Məhkəmə qərarları › İş №2-1(114)-286/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-286/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-286/2024 02.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayında Göygöl rayon Səfərbərlik və Hərbi Qulluğa Çağırış Şöbəsi tərəfindən hərbi xidmətə çağrılmış və 952 saylı Hərbi Hava Hücumundan Müdafiə Xidmətində xidmət etmişdir. Hərbi xidmətimi başa vurduqdan sonra tərxis olmuşdur. İddiaçı qeyd edir ki, onun döyüşdə iştirak etməyi hərbi biletinin 7-ci səhifəsində də qeyd edilmişdir. O dəfələrlə Müharibə veteranı adı və vəsiqəsinin alınması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və digər müvafiq qrumlara müraciətlər etmiş, Azərbaycan Rtespublikası Müdafiə Nazirliyinin aparatı tərəfindən xx-xx-2023-cü il 4/3-4581 saylı məktubla ona Müharibə veteranı adı və vəsiqəsi verməkdən imtina edilmişdir. İddiaçı bildirir ki, o hərbi hava qüvvələri xidmətində olmuş, hava hücumundan müdafiə ilə məşğul olmuşdur. İddiaçı X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1615/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 dekabr 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli, 3-25-4/2-4083/2023 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, arayış məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə 27.09-xx.xx.2020-ci il tarixlərdə xidmətdə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Buna görə də, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-1762/2024 nömrəli məktubundan görünür ki, "Azərbaycan Ordusunun "Vətən Müharibəsi" dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Republikası müdafiə nazirinin 04 mart 2021-ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr 2020-10 noyabr 2020-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir. - iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 4/3-4586 nömrəli imtina məktubdan görünür ki, iddiaçı barəsində təqdim olunmuş arayış məlumata əsasən, döyüş əməliyyatları aparılan dövrdə 27.09xx.xx.2020-ci il tarixlərdə xidmətə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. - iş materiallarına əlavə edilmiş « Müharibə veteranı » və « Azərbaycan Respublikasının müharibə veteranı » vəsiqəsinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış- Məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 1-ci divizionun enerji təminat bölməsində sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətin, əşya əmlakın və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 497 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mingəçevir şəhəri ərazisində N nömrəli hərbi hissənin 1-ci divizionunun enerji təminat bölməsində sürücüelektrik vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətinin əşya əmlakının və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir. İddiaçı məxsus hərbi biletdə "Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarında gedən döyüşlərdə sürücü-elektrik vəzifəsində xidmət etmişdir" qeydi o zaman hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik leytenant Mobil Ovçiyevin səhvi ilə qeyd olunub və bununla əlaqədar olaraq cəzalandırılmışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 472 nömrəli məktubundan görünür ki, İddiaçı "Müharibə Veteranı" adının və müvafiq vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"da baxılmışdır. Məlumat üçün bildirilir ki, döyüş əməliyyatları aparılan dövrdə 27.09xx.xx.2020-ci il tarixlərdə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədə uyğun hesab edilməmişdir. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 1164 nömrəli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş və hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinə ehtiyata göndərilmişdir. İddiaçı arayış məlumatının 4-cü bəndində "Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması" (tarix və əmrin nömrələri göstərilməklə) 16 və 4 nömrəli əmrlər mexaniki səhv olaraq qeyd edilmişdir. - iddiaçıya məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - iddiaçıya məxsus hərbi biletin surəti ; Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 10-cu yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, istinad olunan normaların məzmunundan aydın olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarıyerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir. Cavabdeh orqan imtinasında arayış-məlumatda döyüş əməliyyatları aparılan dövrdə 27.09-xx.xx.2020-ci il tarixlərdə xidmətə olduğu hərbi hissə yerləşdiyi ərazidə döyüş əməliyyatları aparılmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyini qeyd etsə də, iddiaçının məhz hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin arayış məlumatın 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, əsgər rütbəsində olmuş, 1-ci divizionun enerji təminat bölməsində sürücü-elektrik vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı divizionun şəxsi heyətin, əşya əmlakın və silah-sursatın təxliyyəsi üzrə döyüş hesabatına uyğun ayrılmış heyətin tərkibində yük avtomobilinin sürücüsü vəzifəsində fəal iştirak etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki halda cavabdeh iddiaçını arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı adının müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar