Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2840/2023 20.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə aldığı xəsarətə görə “travma haqqında” arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, döyüşlərdə aldığı xəsarətə görə ona “forma 11 nömrəli” arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. xx.xx.2008-ci ildə xidmətdən tərxis olunmuş, Kəpəz rayon hərbi komissarlığında qeydiyyata düşmüşdür. xx.xx.2020-ci ildə hərbidə xidmət etmək üçün N saylı hərbi hissəyə müraciət etmiş, əsgər kimi müddətdən artıq xidmətə qəbul edilmişdir. xx.xx.2020-ci ildə İİ Qarabağ müharibəsi başlayanda N nömrəli hərbi hissəyə verilmişdir. O, həmin hissənin tərkibində N nömrəli hərbi hissədə Xocavənd rayonunda döyüşlərə başlamışlar. xx.xx.2020-ci il tarixdə minomyot mərmisi ətraflarına düşmüş, dalğası onu vurmuşdur. O, huşunu itirmişdir. Oyananda N nömrəli taborun tibb məntəqəsində olduğunu görmüş, altı gün həmin tibb məntəqəsində qalmışdır. Çıxdıqdan sonra N nömrəli taborda döyüşlərə qoşulmuş, müharibə qurtarana qədər döyüşlərdə fəal iştirak etmişdir. “Xocavəndin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Müharibə iştirakçısı” medalları ilə təltif olunmuşdur. Lakin Xocavənddə döyüşən zaman minomyot mərmisindən aldığı xəsarətə görə ona sığorta pulu almaq üçün Arayış “Forma 11” verilməmişdir. Dəfələrlə cavabdehə hazırkı tələblə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3113 nömrəli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, iddiaçının diaqnozu “insulindən asılı olmayan şəkərli diabet tip-2, yüngül dərəcə subkompensasiya mərhələsində. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4 (dörd) metr, sol qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. Xroniki vazomotor rinit. 2 iki gözün miopiyası M 1,0D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 0,8 olmaqla” müəyyən edilmiş və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərara alınmışdır. -işə əlavə edilmiş iddiaçıya məxsus AO ******* nömrəli hərbi biletdən görünür ki, sonuncu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, “Xocavəndin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə, yəni xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 3762 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 1584 nömrəli məktunda İddiaçı travma kitablarında heç bir qeydiyyatının olmaması səbəbindən “travma haqqında” arayışın təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 5/418 nömrəli məktubdan görünür ki, tibbi arxiv sənədlərində yaralanmağı və ya travma almağı barədə məlumat aşkar edilmədiyindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. Maddə 5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.13. Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi: 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən ona “travma haqqında” arayışın verilməsinə nail olmaqdır. Belə ki, iddiaçı sözügedən arayışı əldə edəcəyi təqdirdə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən müvafiq ödənişlərin alınmasına və hərbi-həkim komissiyası tərəfindən xəsarətin səbəb əlaqəsi haqqında qərarın qəbul edilməsinə nail olacaqdır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin normalarının məzmunundan görünür ki, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilir. İddiaçı ərizəsində N nömrəli hərbi hissə tərkibində döyüşlərdə iştirak edərkən xəsarət aldığını və həmin hərbi hissənin tibb məntəqəsində N gün stasionar müalicə aldığını qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, verilmiş sorğularla müəyyən edilmişdir ki, nəinki iddiaçı barədə N nömrəli hərbi hissənin travma kitablarında heç bir qeydiyyat, ümumiyyətlə sonuncunun tibbi arxiv sənədlərində yaralanmağı və ya travma almağı barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının yaralanmağı və ya travma almağı barədə məlumat olmadığına görə cavabdeh qurum müraciətin icrasından imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı döyüşlərdə aldığı xəsarətə görə “travma haqqında” arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2840/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2840/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver