Məhkəmə qərarları › İş №2-1(114)-286/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-286/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-286/2021 30.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati aktın qəbul edilməsi və ona həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati aktın qəbul edilməsi və ona həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, 2004-cü ildə həmin ali hərbi məktəbi Artilleriya ixtisası üzrə bitirmişdir. Ali Hərbi Məktəbi bitirdikdən sonra 1 il Təlim-Tədris Mərkəzində zabitlərin təkmilləşdirilməsi ixtisası üzrə hazırlıq kursu keçmişdir. 2005-ci ilin iyul ayından təyinatla N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2006-cı ilin yanvar ayından N nömrəli hərbi hissənin Sədərək döyüş bölgəsinə yerdəyişmə qaydasında tağım komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 2010-cu ildə N nömrəli hərbi hissədə, 2011-ci ildə isə “Böyük Soyuq” döyüş bölgəsinə xidmət yeri dəyişdirilmişdir. 2013-cü ildə Şahbuz döyüş bölgəsinə Divizionun kəşfiyyat rəisi kimi göndərilmişdir. 2015-ci ildə N nömrəli hərbi hissəyə qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. 2018-ci ildə N nömrəli hərbi hissədə komplektləşdirmə bölmə rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Sonuncu olaraq 2019-cu ildə N nömrəli hərbi hissəyə komplektləşdirmə bölmə rəisi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə xidmətini davam etdirir. xx.xx.2020-ci il tarixdə 20 il xidmətini başa vurduğuna görə öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması üçün N nömrəli hərbi hissə komandirinə raportla müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə isə N nömrəli hərbi hissə komandirinə eyni məzmunlu raportla müraciət etmişdir. Öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə N və N nömrəli hərbi hissə komandirlərinə raportla etdiyi müraciətlərə bu günə kimi qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmamış və ona heç bir cavab verilməmişdir. Hərbi xidmətdən öz azusu ilə ehtiyata buraxılmağı haqqında müraciət etməyi ilə əlaqədar hərbi hissə komandanlığı onuna qərəzli münasibət bəsləməyə başlamış və bu səbəbdən də, hərbi hissədə barəsində zabitlərin şərəf məhkəməsinə çıxarılmağı üçün hazırılıq işləri görülməyə başlanılmışdır. Bundan başqa həmin ərəfədə atasının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirak etməyi üçün qanunvericiliklə nəzərdə tutulduğuna görə 10 gün növbəti məzuniyyətə buraxılmağı barədə hərbi hissə komandirinə raportla müraciət etmiş, lakin müraciətinə yenə də baxılmayaraq məzuniyyət hüququ təmin edilməmiş, yazdığı raport bir neçə gün hərbi hissənin kargüzarlığında saxlanlmış və sonunda ona geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının nümayəndəsi (vəkili) X2 şifahi məhkəmə baxışı iclasına gəlmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 11/1264 nömrəli iddia ərizəsinə etirazda qeyd etmişdir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 17596932 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus MN ******* nömrəli şəxsi vəsiqənin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, İnizibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.2.- maddəsində bildirilir ki, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inizibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Prosessual Məcəlləsinin 33.3-cü maddəsinin tələblərinə görə inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul edilməsi üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. İddiaçı ordu sıralarında 10 ildən artıq həqiqi hərbi xidmət etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata buraxılmaq barədə raportla hərbi hissə komandanlığına müraciət etmiş, lakin müraciət etdiyi vaxtdan bu günə kim tərxis edilməsi haqqında müvafiq inizibatı akt qəbul edilməmişdir.İddia mükün olması ilə yanaşı həmçinin əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 118-ci maddəsinə əsasən hərbi qulluqçunun təklifləri (ərizə və şikayətləri) birləşmələrdə, Silahlı Qüvvələr növlərinin və müvafiq icra hakimiyyəti orqanının idarələrində — daxil olduğu vaxtdan N gün ərzində; hərbi hissələrdə və idarələrdə (müəssisələrdə) — təxirə salınmadan, lakin daxil olduğu vaxtdan 7 gündən gec olmayaraq, baxılıb həll edilməlidir. İntizam Nizamnaməsinin 121-ci maddəsinə görə komandir (rəis) tabeliyində olan hərbi qulluqçunun verdiyi şikayətinə (ərizəsinə) görə ona qarşı ədalətsizlik və ya qeyri-qanuni hərəkət edərsə, ciddi məsuliyyət daşımalıdır. Həmin Nizamnamənin 122-ci maddəsində isə bildirilir ki, verilən bütün təkliflər (ərizələr, şikayətlər) hər bir hərbi hissədə (gəmidə, idarədə, müəssisədə) olan xüsusi kitaba yazılmalıdır. Həmin Nizamnamənin 123-cü maddəsində qeyd olunur ki, təkliflər, ərizələr və şikayətlər kitabında hər bir təklif, ərizə və şikayətə dair qəbul olunmuş qərarlar barəsində qeydlər edilməlidir. Azərbaycan Respublikası “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası qanunun 41.0.9-cu maddəsinin tələblərinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarından biri də öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmələridir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndində qeyd olunur ki, öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı vəzifəsində 10 ildən artıq xidmət etmişdir. İddiaçıya məxsus MN ******* nömrəli şəxsi vəsiqədən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 0192 nömrəli əmri ilə mayor hərbi rütbəsi verilmişdir. Beləliklədə məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı zabit heyətinə daxil olduğu və vəzifəsində təqvim hesabı ilə azı 10 il xidmət etdiyi üçün öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalıdır. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına qiymət verərək, iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati aktın qəbul edilməsi və ona həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə inzibati aktın qəbul edilməsi və ona həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı ilə əlaqədar zabitlər üçün qanunvericilikdə nəzərdə tutulmuş təminat xərcliyinin tam şəkildə ödənilməsi vəzifələri cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar