Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2854/2025 23.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin müəyyən olunması və pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İİ dərəcəli əlildir. Hesab edir ki, əllilik səbəbi isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. Hərbi travmaları ilə bağlı bütün sənədləri mövcuddur. O, 5 il müddətində İİ dərəcəli əllilliklə bağlı pensiya almışdır. Lakin 2022-ci ildə növbəti dəfə komissiyaya getdikdə onun əllilik dərəcəsi və təqaüdü dayandırılmışdır. Onun travmaları və bədənində görünən və görünməyən yaraları vardır. Bununla bağlı illərdir ki, müalicə olunur. Ona maraqlıdır ki, əgər əlil deyilsə necə pensiya təyin olunmuşdur. Hesab edir ki, bu bir başa etimad hüququnun pozulmasıdır. Onun xəstəlikləri görməzdən gəlinir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-2854/2025 nörməli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Goranboy Rayon Mərkəzi Xəstəxanasının 14 noyabr 2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlaməti(xx.xx.1993). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Goranboy rayon sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli M00016113PHY nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********5). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-ci il tarixli L00082704XYE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17- 4/3-1- 12456/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli, 133 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Kəllə-beyin travması. Kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli sosial şikayətlər bildirmiş, gözündə görmənin zəifləməsindən, əsəbilikdən, bədənin sol tərəfində olan “keyləşmə” hissindən sonra yıxıldığını, ətraflarında qıcolma tutmalarının olduğundan şikayətlənmişdir. Obyektiv baxış zamanı nevroloji ocaqlı patologiya, aktiv psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmiş, ekspertiza üçün əhəmiyyətli EEQ dalğalarını təqdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERAda əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, başağrısı, yüksək arterial təzyiq, sol qulağında səs olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında “uçalandığını” bildirmiş, bu halın izahını yuxudan 1 saat əvvəl əsəbləşməyə başladığı kimi ifadə etmiş, hal-hazırda axşamlar medikamentoz preparatlardan yarım tabletka “Fillepsin” qəbul etdiyini bildirmişdir. Vətəndaş epilepsiya xəstəliyi və qıcolma tutmaları haqqında heç bir məlumat verməmiş, tibbi sənədlərdə qeyd olunan diaqnozlar həkim-ekspert tərəfindən təsdiqlənməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, başağırlarından, başda səs olmasından, bədənində əsmədən, başgicəllənmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, başında çapıq olduğunu söyləmiş, medikamentoz preparatlardan “Finlepsin”, “Finlepsal”, “Depakin”, “Cinnarizine” qəbul etdiyini bildirmişdir. Müayinə zamanı başın təpə nahiyəsində çapıq izlənilmişdir. Beləliklə, ekspertiza zamanı təqdim etmiş olduğu epikrizlərdə qıcolma tutmaları qeyd edilsə də, özü epitutmalar haqqında ümumiyyətlə məlumat verməmiş, baş beyinin instrumental müayinələri olan KT və EEQ müayinələrinin nəticəsində yalnız yaşa uyğun dəyişikliklər müəyyənləşdirilmiş, hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkarlanmamışdır. X2 xx.xx.2022- xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya və tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 9-10 dəfə). Astenonevrotik hal. Arterial hipertenziya İİİ mərhələ” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. X3 xx.xx.2022-ci il tarixli Baş beynin nativ KT müayinəsinin nəticəsi “Baş beyin yarımkürəsində hər iki periventrikulyar nahiyədə beyin ağ maddəsi daxilində kiçik qliotik ocaqlar aşkar edilir. Hər iki mastoid hücrələrin havalılığı pozulmuşdur, hissəvi sklerozlaşmışdır. Baş beyin damarlarında aterosklerotik dəyişikliklər aşkar edilir” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli 55 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Keçirilmiş (1993 il) kəllə beyin travmasının, kontuziyasının nəticələri. Posttravmatik ensefalopatiya. Pozision başgicəllənmə. Vestibulopatiya” kimi qeyd olunmuş, lakin klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023- cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkilib. 8-9 hz oksipital alfa ritimdən təşkil olunmuşdur. Bu ritm gözü açmaqla nisbətən blok olmaqdadır. Çəkim boyunca bir neçə dəfə əzələ və elektrod artefaktları qeyd edildi. Bütün çəkim boyunca hər hansı tip epi-fəaliyyətə, ocaqlı dəyişikliyə və yarımkürələr arası asimmetriyaya rast gəlinmədi. Normaya uyğun reaksiya izlənildi. Normaya uyğun olaraq ritmi mənimsəmə reaksiyası izlənildi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Goranboy rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1402 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya, İİ mərhələ, hipertenzion sindrom ilə keçən qıcolma tutması ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməi xahiş edilmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə tərəfindən məhkəməyə vəsatət ünvanlanmış, vəsatətdə qeyd edilmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs imtina ərizəsini aldığı ərəfədə müxtəlif dövlət orqanlarında qəbullarda iştirak etmiş, ona qəbulların rəsmi qaydada nəticəsinin bildiriləcəyini söylədikləri üçün həmin cavabların gəlməsini gözləməsi ilə əlaqədar iddia verilməsinin prossesual müddətinə nəzarət etməmişdir. Məsələ müsbət həll olunarsa məhkəməyə müraciət etmək ehtiyacının olmadığını düşünmüşdür. Hüquqi savada malik olmadığı üçün iddia müddətinin ötürülmüş hesab olunmaması qənaətinə gəlinməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edərək, göstərdi ki, cavabdehin qərarını əldə etdikdən sonra həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququnun olduğunu bilməmişdir. Ona görə də, məhkəməyə gec müraciət etmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Keçirilmiş qapalı kəllə-beyin travması- kontuziyanın davamlı qalıq əlamətləri. Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Postravmatik ensefalopatiya-qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). OU- Konyuktivit VİSOU=0,6k/etmir (onda altı). Sağtərəfli pielolitotomiya. Sağtərəfli xroniki koxlear nevrit. Neyrosensor tip ağıreşitmə İİ-İİİ dərəcə.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının (kontuziyanın) davamlı qalıq əlaməti (xx.xx.1993). Təpə nahiyyəsinin köhnə çapığı (8.0x0.3 sm) ” Diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Baş beyin silklənməsi, keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyanın) davamlı qalıq əlaməti (xx.xx.2023)” Diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlaməti (xx.xx.1993)” Diaqnozu ilə Diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətə əsasən əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2023-cü il tarixli göndərişə Diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə tərəfi dinləyərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X5- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı və nümayəndəsi tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilmiş, iddia müddətinin bərpa edilməsi xahiş edilmiş, müddətin ötürülməsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin imtina qərarı barədə məlumatı əldə etdikdən sonra müxtəlif dövlət orqanlarında qəbullarda iştirak etmiş, ona qəbulların rəsmi qaydada nəticəsinin bildiriləcəyini söylədikləri üçün həmin cavabların gəlməsini gözləməsi ilə əlaqədar, həmçinin həmin qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququnun olduğunu bilmədiyi üçün məhkəməyə gec müraciət etmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Hazırkı iş üzrə iddiaçının imtina barədə qərar haqqında məlumat aldıqdan sonra həmin qərarı məhkəmədə mübahisələndirmək hüququnun olduğunu bilməməsi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Belə ki, iddiaçıya cavabdehin imtina barədə qərarı haqqında məlumat xx.xx.2024-cü il tarixdə verilmiş, o, iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə göndərmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 73.1 və 73.2-ci maddələrinə görə, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, iddiaçı İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununda göstərilən 6 ay müddət də xeyli keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Eyni zamanda iddiaçının cavabdehin imtina qərarı barədə məlumatı əldə etdikdən sonra müxtəlif dövlət orqanlarında qəbullarda iştirak etməsi, ona qəbulların rəsmi qaydada nəticəsinin bildiriləcəyi üçün həmin cavabların gəlməsini gözləməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş cavabdehin iddiaçıya ünvanladığı son rəsmi məktubu xx.xx.2024-cü il tarixlidir ki, həmin məktubu əldə etdikdən sonra da iddiaçı qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı və nümayəndəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlər təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı İddiaçı və nümayəndəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlər təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva