Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2862/2023 12.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, hazırda aldığı 854 manat pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-2012-ci illər ərzində Cavabdeh Kolayırr kənd inzibati ərazi dairəsi üzrə İcra Hakimiyyəti nümayəndəsi vəzifəsində işləmiş, 2012-ci ilin yanvar ayının 13-də pensiya yaşının çatması ilə əlaqədar, öz ərizəsinə əsasən, işlədiyi vəzifədən azad olunmuşdur. İşdən azad olunan vaxt müvafiq qanuna uyğun olaraq bir aylıq aldığı pensiyanın altı misli miqdarında ona verilməli olan pulu almamışdır. İddiaçı pensiyaya çıxdığı vaxt onun aylıq pensiya məbləği 299 (iki yüz doxsan doqquz) manat olmuşdur. Hazırda isə 854 (səkkiz yüz əlli dörd) manat pensiya alır, bu müddətdə artım, müvafiq illərdə infilyasiya ilə əlaqədar orta əmək haqqının və ona münasib əmək pensiyalarının artım faizi hesabına olmuşdur. Deməli onun 2012-ci ilin yanvarında aldığı 299 manat pensiya hazırki aldığı 854 manat pensiyaya dəyərcə uyğundur. İddiaçı Bərdə İcra Hakimiyyətinə ərizə ilə müraciət edəndə hazırda aldığı pensiya ilə hesablaşma aparmağı xahiş etsə də, İcra Hakimiyyəti ona 299 manatla hesablanlıb altı ay mislində pul verilməsini bildirmişdir.. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1970-ci il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən öz ərizəsinə əsasən Cavabdeh başçısının Kolayır kənd İƏD-i üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. -Cavabdeh Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3/337 nömrəli məktubundan görünür ki, İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina edilmişdir. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-132445/2023 nömrəli məktubundan görünür ki, pensiya işinə aid sənədlərdə İddiaçı Fondun Bərdə rayon şöbəsi tərəfindən 1 dekabr 2005-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edildiyi, 1 fevral 2012-ci il tarixindən isə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edildiyi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı son iş yeri olaraq Cavabdehndə əmək fəaliyyəti ilə məşğul olmuş və xx.xx.2012-ci il tarixdən öz ərizəsinə əsasən Cavabdeh başçısının Kolayır kənd İƏD-i üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığına görə hazırda aldığı 854 manat məbləğində aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Qanunun:- -1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. -2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. -33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən dövlət qulluqçusu pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxması işin mübahisəsiz halıdır. Odur ki, iddiaçının öz ərizəsi ilə dövlət qulluğundan çıxmasına görə qanunvericilikdə nəzərdə tutulan ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq almaq hüququ mövcud qanunvericiliyin tələbidir. Məhkəmə tələbin qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı pensiyanın 6 misli məbləğinin hazırki pensiyasının məbləğinə uyğun olaraq hesablanıb verilməsini tələb etməkdə haqlı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə də müəyyən olunur ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir, deməli ona ödənilməli olan aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq həmin dövrdəki pensiya məbləğinə uyğun şəkildə ödənilməlidir, çünki iddiaçı həmin dövrdə qeyd olunan məbləği tələb etməmiş, hüququnu reallaşdırmağa cəhd etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın onun xx.xx.2012-ci il tarixdə aldığı pensiya məbləğinə uyğun hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın onun xx.xx.2012-ci il tarixdə aldığı pensiya məbləğinə uyğun hesablanıb ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2862/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2862/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver