaqların alqı-satqısına dair xx.xx.2010-cu il tarixli, 61 nömrəli Aktdan görünür ki, İddiaçı torpaq sahəsi almaq barədə ərizəsinə bələdiyyə orqanının iclasında baxılmış və Tərtər bələdiyyə ərazisində 0.07 ha torpaq sahəsinin satılması barədə xx.xx.2010-cu il tarixli, 08 nömrəli qərar qəbul edilmişdir. -cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2- M-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ilkin torpaqqayırma sənədlərinə baxılmış və həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. -işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 08 saylı Protokolundan görünür ki, İddiaçı bələdiyyənin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.07 hektartorpaq sahəsi satılmışdır və o, bundan əvvəl keçirilmiş sonuncu hərracın qiymətindən az olmamaq şərti ilə (100 kv.m – 34 manat) aldığı torpaq sahəsinin dəyərini Tərtər Bələdiyyəsinin « Kapital Bank»ın Tərtər Filialındakı hesabına ödənmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi 0.08 ha torpaq sahəsi X1 X2 əsasən, bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarından olmaqla, tikinti aktında olan torpaqlardandır. İddiaçının naturada göstərdiyi həyətyanı torpaq sahəsi onun faktiki istifadə etdiyi torpaq sahəsidir. X1 X2 əsasən, iddiaçının naturada göstərdiyi 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ qeydə alınmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Tərtər rayonu Tərtər Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 nömrəli qərarı ilə bələdiyyə ərazisindən İddiaçı 0.07 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq İddiaçı tərəfindən bələdiyyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair təsdiq olunmuş yerquruluşu planı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən ilkin torpaqqayırma sənədlərinə baxılmış və həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya satılmışdır. Cavabdehin imtinasının əsası kimi “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 sentyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə dəyişikliyin edilməsi olmuşdur. Belə ki, yeni dəyişikliyə görə, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmçinin “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli, 709- İİİQD nömrəli Qanununa görə Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Qanunda dəyişiklik edilməsinə baxmayaraq torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan 20 avqust 2010-cu il tarixində birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Bundan başqa, vətəndaş İddiaçı tərəfindən torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi də təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməlidir. Bildiririk ki, sözügedən torpaq sahəsinə dair koordinatları əks etdirən sənəd (plan və ölçü sənədi) təqdim olunmadığına görə torpaq sahəsinin başqa mülkiyyətçiyə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi, həmçinin hər hansı kommunikasiya xətlərinin mühafizə zolağına və ya sürüşmə zonasına düşməsini müəyyən etmək mümkün deyildir. İşə əlavə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçıya sözügedən qərarla satılmış və onun tərəfindən naturada təqdim etdiyi 0.07 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla, tikinti altında olan torpaqlardandır. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun:- -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən (bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi qaydalarını pozmaqla) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tərtər rayonu Tərtər Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 08 saylı qərarı ilə İddiaçı satılması qərara alınmış 0.07 һа torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar