Məhkəmə qərarları › İş №2-1(114)-2847/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2847/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2847/2024 03.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarına əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunu qüvvəyə minənədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır.

2. Həmin qərar xx.xx.2020-ci il tarixdə iddiaçıya kitaba imza etdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 3-37/1-H-2507-26-1/2024 nömrəli müraciətinə xx.xx.2024-cü il tarixli 3- 37/2-H-2507-26-1-08-4008/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarı ilə aidiyyatı ürə məlumat verilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə keçmiş Şamxor indiki Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuşdur. Doğulduğu gündən bu günədək Azərbaycan Respublikasında yaşamışdır. Lakin 1987-ci il tarixindən başlayaraq SSR Ukrayna Respublikası, Nikalayevski vilayəti Nikaleyev şəhərinə qazanc məqsədi ilə gedib gəlmişdir. Bu illər ərzində ömrünün çox hissəsini doğma vətən Azərbaycan, Şəmkir rayonu Şiştəpə kəndində yaşamışdır. Şiştəpə kəndində yaşadığı evin qaz və işıq sayğacları onun adına qeydiyyatdan keçmiş və hal-hazırda da onun adınadır. Hətta Şəmkir rayonu Şiştəpə kəndində onun adına torpaq sahəsi də verilmişdir. Onun mərhum valideynləri, qardaşbacıları, həyat yoldaşı və övladları Azərbaycan Respublikası vətəndəşıdırlar. Onlar Şiştəpə kəndində qeydiyyatda olmaqla orada yaşayırlar. Yuxarıda qeyd etdiyi kimi, doğulduğu ildən bu günədək, doğma vətən Azərbaycan Respublikası Şəmkir rayonu, Şiştəpə kəndində yaşamışdır. Lakin 1987-ci ildən başlayaraq ancaq yay mövsümlərində qazanc məqsədi ilə işləmək üçün doğma vətəndən hər ilin bir neçə ayını ölkədən kənarda olmuşdur. Ukrayna Respublikası pasportunu əldə etməkdə məqsəd o olub ki, orada rahat, maneəsiz əmək fəaliyyəti ilə məşğul ola bilsin. 2021-ci ildə sonuncu dəfə Ukrayna Respublikasından doğma vətənə qayıtmışdır və hal- hazırda Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən öz evində yaşayır. Bu günədək Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün müraciət etsə də, nəticə olmamışdır. Bununla bağlı sonucu dəfə Azərbaycan Respublikası vətəndaşlığına mənsubluğunun tanınması haqqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Xidmət xx.xx.2024-cü il tarixli, 3-37/2-H- 2507-26-1-08-4008/2024 nömrəli məktubunda müraciətinə cavab olaraq bildirilmişdir. *Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunu təsdiq edən əsası ondan ibarətdir ki, onun hər iki valideyni, həyat yoldaşı və övladları Azərbaycan Respublikasının vətəndaşı olub və valideyni vəfat edərkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər

8. Məhkəmənin şifahi baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

9. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Cavabdehin iddiaya qarşı yazılı etirazı elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). MAPS-a ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğumuza cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası"nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir (sistem üzrə sorğunun cavabı əlavə edilir). Bundan başqa, sözügedən qərar iddiaçıya 2020-ci il tarixdə təqdim edilmişdir (qəbul etmə ilə bağlı müvafiq sənəd əlavə edilir). İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilməsi göstərilmişdir. İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

12. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı məhkəməyə müddətin bərpasına dair ərizə ünvanlayaraq, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini xahiş etmişdir.

13. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qərar qəbul edilərkən, yəni xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikasında pandemiya dövrü idi, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün yaşadığı Şəmkir rayonu Şiştəpə kəndindən kənara çıxa bilmirdi. Bu səbəbdən həmin qərardan şikayət vermə müddətini ötürmüşdür.

14. İddiaçı müddətin bərpası barədə ərizəni müdafiə edərək, onun təmin edilməsini və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir.

15. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, o, vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin ASAN xidmət mərkəzindəki şöbəsinə müraciət etmiş və imtina barədə qərar da orada ona təqdim edilmişdir. Pandemiya ilə əlaqədar Azərbaycan Respublikasında sms-icazə tətbiq edildiyi və həmin icazə şəxsiyyət vəsiqəsi vasitəsilə (FİN koddan istifadə etməklə) alındığı üçün və onun şəxsiyyət vəsiqəsi olmadığı üçün o, evdən çıxa bilməmiş, bu səbəbdən iddianı vaxtında qaldıra bilməmişdir. Xüsusi karantin rejiminin yumşaldığı, yəni sms-icazənin tətbiqinin aradan qalxdığı zamanlarda iddianı qaldırmasının səbəbi isə müddətlə bağlı şərtin mövcudluğundan xəbərdar olmaması olmuşdur. Müddətin ötürülməsinin üzrlü səbəbləri ilə bağlı təqdim edəcəyi hər hansı sübutu yoxdur.

16. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında hazırkı iş üzrə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən ötürüldüyü üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Əsaslandırma hissəsi:

17. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan və təqdim edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır.

18. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

19. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmiş və Xiddmətin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarı ilə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunu qüvvəyə minənədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyinə görə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Həmin qərar xx.xx.2020-ci il tarixdə iddiaçıya kitaba imza etdirilməklə, rəsmi qaydada təqdim edilmişdir.

20. İddiaçı xx.xx.2024-cü il tarixdə təkrarən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 3-37/1-H-2507-26-1/2024 nömrəli müraciət etmiş və xx.xx.2024-cü il tarixli 3-37/2-H-2507-26-1-08-4008/2024 nömrəli cavab məktubu ilə ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş sorğu əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Bu barədə Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarı ilə aidiyyatı ürə məlumat verilmişdir.

21. İddiaçı hazırda Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli qərarını mübahisələndirərək, bu barədə hazırkı iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

22. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqanın onun barəsində qəbul etdiyi qərarla razılaşmayaraq, onu mübahisələndirdiyi üçün onun tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və həmin növ iddianın mümkün sayılması üçün ilk növbədə xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na görə: Bənd 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. Bənd 3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Bənd 3.13. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Bənd 5.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

24. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

25. Cavabdeh orqanın təqdim etdiyi sənədlərlə, sözügedən qərar xx.xx.2020-ci il tarixdə kitaba imza etdirilməklə, rəsmi qaydada təqdim edildiyi müəyyən edilmişdir. İddiaçı iclas zamanı həmin halı təkzib etməmişdir.

19. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qərardan xx.xx.2020-ci il tarixdən məlumatlı olması işin mübahisə olunmayan halıdır.

20. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

26. İddiaçı özü də müddəti ötürdüyünü qəbul edərək, müddətin bərpası barədə ərizə təqdim edərək, müddəti ötürməsinin səbəbi kimi həmin qərar qəbul edilərkən, yəni xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında pandemiya dövrü olmasını, onun şəxsiyyət vəsiqəsi olmadığı üçün yaşadığı Şəmkir rayonu Şiştəpə kəndindən kənara çıxa bilməməsini göstərsə də, məhkəmə həmin halı üzrlü səbəb kimi qəbul etmir.

27. Ona görə ki, əvvəla, iddiaçının özünün izahatı ilə müəyyən edilir ki, o, vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin ASAN xidmət mərkəzindəki şöbəsinə müraciət etmiş və imtina barədə qərar da orada ona təqdim edilmişdir.

28. Yəni, iddiaçı sözügedən qərarı özü Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzindən götürmüşdür ki, bu da onun yaşadığı Şəmkir rayonu Şiştəpə kəndindən kənara çıxa bilməməsi barədə dəlillərini təkzib edən haldır.

21. İkincisi isə, Covid-19 virusu ilə əlaqədar Azərbaycan Respublikasında smsicazənin tətbiq edildiyi xüsusi karantin rejimi dövründə belə poçt rabitəsi orqanları fəaliyyət göstərən sahələrdən olduğu üçün iddiaçı müvafiq poçt rabitəsi vasitəsilə qaldıra bilərdi. Ən pis halda, həmin rejim aradan qalxdıqdan sonra da iddiaçı müvafiq iddianı qaldıra bilmək imkanı olduğu halda, bunu etməmiş, yalnız qərarın qəbulundan təxminən 3 il 7 ay keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və həmin müddətin ötürülməsini üzürlü hesab edəcək digər hallara dair sübutları təqdim etməmişdir

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 24.6. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.

23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir.

24. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır.

25. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır.

26. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

28. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

29. Göründüyü kimi, iddiaçı iddia qaldırmaq üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan ötürmüşdür.

30. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

31. Buna görə də, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddiası mümkün sayılmamalıdır

Nəticəvi hissə:

32. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar