Məhkəmə qərarları › İş №2-1(114)-2864/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2864/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2864/2024 02.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus XVİ-JQ 279600 saylı doğum haqqında şəhadətnamədə və həmin şəhadətnamənin verilməsinə əsas olmuş doğum akt qeydində düzəliş edilməsi, ad qrafasında “Almas” qeydinin “Almaz” kimi düzəldilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdehndə qeydə alınmış 96 nömrəli, xx.xx.1959-cu il tarixli doğum akt qeydində düzəliş edilərək ad qrafasında “Almas” qeydinin “Almaz” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmin ərizə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-2864/2024 nömrəli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Tovuz rayonu, Böyük Qışlaq kəndində anadan olmuş, ona məxsus bütün sənədlərdə kimliyi “İddiaçı” kimi qeyd edilmişdir. Hazırda ona məlum olmuşdur ki, doğum akt qeydində adı “Almas” kimi qeyd edilir və bu səbəbdən də o, müəyyən sənədləşmə işləri aparılarkən çətinliklərlə üzləşir. O, ona məxsus doğum akt qeydində düzəliş edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan qeyd olunan düzəlişin edilməsindən imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş imtina rəyində qeyd edilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Cavabdehndə qeydə alınmış 96 saylı xx.xx.1959-cu il tarixli doğum akt qeydində uşaq haqqında məlumat qrafasında ad qrafasında adı “Almas” qeyd olunmuşdur. Ona görə şəxsiyyət vəsiqəsi ilə doğum haqqında şəhadətnamədə ziddiyyət yarandığı üçün Cavabdehndə doğum aktında düzəliş mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının adı “Almaz” kimi qeyd edilmişdir. - iş materiallarına əlavə edilmiş 10 avqust 1959-cu il tarixli, 96 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçının adı “Almas” kimi qeyd edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus 10 avqust 1959-cu il tarixli, 96 nömrəli “Doğum haqqında” akt qeydində sonuncunun adı “Almaz” kimi qeyd edilməli olduğu halda, səhvən “Almas” kimi qeyd edilmişdir. İş materiallarında olan digər hüquqmüəyyənedici sənədlərdən də görünür ki, iddiaçının adı “Almaz” olmuşdur. İddiaçı sözügedən yanlışlığın aradan qaldırılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddiaçı sözügedən doğum haqqında akt qeydində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus 10 avqust 1959-cu il tarixli, 96 nömrəli doğum haqqında akt qeydində adının dəyişdirilərək “Almaz” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus 10 avqust 1959-cu il tarixli, 96 nömrəli doğum haqqında akt qeydində ad qrafasında səhvən qeyd edilmiş “Almas” adının “Almaz” kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar