Məhkəmə qərarları › İş №2-1(114)-2842/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2842/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2842/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı, X3, X5 və X6 fərdi yaşayış evinin tikintisi məqsədilə 0.14 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli JN-108A KOD 61000088 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolunun qərarından çıxarışa əsasən Cavabdeh mülkiyyətindən yaşayış məntəqəsi torpaqlarına aid torpaq sahəsindən 0.06 ha həyətyanı məqsədilə bilavasitə satılması nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A№879626 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

4. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli A№925564 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-247/2024 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan İddiaçı adına Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən fərdi yaşayış evi (0.12 ha torpaq sahəsi 1/4 hissə ilə) xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına Bərdə rayonu, Soğanverdilər kəndində 4 nəfərlə 2.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (JN-336) daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. X4 adına Bərdə rayonu, Soğanverdilər kəndində 1.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bərdə RAlK-in xx.xx.1996-cı il tarixli, 4 saylı qərarı ilə verilmiş JN-364 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə, 0.00 ha həyətyanı torpaq sahəsi Soğanverdilər bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 40-2407 saylı alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanda yerləşən 0.008 ha sahibkarlıq torpağı (başlanma müddəti xx.xx.2022-ci il tarixli və 5 il) xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsilə icarə hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(021)-184/2023 saylı hökmü ilə (sədrlik edən E.M.Əhmədov) xx xxxx 1959-cu il tarixdə Bərdə rayonu Soğanverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İİ qrup əlil, məhkumluğu olmayan, işləməyən, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 30 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(104)-87/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs İddiaçı müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(021)-184/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-837/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X9 və Cavabdeh) qarşı cavabdeh tərəfinən verilmiş X4 adına olan xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. II. Məhkəmədə icraat

10. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 0006 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməklə bələdiyyənin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu, Soğanverdilər kəndində anadan olandan həmin kənddə yaşayır. Həmin kənddə atalarından qalmış və hazırda miras qalmış fərdi yaşayış evi və torpaq sahəsi vardır. Həmin torpaq sahəsi faktiki olaraq 0.20 təşkil etmişdir. Qeyd olunan torpaq sahəsi 1990-cı il tarixdən onun sahibliyində və istifadəsində olmuşdur. Onun atasından miras qalmış 0.20 torpaq sahəsi cavabdeh tərəfindən heç bir monitorinq edilmədən və torpaq sahəsinin daim onun istifadəsində və sahibliyində olmasına baxmayaraq Bərdə rayonu Soğanverdilər kəndinin bələdiyyəsi, miras qalmış torpaq sahəsini həmin kənddə anadan olmuş lakin Bərdə rayonunda daimi yaşayan və kök salmış X7 qanunsuz olaraq qərar qəbul edərək satmışdır. Belə ki, cavabdeh bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun tələblərinə və AR Mülki Mcəlləsinin müddüalarına əsasən üstünlük hüquqlarını məhdudlaşdıraraq və torpaq sahəsini manitorinq etmədən satmışdır. Hansı ki, cavabdeh özü də onu tanıyır və onların kənddə yaşayır və torpaq sahəsinin onun istifadəsində olmasını və ona atasından miras qaldığını da bilirdi. Belə ki, qeyd olunan torpaq sahəsindən onun evinə giriş və çıxış yolu keçir. Onun tərəfindən hətta torpaq sahəsinin ona satılması barədə müraciətdə belə olmuşdur, lakin cavabdeh hərəkətsizlik edərək onun müraciətinə cavab verməmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 12 və 13-cü bəndlərinə əsasən mübahisə edilən torpaq sahəsinin ayrılması və satılması ilə bağlı halların araşdırılması və həmin torpaq sahəsinin monitorinq edilməsi ilə bağlı hallara dair cavabdeh tərəfindən əməl edilməmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

13. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxsi qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək məhkəmə hazırlıq iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı və üçüncü şəxs X9 məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

16. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə hazırlıq iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, sözügedən torpaq sahəsi uzun illərdir onun istifadəsində olmuş, qanunla mülkiyyətində olan həyətyanı torpaq sahəsinə bitişik olmuşdur. Həmin torpaq sahəsi onun evinin hasarı daxilindədir və evinin girişi yol tərəfdən həmin torpaq sahəsindəndir. Bələdiyyə isə onun razılığı olmadan, ona məlumat vermədən qanunsuz olaraq həmin torpaq sahəsini X1.

20. Üçüncü şəxs X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, sözügedən torpaq sahəsi də daxil olmaqla 0.20 ha sahə torpaq islahatına qədər iddiaçının istifadəsində olmuş, islahat zamanı onun 0.14 ha sahəsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə, 0.06 ha torpaq sahəsi isə bələdiyyənin mülkiyyətinə verilmişdir. O, müharibə əlili torpaq sahəsi ilə təmin edilməsi üçün bələdiyyəyə müraciət etmiş və qanunda nəzərdə tutulmuş müvafiq prosedurlarldan keçməklə alğı-satqı əsasında torpaq sahəsini almışdır. İddiaçı həmin torpaq sahəsini özbaşına tutmaqla, zəbt edərək onun istifadəsinə maneə yaratmış, bu səbəbdən məhkəmə hökmü ilə həbs edilmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş edir.

Əsaslandırma hissəsi:

21. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

23. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli A№879626 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsini X1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə rayonu, Soğanverdilər kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli A№925564 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

24. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı zamanı bələdiyyənin mülkiyyətinə verilmiş və bələdiyyə öz diskresion səlahiyyətindən istifadə edərək, torpaq sahəsi üzərində hüququnun qeydiyyatına dair çıxarış aldıqdan sonra üçüncü şəxs X1. Həmin torpaq sahəsi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət qeydiyyatına alınmışdır.

25. Hazırda iddiaçı sözügedən torpaq sahəsinin ona məxsus olduğunu iddia edərək, Cavabdeh mülkiyyətindən yaşayış məntəqəsi torpaqlarına aid torpaq sahəsindən 0.06 ha həyətyanı məqsədilə bilavasitə satılması nəzərdə tutulan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2022-ci il tarixli 11 saylı qərarının ləğv edilməsini tələb edir.

26. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

27. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

28. Hazırkı işdə də iddiaçların ilk növbədə mübahisəli torpaq sahəsinə üçüncü şəxsə satılması ilə bağlı hüquqmüəyyənedici sənədlərini mübahisələndirmək üçün həmin torpaq sahələrinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkətləri nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

29. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

30. Hazırki işdə isə iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir. Habelə, iddiaçının əmlaka sahibliyinin (iddiaçının mübahisəli torpaq sahəsinin titul sahibi olması) hüquqi əsası da müəyyən edilməmişdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

32. Yəni, iddiaçının həmin torpaq sahəsinin ona məxsusluğuna dair hər hansı hüquqmüəyyənedici sənədi, nə də mülki qanunvericilikdə və yaxud hər hansı əqddə nəzərdə tutulan əsaslarla sahibliyi müəyyən edilməmişdir.

33. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(021)-184/2023 saylı hökmünün əsaslandırıcı hissəsində göstərilmişdir ki, İddiaçı 2023-cü ilin yanvar ayının sonlarından hal-hazıradək 16 yanvar 2023-cü il tarixdə **********805 reyestr nömrəsi ilə Bərdə rayon Soğanverdilər kənd sakini X7 yaşadığı kənd ərazisindəki xüsusi mülkiyyət subyekti kimi verilmiş 0.06 ha torpaq sahəsini həmin torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə, icarə hüququ olmadan hər tərəfini dəmir məftillə, giriş hissəsini isə iki taylı darvaza ilə hasarlayaraq Elçin Abbasovun xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsini özbaşına tutmaqla onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də İddiaçın Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

35. Göründüyü kimi, iddiaçının hazırda mübahisə predmeti olan torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsi, özbaşına tutması qanuni qüvvədə olan məhkəmə hökmü ilə də öz təsdiqini tapmış və ona bu əsasla cəza təyin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir.

36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

37. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən torpaq sahəsnə dair hər hansı hüququnun mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüquqları olmadığından, o hüquqlarının cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.

39. Ona görə də, iddia mümkün sayılmamalıdır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar